İnanıram ki, atamın ruhu şad oldu - