İlk iş günümü bugünkü kimi xatırlayıram – Suriyyə Nağıyevanın həyat yolu
İnsan ömrünün ən dəyərli illəri sevərək seçdiyi peşəyə həsr olunur. Məhz həmin sahədə fasiləsiz olaraq çalışmaq təkcə şəxsi həyat yolunu deyil, özündə uzunillik bir əmək təcrübəsini formalaşdırır. Elə insanlar da var ki, onların fəaliyyəti səssiz, sakit, təvazökar görünür, amma arxasında on illərin zəhməti, məsuliyyəti və vicdanlı əməyin izi dayanır. Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və hesabatların icmallaşdırılması sektorunda baş məsləhətçisi vəzifəsində çalışan Suriyyə Nağıyeva da 45 illik əmək fəaliyyətini geridə qoyan həmin xoşbəxt insanlardandır.
Ömrünü Azərbaycan təhsilinin statistik əsaslarının qurulmasına, inkişafına və mükəmməlləşdirilməsinə həsr etmiş Suriyyə xanımın 45 illik əmək fəaliyyəti bu günlərdə elə çalışdığı qurumda - Elm və Təhsil Nazirliyində doğma kollektivinin əhatəsində yüksək səviyyədə qeyd olundu. Nazirliyin Aparat rəhbəri Mətin Kərimli Suriyyə Nağıyevaya “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını təqdim edərək elm və təhsil nazirinin ən xoş arzularını çatdırdı, onu kollektiv adından təbrik etdi. Bu münasibətlə keçirilən tədbir Suriyyə xanımın uzunillik əmək fəaliyyətinə verilən qiymətin ən gözəl ifadəsi idi.
Biz də “Azərbaycan müəllimi” olaraq Suriyyə Nağıyeva üçün özəl olan bir gündə elə çalışdığı Elm və Təhsil Nazirliyində onun qonağı olduq. Yazımızın qəhramanı ilə oxucularımızı tanış etmək üçün ötən illərə qayıtdıq.
Həyat yolunun başlanğıcı
Bakı şəhərində anadan olan Suriyyə Nağıyeva orta təhsilini 190 nömrəli (indiki 189-190 nömrəli məktəb) tam orta məktəbdə alıb. 1979-cu ildə orta ümumtəhsil müəssisəsini bitirərək elə həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsinə qəbul olunub və 1985-ci ildə ali təhsil ocağını bitirib.
İlk addımlar- sistemin içində püxtələşən bir peşəkar
Suriyyə xanım peşəkar əmək fəaliyyətinə 9 dekabr 1980-ci ildə SSRİ Maarif Nazirliyinin (Elm və Təhsil Nazirliyi) İnzibati-təsərrüfat şöbəsində ekspeditor vəzifəsi ilə başlayıb. Bu başlanğıc ilk baxışda sadə görünə bilər, lakin məhz o illərdə formalaşan məsuliyyət hissi, dəqiqlik və intizam onun gələcək peşəkar yolunun əsas istiqamətini müəyyənləşdirib.
Həmsöhbətim özünün dediyi kimi, bir göz qırpımında keçən ötən illərini yada salır: “1980-ci ilin 9 dekabrını bugünkü kimi xatırlayıram. Gənc idim. İlk dəfə bu quruma gələndə gülərüzlə qarşılandım. Kollektiv tərəfindən mənə qaygıkeş münasibət göstərilirdi. 1982-ci ildə artıq nazirliyin Plan-maliyyə şöbəsində iqtisadçı kimi fəaliyyətimi davam etdirdim. Peşəkar mütəxəssislərdən öyrəndiklərim, əldə etdiyim təcrübə statistika və iqtisadi təhlilə olan marağımı daha da artırdı, bu sahədə inkişafıma əhəmiyyətli təsiri oldu”.
Nazirlikdə gedən struktur dəyişiklikləri də Süriyyə Nağıyevanın fəaliyyətində sözün yaxşı mənasında öz müsbət təsirini göstərir. Bu illər ərzində iqtisadçı, aparıcı məsləhətçi vəzifələrində çalışan qəhrəmanımız hazırda fəaliyyətini Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və hesabatların icmallaşdırılması sektorunda baş məsləhətçisi kimi davam etdirir.
45 illik fəaliyyəti dövründə o, yüzlərlə sənədin, minlərlə təhsil müəssisəsinin məlumatlarının dəqiqliyinə cavabdehlik daşıyıb. Təhsilin inkişaf göstəricilərinin düzgün formalaşdırılması, statistik təhlillərin və hesabatların icmallaşdırılması onun üçün yalnız iş yox, həm də vəzifə borcu olub.
