Həyat yolları ayrılsa da, məktəb onları 24 il sonra yenidən bir araya gətirdi
Bəzən insanın ömründə elə ünvanlar olur ki, illər keçsə də, zaman o yerlərin üzərindən səssizcə ötüb keçə bilmir. Həmin ünvanlar yaddaşın ən işıqlı guşəsində qalır, bir gün yenidən qapısını açanda isə insan özünü illərin o tayında, uşaqlığının qoynunda hiss edir.
Lənkəran rayonu şəhid Teymur Zamanov adına Ürgə kənd tam orta məktəbinin 1991–2002-ci tədris illərində bu məktəbdə oxuyan məzunları da 24 ildən sonra məhz belə bir hissi yaşayıblar. 2002-ci ildə məktəblə sağollaşan sinif yoldaşları 2026-cı il iyulun 7-də yenidən doğma məktəblərində bir araya gələrək ötən illərin xatirələrini vərəqləyiblər.
İllər əvvəl məktəbin həyətində birgə oynayan, eyni partanı bölüşən, eyni müəllimlərin dərs dediyi uşaqlar bu dəfə müxtəlif peşələrin nümayəndələri kimi görüşə gəliblər. Aralarında jurnalist də var, müəllim də, müxtəlif sahələrdə çalışan mütəxəssislər də. Amma onları birləşdirən ən böyük dəyər uşaqlıq və məktəb illərinin ortaq xatirələridir.
“Müəllim kimi şagirdlərimin gələcəkdə uğurlu olacağını hiss edirdim”
Görüş iştirakçıları, təkcə məzunların deyil, onları həyata hazırlayan müəllimlərin də yaddaşında silinməz izlər buraxan o gün haqqında təəssüratlarını, eləcə də xatirələrini "Azərbaycan müəllimi" ilə bölüşüblər. Sinfin ibtidai sinif müəllimi Şarud Qurbanova həmin günləri belə xatırlayır:
“Birinci sinfə qədəm qoyduqları günü bu gün də çox yaxşı xatırlayıram. Onlar balaca, utancaq, eyni zamanda maraq dolu uşaqlar idilər. Hər birinin öz xarakteri, öz dünyası vardı.İlk günlərdən dərsə böyük həvəslə yanaşan, fəallığı və məsuliyyəti ilə seçilən şagirdlər kimi tanındılar.Müəllim kimi şagirdlərimin gələcəkdə uğurlu olacağını hiss edirdim”.
Bu gün də şagirdlərinin nailiyyətlərini izləyən müəllim üçün ən böyük mükafat onların cəmiyyətdə layiqli yer tutduğunu görməkdir: “Şagirdlərinin həyat yolunu izləmək, onların yaxşı insan və peşəkar mütəxəssis kimi yetişdiyini görmək müəllim əməyinin ən gözəl bəhrəsidir”.
İllər insanların simasında iz qoysa da…
Görüşün əsas təşəbbüskarı və təşkilatçılarından biri olan jurnalist Aidə Şəfəqqətova üçün bu gün sadəcə məzun görüşü deyil, uşaqlıq illərinə edilən mənəvi bir səyahət olub.
O, sinifin ən kiçik şagirdlərindən biri olduğunu xatırlayaraq həmin gün yaşadığı duyğuları təbəssümlə yada salır: “Parta yoldaşım Aslanla boyca balaca idik deyə həmişə ön cərgədə oturmuşuq. 24 il idi ki, onu görməmişdim. Görüşdə zarafatla dedim ki, Aslan, bizə demişdilər böyüyəcəksiniz. Sən böyüdün, mən isə yox”.
