Hər biri bir uğur hekayəsinin qəhrəmanıdır – peşəni seçənlər  

22 Dekabr, 2025 - 14:50
Hər biri bir uğur hekayəsinin qəhrəmanıdır – peşəni seçənlər  

Xəyal Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İnteryer dizayn” ixtisası üzrə təhsil alır. IX sinifdən peşə təhsilinə üz tutub: “Dizayn üzrə təhsil ala biləcəyim bir yer axtarırdım. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peșə Təhsil Mərkəzində belə bir ixtisas olduğunu gördüm. Ən yaxşı peşə təhsili müəssisələrindən biri olduğu üçün burada oxumağa qərar verdim. Peşə təhsilini  bitirəndən sonra universitetdə də oxumaq istəyirəm. Texnologiyaya olan marağımı interyer sahəsinə yönəldəcək, bu istiqamətdə bacarıqlarımı inkişaf etdirəcəyəm”.

Arzuları hələlik, sadəcə universitetə qədər gedib çıxan bir gənc. Təxəyyülünün sərhədləri daha genişdir. O qədər genişdir ki, öz adına bir telefon dizayn edib: “Smartfon yaratdım. Adını da “XDream4” qoydum. “X” adımın azərbaycanca baş hərfi, “dream” ingiliscə tərcüməsidir”.

Xəyal Ağayev uşaqlıqdan texnologiyaya maraq salıb. Peşə təhsili müəssisəsində bu marağını inkişaf etdirib. “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” layihəsi ilə isə marağını brendə çevirib, ideyasını reallaşdıran 23 gəncdən biridir.

3 peşə təhsili müəssisəsində 23 nəfər seçildi

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” adlı layihəsi yekunlaşıb. Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə 3 peşə təhsili müəssisəsindən seçilən ümumilikdə 23 nəfərlə təxminən bir il əvvəl çıxılan yolun sonuna gəliblər.

Pilot layihə çərçivəsində 3 aparıcı peşə təhsili mərkəzi – Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi seçilib. 

Peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına xidmət etmək məqsədilə başlayan proses başa çatsa da, pilot layihə olaraq start götürən bu işi davam etdirmək niyyətindədirlər. Proses boyunca görülən işlərdən danışan “Azərbaycan jurnalistlər şəbəkəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Ayaz Mirzəyev “Azərbaycan müəllimi”nə müsahibəsində gənclərdə peşə təhsilinə marağın yaradılmasının vacibliyini qeyd edib. Peşə təhsilinin əhəmiyyətinin fərqinə yeniyetmə və gənclərin də varması üçün belə bir layihəyə ehtiyac olduğunu vurğulayıb: “Layihəni peşə təhsili alan gənclərlə birlikdə həyata keçirdik. Əvvəlcə peşəkar təlimlər təşkil edib, onları öz peşəsində uğurlu insanlarla görüşdürdük, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, hədəf auditoriyasının diqqətini çəkə bilən tanınmışlarla görüşlər keçirib, gələcək peşə karyerasını qurmaları üçün zəruri məsləhətlər almalarına şərait yaratdıq. Aralarında kino, dizayn, moda sahələrində, ingilis dili biliyi üzrə mütəxəssislər, virtual dünyada öz brendini yaradan, ən çox satış təşkil edən şəxslərin, blogerlərin olduğu tanınmışların gənclərlə ünsiyyəti faydalı oldu”.

Layihə iştirakçıları belə seçilib

İstək bəlli, məqsəd konkret olub: həqiqətən peşə sahibi olmaq istəyənlərə öz peşəsini sevənlər bələdçilik edəcək, uzaq sayıla biləcək yolları yaxınlaşdıracaqlar. Ancaq birdən-birə hər kəslə bunu etmək mümkün deyil. İlk mərhələdə bunu 18 tələbə ilə başlamaq planlaşdırılıb. 3 müəssisədən daxil olan saysız-hesabsız müraciət arasından sadəcə 18 tələbə seçmək o qədər də asan olmayıb: ““Müraciət formu” hazırlayıb peşə təhsil mərkəzlərinin tələbələrinə payladıq. Cavablar arasından ən uğurluları olmaqla, hər müəssisədən 6 tələbə seçdik. Həmin peşə mərkəzlərinin hər birindən 1 nəfər də PR və kommunikasiya mütəxəssisi dəvət etdik. Çünki tələbələri, onların fəaliyyətini mərkəzlərin ictimaiyyətlə əlaqələr şöbələri təbliğ etməli, paylaşmalı idi. UFAZ-da onlar üçün 2 günlük təlimlərimiz oldu. Təlimlərdən sonra tələbələrə tapşırıqlar verildi. Onlar həmin tapşırıqları onlayn qaydada yerinə yetirdilər”.

Peşə təhsili sonuncu yol deyil

Bu ilin fevral ayında başlayan layihə 6 ay ərzində - yəni peşə təhsili müəssisələrinə qəbul prosesi başlayana qədər yekunlaşmalı idi. Həmin 6 ay ərzində həm peşə təhsilini seçənlərə uğurlu karyera qurmaları üçün kömək ediləcək, həm də daha böyük bir auditoriyaya xitab edəcək işlər görüləcəkdi: “Təlimçi və tələbələrin verdiyi müsahibələr əsasında motivasiya xarakterli videoçarxlar hazırladıq. Peşənin mahiyyətini anladan, peşəyə niyə üstünlük verilməli olduğunu izah edən videoçarxlar geniş kütləyə çatdı. Təbliğatımızın mərkəzində peşə təhsilini anlatmaq, insanları onun gəlir gətirən sahə olduğuna inandırmaq dayanırdı. İnsanlara demək istəyirdik ki, indi dünya dəyişib, peşə təhsili yolun sonu, edilə biləcək sonuncu seçim deyil, əksinə peşə yüksək karyera yolunda çox əhəmiyyətlidir”.  

