“İmtahan proqramlarının müzakirəsi üçün ən doğru zaman məhz indidir” – Məleykə Abbaszadə
“Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.
DİM sədri bu məsələdə mövqelərinin hər zaman açıq olduğunu da nəzərə çatdırıb.
Onun sözlərinə görə, imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur:
“Lakin diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm.
Hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir. Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir.
Biz hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirik. Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir”.