Aidə Şəfəqqətovanın sözlərinə görə, görüşü təşkil etməzdən əvvəl ən çox düşündüyü məqamlardan biri uzun illərdir görmədiyi sinif yoldaşlarını və müəllimlərini tanıyıb-tanımayacağı olub. Lakin görüş zamanı anlayıb ki, illər insanların simasında iz qoysa da, onların daxilindəki səmimiyyəti dəyişə bilmir:
“24 il öncə necə sağollaşmışıqsa, sanki elə də qalmışıq.Həminki mehribanlıq, səmimiyyət, uşaq saflığı hər birimizdə qalır”.
Məktəb illərini insan ömrünün ən saf və təmiz dövrü hesab edən jurnalist müəllimlərini böyük minnətdarlıqla xatırlayır. O, ilk müəllimi Şarud müəllimin qayğısını və sevgisini heç vaxt unutmadığını bildirir:“İlk müəllimimin xətri məndə ayrıdır. Onun qayğısı, sevgisi əvəzolunmazdır”.
Aidə Şəfəqqətova məktəb illərində onun bacarıqlarını üzə çıxaran, müxtəlif müsabiqə və olimpiadalara yönləndirən müəllimlərinin həyatında mühüm rol oynadığını deyir. Xüsusilə mərhum direktor İbad Azadovun və tarix müəllimi Elşən Qafarovun adını ehtiramla çəkir. Onun sözlərinə görə, məhz müəllimlərinin etimadı və dəstəyi gələcək peşə seçimində mühüm rol oynayıb:“İbad müəllim məni müxtəlif qiraət müsabiqələrinə, olimpiadalara yönləndirirdi. Tarix müəllimim Elşən Qafarov isə dərsdən sonra bizə təmənnasız hazırlıq keçirdi. Mənə tarixi o qədər sevdirmişdi ki, bir vaxtlar tarixçi olmağı düşünürdüm”.
Məktəb illəri xatirələrlə dəyərlidir
Hazırda kimya-biologiya müəllimi kimi çalışan Aygün Surətzadə isə görüşün onu bir neçə saatlıq da olsa, qayğısız uşaqlıq illərinə apardığını deyir: “Bir neçə saat da olsa qayğısız bir gün yaşadım”.
Onun sözlərinə görə, bu görüş bir daha göstərir ki, insan həyatının hər dövrünün öz gözəlliyi var. Məzun hesab edir ki, məktəb illəri yalnız dərs və qiymətlərlə deyil, həm də dostluq, ünsiyyət və xatirələrlə dəyərlidir.
Aygün müəllim onların savadlı, istedadlı və vətənpərvər insanlar kimi formalaşmasında müəllimlərinin əvəzsiz rolunu xüsusi qeyd edərək ilk müəllimi Şarud Qurbanovanın əməyini minnətdarlıqla xatırlayır.
Məzun dünyasını dəyişmiş müəllimi Tehranə Axundovanı da böyük ehtiramla yada salır. Onun sözlərinə görə, müəllimin söylədiyi bir fikir həyatının əsas prinsipinə çevrilib: “O həmişə deyirdi ki, savadlı olmaq olar, amma insan ola bilmək hər adamın işi deyil. İlk işimiz insan ola bilməkdir”.
Bu gün özü də müəllim kimi fəaliyyət göstərən Aygün Surətzadə həmin sözləri həyat yolunun əsas istiqaməti hesab edir.Məzun həmçinin məktəbin tanınmış pedaqoqlarından biri olan Ələkbər Qurbanovu da xüsusi hörmətlə xatırlayaraq onu “Ürgə məktəbinin sütunu” adlandırır.
“Bir anlıq o qayğısız, saf uşaqlıq illərimə qayıtdım”
Məzun Zahidə Məmmədova isə 24 ildən sonra doğma məktəbdə sinif yoldaşları ilə bir araya gəlməyin onda xüsusi duyğular yaratdığını söyləyir: “Bir anlıq o qayğısız, saf uşaqlıq illərimə qayıtdım”.
Zahidə Məmmədova görüşün ən təsirli anlarından birinin illərlə sinif rəhbərləri olmuş Əlifağa Fətəliyevi ziyarət etmələri olduğunu bildirir.
