İdman bizi həm intizamlı, həm də özünəinamlı edir – Avrasiya çempionları 

27 Fevral, 2026 - 15:43
İdman bizi həm intizamlı, həm də özünəinamlı edir

Müxtəlif ölkələrin bayraqları, tribunalarda azarkeşlər, həyəcan və qələbə əzmli idmançılar. Bakıda keçirilən AIGA təşkilatının qrapplinq üzrə ilk Avrasiya çempionatı idman aləmində böyük maraqla qarşılanıb. 30-dan çox ölkədən 700-dən artıq idmançının qatıldığı çempionat sözün əsl mənasında güc, taktika və iradə savaşına çevrilib. Sevindirici hal odur ki, Azərbaycan qrapplinq sahəsində artıq beynəlxalq arenada söz sahibinə çevrilib.

“Azərbaycan müəllimi” çempionatda diqqət çəkən komandalardan biri - Naxçıvanı təmsil edən “Turan” Döyüş Klubunun üzvlərini oxucularla tanış edir. 

Məlumat üçün bildirək ki, yarışa baş məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə 15 idmançı qatılıb. Komanda Avrasiya çempionatını 2 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub.

Qələbəyə gedən yol

İdmançılarını məhz qalib olmaq üçün yetişdirən Xəyal Abdullayev universal döyüş üzrə dünya ikincisi və Avropa çempionudur. Azərbaycan Respublikasının İdman ustası adına layiq görülüb. 2015-ci ildən isə məşqçilik fəaliyyəti ilə məşğul olur. 2016-ci ildə “Turan” Döyüş Klubunu quran məşqçi 2019-2025-2026-cı illərdə ilin ən yaxşı məşqçisi seçilib. 

Baş məşqçi deyir ki, klubda hazırda 100-dən çox idmançı qrapplinq, MMA və kikboksinq idman növləri ilə məşğul olur. 30-a yaxın Azərbaycan çempionu və beynəlxalq yarışların qalibi və mükafatçısı olmuş idmançıları var.

Zalda idmançılarını diqqətlə izləyən, onlara taktika verən Xəyal Abdullayev üçün bu nəticə təsadüfi olmayıb. Deyir ki, hazırlıq prosesi həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan yüksək səviyyədə qurulub: “Bizim klubda ən güclü tərəf intizamdır. Bayram günlərində belə məşqlər dayanmır. Uşaqlar tez-tez yarışlarda iştirak edir, təcrübə qazanırlar. Yarışa əsasən ağrıdıcı və boğucu fəndlərin texniki icrasına üstünlük vermişdik”.

“Belə yarışlar idmançıların inkişafında mühüm rol oynayır. İdmançılarımız müxtəlif ölkələrdən müxtəlif mədəniyyətlərdən olan idmançılarla tanış olur, onları yaxından tanıyırlar. Təcrübə baxımından, əsasən də yeniyetmə idmançılar üçün beynəlxalq yarışlarda iştirak çox önəmlidir”, - deyir baş məşqçi.

Baş məşqçi bildirir ki, idmançılar təkcə fiziki deyil, həm də mənəvi cəhətdən formalaşırlar: “Uşaqlarla mütəmadi söhbətlər aparırıq. Sosial şəbəkədən istifadə qaydalarından tutmuş məktəbdə davranışlarına qədər maraqlanırıq. Məqsədimiz daha çox uşağı idmana cəlb etmək, onları pis vərdişlərdən uzaq tutmaqdır”.

Xəyal Abdullayevin hədəfi isə istedadlı uşaqları böyük çempionatlara hazırlamaqdır. 

Üstün taktika və qələbə

16-17 yaşlıların yarışında 45 kq çəki dərəcəsində mübarizə aparan Rəhim Quluzadə bütün rəqiblərini məğlub edərək Avrasiya çempionu olub. Rəhim Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin də 10-cu sinif şagirdidir. O MMA üzrə 2 qat, qrapplinq üzrə 1 qat, pankration üzrə 2 qat Azərbaycan çempionudur.  Yarımfinalda Qazaxıstan təmsilçisi ilə qarşılaşan Rəhim finalda isə üstün taktika və xal fərqi ilə qalib gəlib. 

“Bu qələbə mənim üçün böyük xoşbəxtlikdir. Uğurumun arxasında çox çalışmaq və məşqçimin verdiyi proqram dayanır. Gələcəkdə dünya və Avropa çempionu olmaq istəyirəm. Həm də məqsədim peşəkar döyüşçü olmaqdır”, – deyir. 

Rəhim idmana yeni başlayanlara tövsiyə edir ki, inamla çalışsalar, məqsədlərinə çatacaqlar.

Müəllim və ailə dəstəyi 

Digər Avrasiya çempionu Həmid Əkbərli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. MMA idman növü üzrə Naxçıvan Muxtar Respublikası üzrə açıq birincilikdə 2-ci, Azərbaycan çempionatlığında 1-ci, legion döyüş liqasında qrapplinq idman növü üzrə 1-ci yerə layiq görülüb.

14–15 yaşlıların 72 kq çəki dərəcəsində yarışan Həmid Əkbərli də inamlı çıxışı ilə seçilib. Beynəlxalq arenada ilk təcrübəsini yaşayan gənc idmançı hər iki rəqibini vaxtından əvvəl boğucu fəndlə məğlub edərək qızıl medal qazanıb.

“İlk döyüş daha həyəcanlı idi. Amma müəllimim Xəyal Abdullayevin dəstəyi ilə həyəcanı basdırdım. Bu qələbə mənim üçün qürurvericidir”, – deyir Həmid. 

Müəlliminin verdiyi motivasiya ona çox böyük dəstək olub: “Xəyal müəllimin məşq prosesi bizi çempion etdi. Həmçinin ailəm də mənə böyük dəstək göstərdi və inandı. Gələcək hədəfim daha yaxşı məşq edərək dünya və Avropa yarışlarında iştirak etmək və qələbə qazanmaqdır”. 

Məşqə yeni başlayanlara onun da tövsiyəsi var: “Məşqi sevsinlər və daha çox məşq etsinlər. Boş vaxtlarını idman zalında keçirsinlər və müəllimləri nə desə, etsinlər. Hər bir idman növü insanı pis vərdişdən uzaq edir. İdman bizə həm intizamlı, həm də özünəinamlı edir. Sağlam bədəndə isə sağlam ruh olar”.

Böyük zirvələrə inamla 

Beləliklə, qrapplinq bu gün dünyada sürətlə populyarlaşan idman növlərindən biridir və Azərbaycanda da inkişaf mərhələsindədir. Avrasiya çempionatı bir daha göstərdi ki, düzgün hazırlıq, intizam və komanda ruhu olduqda beynəlxalq arenada uğur qazanmaq mümkündür.

“Turan”ın gənc yetirmələri isə artıq daha böyük zirvələr – dünya və Avropa çempionatları haqqında düşünürlər.