Layihə iştirakçıları əldə etdikləri bacarıqları təsdiq edən sertifikat aldılar

“Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” layihəsinin bağlanış mərasimi olub. Elm və Təhsil Nazirliyinin rəsmilərinin də qatıldığı tədbirdə layihə icraçıları, mentorlar iştirak edib, layihənin uğurlu iştirakçılarına sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova Elm və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan təşəbbüsə qoşulan gənclərə, mentor kimi fəaliyyət göstərən peşəkarlara təşəkkür edib: “Layihə artıq fəaliyyətinizdə öz izini qoyub və bununla da həyatınızda dəyişiklik etmisiniz. Layihə elə düşünülüb ki, adı peşə təhsilinə dəstəyi ehtiva etsə də, mahiyyətcə bir sıra vacib peşə bacarıqlarını inkişaf etdirməyi nəzərdə tutub. Burada təbliğat, təqdimetmə bacarıqlarının inkişafı ilə yanaşı, özünə inanmaq hissinin formalaşdırılmasından da söhbət gedir ki, bu, çox vacibdir. Bu, bir həqiqətdir ki, insanın özünə, yaratdığına inamı olduqdan sonra  öz bacarığını başqasına ötürməyi asanlaşır. Hesab edirəm ki, layihənin seçim mərhələsində qalib gəlmək hər birinizdə məhz bu hiss formalaşdırıb.  Prosesin davamında aldığınız təlimlərlə bunu inkişaf etdirmək çətin deyil”.

Layihənin mexanizmini yüksək qiymətləndirən sektor müdiri deyib: “Bu mexanizmin sistemli və davamlı yol xəritəsi müəyyənləşdirilib. Növbəti mərhələdə təlimlərdə iştirak edən tələbələrin sahibkarlıq bacarıqları ortaya çıxacaq ki, bu da çox əhəmiyyətlidir”.
 
Əməkdaşlığa əsaslanan dostluqlar qurublar

Sertifikat alanlar arasında maraqlı gənclər var. Ən önəmlisi isə onlar arasındakı əməkdaşlıqdır. İştirakçı gənclərlə tanışlıqdan görünən odur ki, layihə çərçivəsində əməkdaşlığa əsaslanan dostluqlar qurublar. 

Məsələn, moda dizaynı üzrə təhsil alan Aysel Alıyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir: “Layihə çərçivəsində təlimlərə qatıldım və burada öz sənətimizi ən yaxşı necə təqdim edəcəyimizi öyrəndim. Öz brendimi yaratmaq istiqamətində ilk addımımı atdım. Yaratdığım, düzəltdiklərimin satışını təşkil etməyi, təbliğatını necə aparacağımı öyrəndim. İndi mənim öz brendim var. Hazırladığım eskizləri süni intellektlə canlandırmışam. Hətta bu, mənim yeni marağımdır. Süni intellekt sahəsində özümü inkişaf etdirmək istəyirəm. Milli ruhu daşıyan, müasir dizaynda hazırlanan ev əşyaları, cehizlik kimi təqdim etdiyim əşyalar, keramika məhsulları, kişi və qadın geyimləri, aksesuarların satışını təşkil etdiyim internet məkanım var. Xüsusi əl işləri, özünəməxsus dizaynda hər kəsin öz evində istifadə edə biləcəyi əşyaları təqdim etmək bacarığına sahib oldum”.

Bütün bu nümunələri, əl işlərini təqdim edəcəyi sözügedən həmin virtual məkanı onun üçün təmin edən özü kimi bir peşə təhsili tələbəsidir.

Eyni peşə təhsili müəssisəsində təhsil alsalar da, layihə çərçivəsində tanış olan gənclərdən biri məhsullarını yaradıb, o birisi onun əl işlərini təqdim edəcəyi saytı yaradıb.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb-dizayn və proqram təminatı” ixtisasının II kurs tələbəsi Abdullah İbrahim süni intellektlə tələbə yoldaşına sayt qurub. 

Nurcan Süleymanzadə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. O, Qarabağ bölgəsinə aid “Qasımuşağı” çeşnisini assimetrik kostyum üzərində işləyib. “Hər detal əl işidir”, - deyir.

“Peşə təhsilinin inkişafına dəstək” layihəsi peşəni seçən gənclərə öz şəxsi bizneslərini formalaşdırmaları, bu sahədə uğur qazanmaları üçün dəstək göstərdi. Nəticə ürəkaçan oldu. Seçilərək təlimlərə qatılan gənclər arasında öz məhsulunu, brendini yaradan, hətta satışına başlayanlar var. 6 aylıq layihənin sonunda təlimlərə qatılan gənclərin hər biri indi bir uğur hekayəsinin qəhrəmanıdır.

Hər biri bir uğur hekayəsinin qəhrəmanıdır – peşəni seçənlər  
Hər biri bir uğur hekayəsinin qəhrəmanıdır – peşəni seçənlər