Riyaziyyatı mənə atam sevdirib - Şagirdlərin uğur yolu
Bu gün məktəb, gimnaziya və liseylərimizdə kifayət qədər istedadlı şagird təhsil alır. Bu şagirdlərin uğur yolu digər yaşıdlarına örnək və stimuldur. Eyni zamanda bu şagirdlər gələcəyin ən yaxşı mütəxəssisi olmağa namizəddir.
“Azərbaycan müəllimi” olaraq belə şagirdləri oxuculara tanıtmağa davam edirik.
İlk olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində İngilis dili təmayüllü gimnaziyanın 6-cı sinif şagirdi Möhsün Cəfərlinin uğur yoluna nəzər salaq. Yaşının az olmasına baxmayaraq, indidən özünü təsdiqləyib.
Möhsün 3-cü sinifdən Amerika Riyaziyyat Olimpiadasında (AMO) iştirak etməyə başlayıb. Bu olimpiadada indiyə qədər 3 qızıl, 1 gümüş medal qazanıb. Bu il isə Azərbaycan üzrə dərəcə əldə edərək, ölkə 4-cüsü olub.
Muxtar Respublikada keçirilən Nəsirəddin Tusi adına II Fizika-riyaziyyat olimpiadasının final turunda 2-ci yeri tutub. Roof akademiyasının proqramlaşdırma dərsləri üçün imtahanın test və müsahibə mərhələlərindən uğurla keçərək təqaüd əldə edib və hazırda C++ proqramlaşdırma dərslərində iştirak edir. O həmçinin Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasında final mərhələsinə yüksəlib.
Bu il yaşı uyğun gəldiyi üçün ilk dəfə olaraq Respublika Fənn Müsabiqəsindən riyaziyyat üzrə qeydiyyatdan keçib və yarışda iştirak edəcək. Yarışda uğur qazanacağına əmin olan şagird deyir ki, ona riyaziyyatı sevdirən atası olub: “Atam riyaziyyat müəllimidir, mən də bu fənni ilk dəfə ondan öyrənmişəm. Bəzən mənə qaranlıq gələn misallar haqqında evdə atamdan soruşuram. Riyaziyyatda özümə aid metodum da var. Misal üçün, ƏBOB və ƏKOB tapmaq kitablarımızda çətin izah edilib. Atam mənə daha asan yol öyrədib ki, o yolla daha tez bilirəm. İnformatika fənninə də marağım çoxdur”.
Bəs yarışlara necə hazırlaşır? Möhsün qeyd edir ki, ilk olaraq bunun üçün hədəf olmalıdır: “Nə qazanacağımı, hansı medal istədiyimi bilməliyəm. Daha sonra imtahan üzərində işləməli, özümü gücləndirməliyəm. Dərsimi çox oxuduqca medal almağa daha da yaxınlaşıram”.
Möhsün kompüterdən də rahat şəkildə istifadə edir, bir çox proqramları bilir. Əmisi kompüter mühəndisi olduğu üçün “ona baxdıqca bu sahəyə marağım daha da artır” deyir. Gələcəkdə isə informasiya təhlükəsizliyi üzrə mütəxəssis olmaq istəyir.
Onun yaşıdlarına da tövsiyələri var: “Yaşıdlarım hədəflərinə çatmaq üçün çalışmalı, ən əsası bu çalışmağı düzgün bölməlidirlər. Çünki bölgü səhv olsa, bir şey qazanmaq olmaz”.
Gimnaziyanın ən uğurlu şagirdlərindən biri də 10-cı sinif şagirdi Rüqayyə Hüseynlidir. Bu ad bəlkə də çoxlarına tanış gəlir. Biz Rüqayyəni 2025-ci il (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimal nəticə göstərən 9 şagirddən biri kimi tanıyırıq. O, Naxçıvan Muxtar Respublikası üzrə 300 bal toplayan yeganə məzun olub. Gimnaziyaya isə 8-ci sinifdə imtahan verərək ikinciliklə qəbul olub. “Birinci olmaq necə hissdir?” soruşuruq. Deyir ki, bu uğurda müəllimləri ilə birlikdə aylarla əmək var: “Bu əməyin qarşılığını verdiyim, müəllim və valideynlərimin gözləntilərini doğrultduğum üçün qürur hissi keçirdim. Çalışıram ki, nizam-intizamımla bu uğuru davam etdirim. Çünki qarşıda 11-ci sinif buraxılış və qəbul imtahanı var. Bu isə mənim həyatım üçün önəmlidir. Məsuliyyətimi itirmədən çalışaraq istədiyim nəticəni əldə edib, istədiyim universitetdə tələbə olmaq arzusundayam”.
Arzusu isə I ixtisas qrupu üzrə, gələcəyin peşələrindən olan kompüter və ya Aİ mühəndisi olmaqdır: “Bu sahə günümüzdə ən inkişaf edən və öndə gedən sahələrdən biridir. İstəyirəm ki, yeniliklər davam etdikcə mən də bu yeniliklərin içində olum, dövrlə ayaqlaşa bilim. Beləliklə də ölkəmə daha çox xeyir verə bilərəm”.
Rüqayyə deyir ki, imtahanda qazanmaq üçün, sistemli və intizamlı çalışmaq əsas şərtdir: “Şagird nəyi təkrarlayacağını, mənimsəyəcəyini bilərsə və qarşısına bir məqsəd qoyarsa uğura daha yaxın olur. Süni intellekdən də müəyyən zamanlarda istifadə edirəm, məncə, onun verdiyi imkanlardan istifadə etmək ağıllı yanaşmadır”.
İstedadlı şagird magistr təhsilini xaricdə oxumaq istəyir. Rəsm çəkməyi çox sevsə də, bunu sadəcə hobbi olaraq edir.
Bizimlə o qədər rəvan və axıcı danışırdı ki, mütləq bədii ədəbiyyat oxuyur deyə düşündük və yanılmadıq da: “Vaxt elədikcə bədii ədəbiyyat oxumağa çalışıram. Gündə 10-15 səhifə oxumaq belə nitqimə kömək edir. Bu yaşlarda dərk etmək lazımdır ki, qarşımızda imtahan var və bu, həyatımızın həlledici məqamlarındandır. Yaşıdlarım bunun məsuliyyətini dərk etməli, özünüinkişafa doğru yönəlməlidir”.
Hər iki şagirdin qarşısında uzun yol var, amma nümunəvi təhsilləri ilə bu yolu maneəsiz gedəcəklər. Bu uğurları onları gələcəyin seçilən peşə sahibi etməyə bir addım daha yaxınlaşdırır.



