İkinci dövriyyə sertifikasiya daha çox bilikləri ölçməlidir – MÜTDA rəsmisi

12 İyun, 2026 - 11:56
İkinci dövriyyə sertifikasiya daha çox bilikləri ölçməlidir

"Demək olar ki, sertifikasiya sualları kifayət qədər sadədir. Biz müəllimin şagirdə öyrətməli olduğu mövzulardan suallar veririk".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsil TV-nin efirində yayımlanan "Özəl müsahibə" verilişində deyib.

Onun sözlərinə görə, bu il birinci sertifikasiya dövriyyəsi başa çatır və növbəti ildən 2022-ci ildə sertifikasiyaya cəlb olunanlar yenidən imtahan verəcəklər: "Həmin sertifikasiya prosesi daha əsaslı olmalı, daha çox bilikləri ölçməlidir. Orada çox güman ki, metodiki biliklərin qiymətləndirilməsi önə çıxacaq".

V.Yaqublu sertifikatlaşdırma imtahanında uğurla keçən müəllimlər haqqında danışaraq bildirib ki, prosesin şəffaflığı və çərçivənin dəqiqliyi müəllimlərin stresinə qarşı dərmandır: "5 il ərzində hamı əmin oldu ki, bu prosesdə kiməsə qarşı qərəz yoxdur. Hamı eyni sualı cavablandırır, bu suallar da məktəb proqramına daxildir".

MÜTDA rəsmisi vurğulayıb ki, serfikatlaşdırma imtahanında ilk cəhddə keçməyən müəllimlər dövlət vəsaiti hesabına ixtisasartırma təlimlərinə cəlb olunurlar: "Onlara bir də öz fənlərinin və metodikanın əsasları öyrədilir. Bundan başqa “Metodiki xidmət” adlı dəstək xidmətimizlə də bu müəllimlərə dəstək verilir".