Günel Səfərova: Zorakı mühitdə böyüyən uşaqlar zorakılığı problemin həll yolu sayırlar
"Uşaq ilk davranış modelini məhz ailədə formalaşdırır. Ailədə aqressiya, zorakılıq, laqeyd münasibət və ya emosional soyuqluq müşahidə olunarsa, bu, birbaşa uşağın davranışına sirayət edir".
Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiə İdarəsinin rəis müavini Günel Səfərova söyləyib.
Onun sözlərinə görə, ailədaxili münasibətlərdə zorakılıq hallarının olması və ya zorakılığa müəyyən hallarda haqq qazandırılması uşağın psixoloji inkişafına ciddi mənfi təsir göstərir: "Belə mühitdə böyüyən uşaqlar zorakılığı problemi həlletmə vasitəsi kimi qəbul edə bilirlər.
Digər mühüm faktor sosial media və rəqəmsal mühitdir. Nəzarətsiz və filtrsiz informasiya axını uşaqlarda yanlış davranış modellərinin formalaşmasına səbəb ola bilər".
G.Səfərova həmçinin bildirib ki, məktəbdaxili münasibətlər, yəni şagirdlərarası ünsiyyət, sosial status mübarizəsi və qrup psixologiyası da zorakılıq riskini artıran amillərdəndir.



