Hansı yaşlarda narkotik maddələrə maraq daha yüksək olur? 

23 Oktyabr, 2026 - 16:58
Hansı yaşlarda narkotik maddələrə maraq daha yüksək olur? 

“Narkotik maddələrə marağın, ilk sınama hallarının və asılılıq riskinin daha yüksək olduğu dövr 12–17 yaş aralığı, xüsusilə 14–16 yaş mərhələsidir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Zöhrə İsmayılova bildirib.

Onun sözlərinə görə, bu dövrdə riski artıran əsas bioloji amillərdən biri beynin müxtəlif hissələrinin fərqli sürətlə inkişaf etməsidir:

“Emosiya, yaddaş, motivasiya və əsas instinktlərlə əlaqəli limbik sistem sürətlə inkişaf etdiyi halda, məntiqi mühakimə, qərarvermə, nəticə çıxarma və sosial davranışın tənzimlənməsinə cavabdeh olan prefrontal qabığın inkişafı hələ tamamlanmır. Bu proses təxminən 25 yaşa qədər davam edir.

Həmin inkişaf fərqi yeniyetmələrdə impulsivliyi, yeni hisslərə marağı və riskli davranışlara meyli artırır. Onlar müəyyən hərəkətlərin nəticələrini hər zaman düzgün qiymətləndirə bilmirlər”.

Z.İsmayılova qeyd edib ki, 12–15 yaş dövründə ilk sınaq riski artır:

“Yeniyetmə yaşıdlarının təsiri ilə siqaret, veyp, spirtli içki və ya narkotik maddələri sınamağa meyil göstərə bilər. Statistik məlumatlarda ilk sınaq hallarının böyük hissəsinin 13–15 yaş arasında baş verdiyi göstərilir.

15–17 yaş isə riskin xüsusilə yüksəldiyi mərhələdir. Bu dövrdə müstəqillik istəyinin artması, ailədən kənarda daha çox vaxt keçirmək, gecə həyatı və müxtəlif məclislər, imtahan stresi, emosional münasibətlər kimi amillər yeniyetmənin davranışına təsir göstərə bilər”.

Dosent əlavə edib ki, ailə və sosial mühit də riskin artmasına və ya azalmasına ciddi təsir edir:

“Ailədaxili gərginlik, valideynlə uşaq arasında açıq ünsiyyətin olmaması, yeniyetmənin problemlərini evdə bölüşə bilməməsi, həddindən artıq sərt və avtoritar münasibət, yaxud əksinə, tam laqeydlik risk amilləridir”.