Bu gün də öz fəaliyyətini sanki ilk iş günü olaraq qəbul edən Suriyyə xanım eyni şövqlə çalışır, hər bir addımında zəhmətin, dəqiqliyin və sadiqliyin nə qədər böyük dəyər daşıdığını sübut edir.
Suriyyə Nağıyevanın əməyi hər zaman yüksək qiymətləndirilib. Belə ki, o uzunillik səmərəli fəaliyyətinə görə 2017-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanına, 2021-cil də isə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı ilə təltif edilib.
Burada həm də ailə səadətini tapıb
Suriyyə xanım elə ailə səadətini də öz doğma işlədiyi qurumda tapıb. Onunla vaxtilə eyni şöbədə işəmiş həmkarı Eldar müəllimlə ailə qurub. Həmsöhbətimizdən öyrənirik ki, oğlu Məmməd də ata-anasını yolunu davam etdirir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının “Maliyyə” ixtisası üzrə bakalvr təhsilini uğurla bitirib. Magistratura təhsilini isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində İngiltərənin Mançester Universitetində “Riyazi maliyyə” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub.
“Peşəkarlığın nəticəsi dəyərli olur”
Suriyyə Nağıyeva bugünkü gəncliyin yüksək bilik, eyni zamanda daha fərqli bacarıqlara malik olduğunu xüsusi qeyd edir. Elm və Təhsil Nazirliyində çalışan gənclərin fəaliyyətindən razılıq edərək onların çevik və daha çox öyrənmək əzmini təqdir edir: “Bu illər ərzində qazandığım təcrübəyə istinad edərək karyera qurmaq arzusunda olan gənclərə ilk növbədə onu demək istərdim ki, peşəkarlıq zamanla fomalaşır, amma nəticəsi həmişə dəyərli olur. Hər şey bilikdən və işə yanaşmadan başlayır. Çalışsınlar ki, seçdikləri sahəni dərindən öyrənsinlər və məsuliyyəti bacarıqlarından heç vaxt ayırmasınlar. Təcrübə mənə öyrədib ki, ən vacib keyfiyyət davamlılıq və dürüstlükdür. Kim işinə vicdanla yanaşırsa, istənilən kollektivdə özünəməxsus yeri olacaq. Bir də ki, həmişə yenilikləri izləmək lazımdır. Dünya dəyişir və bilik daim yenilənməlidir. Gənclərə arzu edirəm ki, məqsədlərindən yayınmadan özlərinə güvənərək irəliləsinlər”.
Geriyə baxanda: Qürur, minnətdarlıq və işinə bağlılıq
Geriyə dönüb baxdıqda hansı hissləri keçirirsiniz? Sualımıza cavab olaraq deyir ki, ötən 45 il onun üçün qürur gətirən nəticələrlə yadda qalıb: “Geriyə dönüb baxanda böyük qürur və məmnunluq hissi keçirirəm. Bu illər ərzində mənimlə bərabər çalışdığım sahədə də inkişaf baş verib. Çətinliklərim də olub, məsuliyyətli qərarlar alanda da daxili narahatlıqlarım olub. Bütün bunlar məni daha təcrübəli və işinə daha bağlı bir insan edib. Ən böyük sevincim isə odur ki, gördüyüm işin ölkənin təhsil sisteminə xüsusilə məktəbəqədər və ümumi təhsil müəssisələrinin statistik hesabatların formalaşması prosesinə real təsiri olub. Geriyə baxanda “zəhmətimin hədər getmədiyini” görmək mənə böyük güvən və daxili rahatlıq verir. Nə xoş mənə ki, hər zaman sevdiyim və seçdiyim işlə məşğul olmuşam”.
Hər gün işə eyni həvəslə gəlməsinin səbəbi də...
Suriyyə Nağıyevanın işindən necə ürəklə, razılıq hissi ilə danışdığını müşahidə etdikcə sözün açığı ona qibtə etməmək mümkün deyil. Deyir ki, rəhbərliyin və kollektivin qayğısını hər zaman hiss etmək onu daha məsuliyyətli edir. Hər gün işə eyni həvəslə gəlməsinin səbəbi də elə bu mühit, bu dəyər və qarşılıqlı hörmət atmosferidir.
FOTO: Kənan Qafarov