Məzun hesab edir ki, şagirdlərin məktəbdə qazandıqları nüfuzunun və formalaşan müsbət keyfiyyətlərinin təməlində ilk müəllimləri Şarud müəllimin zəhməti dayanır. Onun sözlərinə görə, müəllimin tələbkarlığı, qayğıkeşliyi və fədakarlığı sayəsində bu sinif illər keçsə də müəllimlərin yaddaşında nümunəvi bir sinif olaraq qalıb.
“Bütün məktəb məni Azad yox, Xanış kişi kimi tanıyırdı”
Digər bir məzun Azad Həşimovun sözlərinə görə, sinif yoldaşlarının ona göstərdiyi doğmalıq qısa zamanda kollektivə uyğunlaşmasına şərait yaradıb.Vaxti ilə məktəb tədbirlərində və tamaşalarda fəal iştirak etmiş məzun həmin illəri xüsusi nostalji hisslərlə xatırlayır. O deyir ki, məktəbdə nümayiş etdirilən tamaşalardan birində canlandırdığı “Xanış kişi” obrazı ona məktəbdə böyük şöhrət qazandırmışdı:“Bütün məktəb məni Azad yox, Xanış kişi kimi tanıyırdı”.
Məzun hesab edir ki, belə görüşlər insanları yalnız keçmişə aparmır, həm də dostluq bağlarını yenidən möhkəmləndirir.
41 yaşını sinif yoldaşları və müəllimləri ilə birlikdə qeyd edib
Məzunlardan Arzuman Qurbanov üçün isə görüşün başqa bir özəlliyi var, çünki doğum gününə təsadüf edirdi. O, 41 yaşını sinif yoldaşları və müəllimləri ilə birlikdə qeyd etməsini həyatının ən yaddaqalan anlarından biri hesab edir. “Orada olanların hər biri uşaqlıq illərimin bir parçası idi”, – deyə o bildirir.
Məzun məktəb illərinə dair ən gözəl xatirələrindən birinin də ilk müəllimi ilə bağlı olduğunu söyləyir. Onun ilk müəllimi anası olub: “Birinci sinifdə dərsin ilk günlərində müəllimə bir neçə dəfə "mama" dediyim üçün anam mənə çox əsəbiləşmişdi”, – deyə o, gülərək xatırlayır.
Arzuman məktəb illərində siniflərində hökm sürən sağlam rəqabətin onların uğurlarında mühüm rol oynadığını vurğulayır. Onun sözlərinə görə, hər kəs daha yaxşı oxumağa, müəllimlərin etimadını qazanmağa çalışırdı.O, məktəbdə qazandığı ən böyük həyat dərsinin dürüstlük olduğunu bildirərək əlavə edir ki, insanı illər sonra da hörmətlə yaşadan məhz bu keyfiyyətdir.
Hər birinin həyat yoluna işıq salan məktəb
Görüş zamanı xatirələr bir-birini əvəz edib. Müəllimlər yada salınıb, köhnə şəkillər vərəqlənib, məktəb illərinin şirin xatirələri bölüşülüb.İllər əvvəl eyni sinifdə əyləşən uşaqlar bu gün həyatın müxtəlif yollarından keçərək yenidən eyni məkanda toplaşıblar.
Bəli, məktəb dostluqların yarandığı, xarakterlərin formalaşdığı, insanın ömürboyu özü ilə daşıdığı xatirələrin doğulduğu məkandır. İllər keçir, zaman insanları müxtəlif ünvanlara aparır, amma uşaqlığın qaldığı ünvan dəyişmir. O ünvan isə Ürgə məktəbinin məzunları üçün bu gün də eyni doğmalıqla qapılarını açır. Burada keçən illər sadəcə xatirə deyil, hər birinin həyat yoluna işıq salan bir məktəb ömrüdür.




