“Ömürboyu təhsil əmək bazarı ilə təhsil arasında körpü rolunu oynayır” – MÜSAHİBƏ
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Milli Prioritetlərdə insan kapitalının inkişafı və müasir innovasiyalar məkanının formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu kontekstdə “ömürboyu təhsil” konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Universitetlərdə yaradılan Ömürboyu Təhsil Məktəbləri də məhz bu strateji yanaşmanın praktik təzahürüdür.
"Azərbaycan müəllimi" Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərən Ömürboyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmova ilə müsahibəni təqdim edir:
– Milli Prioritetlərdə “ömürboyu təhsil”ə xüsusi yer ayrılır. Bu konsepsiyanın müasir təhsil sistemində rolunu necə qiymətləndirirsiniz?
– Ölkə başçısı tərəfindən təsdiqlənmiş Milli Prioritetlərdə insan kapitalının inkişafı əsas istiqamət kimi müəyyən edilib və bu hədəfə çatmağın ən effektiv yollarından biri məhz ömürboyu təhsildir. Gələcək illərdə reallaşdırılması nəzərdə tutulan “insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinin mühüm komponentlərindən biri kompetensiya, sosial vərdişlər və bacarıqların harmonik inkişafına əsaslanan ömürboyu təhsilə xüsusi önəm verilməsidir.
Ümumiyyətlə, ömürboyu təhsil dedikdə, bir insanın həyatının bütün mərhələlərində iştirak etdiyi təlim fəaliyyətləri nəzərdə tutulur. Bu fəaliyyətlər şəxsi, sosial və ya peşəkar istiqamətdə bilik, bacarıq, səriştə və kvalifikasiyaların davamlı şəkildə təkmilləşdirilməsinə xidmət edir. Bu, təhsilə tamamilə yeni bir yanaşmadır.
– Bu yanaşma ənənəvi təhsil modelindən nə ilə fərqlənir?
– Ənənəvi təhsil modeli daha çox təhsil sisteminin təklif etdiyi proqramlara əsaslanırdı. Ömürboyu təhsil isə əmək bazarının tələblərinə uyğun formalaşır. Bu konsepsiya fərdlərin təhsildən əmək bazarına, əmək bazarından isə yenidən təhsilə maneəsiz şəkildə qayıtmasını təmin edir. Burada formal təhsil ilə yanaşı, qeyri-formal və informal yollarla əldə edilən bilik və bacarıqlar da nəzərə alınır.
Müasir dövrdə artıq formal təhsil sisteminin dəstəyi olmadan öz kompetensiyalarını inkişaf etdirmək bacarığı insanların əsas bacarıqlarından birinə çevrilir. Bu isə dəyişkən və dinamik iqtisadi şəraitə çevik uyğunlaşmaq üçün olduqca vacibdir.
– Qloballaşma və texnoloji inkişaf ömürboyu təhsili nə dərəcədə zəruri edib?
– Əgər prosesə retrospektiv baxsaq, görərik ki, əvvəllər insanlar təhsil alır, uzun illər eyni peşədə çalışır, nadir hallarda ixtisasartırma kurslarında iştirak edirdilər. Dünya iqtisadiyyatı daha stabil idi. Lakin son onilliklərdə texnoloji inkişafın sürətlənməsi, qloballaşmanın dərinləşməsi və beynəlxalq rəqabətin artması bu modeli kökündən dəyişib.
Bu gün peşələr sürətlə transformasiya olunur, bəzi ixtisaslar əmək bazarından çıxır, yeniləri yaranır. Bir zamanlar kifayət edən bacarıqlar artıq yetərli olmur. Bu səbəbdən çalışan şəxslər daim yeni bilik və bacarıqlar əldə etməyə məcbur qalırlar. Ömürboyu təhsil məhz bu ehtiyacdan doğan bir mexanizmdir.
– Ömürboyu təhsil əmək bazarı ilə necə uzlaşdırılmalıdır?
– Əmək bazarı ilə təhsil sistemi arasında daimi qarşılıqlı əlaqə olmalıdır. Yeni ixtisasların yaradılması, mövcud proqramların səriştəəsaslı məzmunla yenilənməsi əmək bazarı araşdırmalarına əsaslanmalıdır. Beynəlxalq təcrübə göstərir ki, informasiya texnologiyaları, robototexnika və “yaşıl iqtisadiyyat”la bağlı peşələr yaxın illərdə daha da aktuallaşacaq.
Bu baxımdan ömürboyu təhsil proqramları da həmin istiqamətlərə uyğunlaşdırılmalıdır.
– Gələcəyin mütəxəssisləri üçün hansı səriştələr əsas hesab olunur?
– Peşədən asılı olmayaraq, tənqidi düşüncə, problemlərin həlli, texnologiyadan istifadə bacarığı, insanlarla işləmək qabiliyyəti və yüksək adaptasiya bacarığı gələcəyin əsas səriştələri sırasındadır. Bundan əlavə, fasiləsiz öyrənmə vərdişi müasir insan üçün əsas keyfiyyətlərdən birinə çevrilir.
– Yaşlı vətəndaşların ömürboyu təhsilə cəlb olunmasını necə qiymətləndirirsiniz?
– Ömürboyu təhsil bütün yaş qruplarını əhatə etməlidir. Əhalinin yaşlanması prosesi fonunda yaşlı vətəndaşların müasir bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları tərəfindən həyata keçirilən qısamüddətli peşə kursları və müxtəlif layihələr mühüm rol oynayır.
– Sonda nə demək istərdiniz?
– Ömürboyu təhsil Prezident tərəfindən təsdiq olunmuş Milli Prioritetlərin reallaşdırılmasında əsas alətlərdən biridir. Universitetlərdə yaradılan Ömürboyu Təhsil Məktəbləri bu strateji baxışın praktik icrasıdır. Məqsədimiz dəyişən dünyaya uyğunlaşa bilən, rəqabətqabiliyyətli və kompetensiyalı insan kapitalının formalaşmasına töhfə verməkdir.
Mingəçevir Dövlət Universiteti ömürboyu təhsili regionun sosial-iqtisadi inkişafına xidmət edən prioritet istiqamət kimi dəyərləndirir və bu sahədə əmək bazarının tələblərinə uyğun, səriştəəsaslı təlim imkanlarının genişləndirilməsini strateji hədəf olaraq müəyyənləşdirir. Universitet gələcək mərhələdə də dövlətin insan kapitalının inkişafına dair siyasətinə uyğun olaraq, müxtəlif yaş qrupları üçün çevik, innovativ və tətbiqyönümlü ömürboyu təhsil proqramlarının həyata keçirilməsini davam etdirməyi qarşıya məqsəd qoyur.



