"Hər cəhd insanı qarşıya qoyduğu məqsədə yaxınlaşdırır" - DP qalibi
Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq Azərbaycan gənclərinə yalnız beynəlxalq akademik mühitdə bilik və təcrübə qazanmaq deyil, həm də fərqli yanaşmaları öyrənmək, peşəkar əlaqələr qurmaq və gələcək karyera üçün yeni imkanlar əldə etmək şansı verir. Bu baxımdan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” gənclərin dünyanın aparıcı universitetlərində təhsil almasına mühüm dəstək göstərir.Proqramın imkanlarından yararlanan gənclərdən biri də Səyad Ələkbərovdur.
"Azərbaycan müəllimi" oxucuları Səyad Ələkbərovla yaxından tanış edir.
Akademik göstəriciləri, beynəlxalq təcrübəsi və elmi fəaliyyəti ilə seçilən Səyad Ələkbərov təhsil yolunda növbəti mühüm mərhələyə qədəm qoyub. O, ABŞ-nin Merilend Universitetinin (University of Maryland, College Park) İctimai Siyasət Məktəbində (School of Public Policy) “İctimai siyasət” (Public Policy) ixtisası üzrə doktorantura təhsili alacaq.
Gədəbəy rayonunda anadan olan Səyad Ələkbərov orta təhsilini Sumqayıt şəhərindəki 39 nömrəli tam orta məktəbdə fərqlənmə attestatı ilə ilə başa vurub. 654,2 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis dilində tədris olunan “Hüquqşünaslıq” ixtisasına qəbul olunan Səyad bakalavr təhsilini də fərqlənmə diplomu ilə tamamlayıb.
Universitet illərində onun fəaliyyətində beynəlxalq təhsil və mübadilə imkanları xüsusi yer tutub. ABŞ Dövlət Departamentinin SUSI (Study of the U.S. Institutes) proqramının təqaüdünə layiq görülən Səyad Ələkbərov Vaşinqton Universitetində (Seattle) mübadilə proqramında iştirak edib. O, eyni zamanda "PAŞA Holding" tərəfindən keçirilən "Əlaçı" təqaüd proqramının qalibi olub, MUN (Model United Nations) və MOIC konfranslarında iştirak edib və bir sıra tədbirlərdə uğurlu nəticələri ilə fərqlənib.
Bakalavr təhsilindən sonra akademik yolunu ABŞ-da davam etdirən Səyad Ələkbərov Çikaqo Universitetinin Harris İctimai Siyasət Məktəbində (Harris School of Public Policy) “Dövlət siyasəti” ixtisası üzrə magistratura təhsili alıb. 2025-ci ildə Vaşinqtonda Dünya Bankının layihəsi çərçivəsində təcrübə keçib.
2026-cı ilin iyununda Maliyyə və siyasət (Finance & Policy), Bazarlar və tənzimləmə (Markets & Regulation) ixtisaslaşmaları üzrə “Dövlət siyasəti” magistr (Master of Public Policy) dərəcəsini əldə edib.
Magistratura dövründə də elmi və peşəkar fəaliyyətini davam etdirən Səyad Ələkbərov Çikaqo Universitetinin təqaüdünə layiq görülüb və bir sıra müəllimlərin assistenti, elmi tədqiqat köməkçisi kimi fəaliyyət göstərib.
Dövlət Proqramı çərçivəsində doktoranturaya qəbulunun onun üçün gözlənilməz olmadığını deyən Səyad Ələkbərov bu inamın əvvəlki təcrübəsinə əsaslandığını bildirir. O,magistr təhsilini də Dövlət Proqramı çərçivəsində aldığı üçün müraciət və seçim prosesinin bütün mərhələləri ilə artıq tanış olduğunuqeyd edir. Bu təcrübə ona ikinci müraciət zamanı daha hazırlıqlı olmağa, hansı məqamlara diqqət yetirməli olduğunu daha düzgün müəyyənləşdirməyə imkan verib.
Səyyadın fikrincə, əldə olunan nəticə təsadüfi deyil, uzunmüddətli və ardıcıl səylərin nəticəsidir. Akademik göstəricilər, beynəlxalq təcrübə, elmi fəaliyyət və peşəkar inkişafın birlikdə formalaşdırdığı portfel onun növbəti akademik mərhələyə hazırlaşmasına mühüm zəmin yaradıb.
Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyə verən Səyad Ələkbərov, ilk növbədə, prosesə erkən başlamağın vacibliyini vurğulayır. Onun sözlərinə görə, dil imtahanları, tövsiyə məktubları, sənədlərin hazırlanması, uyğun universitet və proqramların seçilməsi vaxt tələb edir və bu mərhələlərin son ana saxlanılması düzgün deyil.
O, gənclərə yalnız yüksək qiymətlərə fokuslanmamağı, beynəlxalq mübadilə proqramlarında, elmi-tədqiqat fəaliyyətində, təcrübə proqramlarında və müxtəlif konfranslarda iştirak etməyi tövsiyə edir. Bu cür fəaliyyətlər həm şəxsi inkişaf, həm də universitetlərə müraciət zamanı namizədin daha dolğun akademik və peşəkar profilinin formalaşması baxımından əhəmiyyətlidir.
Səyad Ələkbərov uğursuzluqları da inkişaf yolunun bir hissəsi kimi qiymətləndirir. Onun fikrincə, rədd cavablarından qorxmaq lazım deyil.Bildirir ki, hər cəhd insana yeni təcrübə qazandırır və qarşıya qoyulan məqsədə yaxınlaşdırır. Əsas olan isə məqsədyönlü və səbirli şəkildə fəaliyyət göstərməkdir.
Gələcək hədəflərindən danışan Səyad Ələkbərov xaricdə əldə edəcəyi bilik və təcrübəni gələcəkdə Azərbaycanda dövlət idarəetməsi və siyasəti sahəsinin inkişafına töhfə vermək üçün istifadə etməyi planlaşdırır. O, xaricdə təhsil imkanını yalnız şəxsi inkişaf vasitəsi deyil, eyni zamanda ölkəyə faydalı bilik və təcrübə qazanmaq üçün mühüm fürsət kimi qiymətləndirir.




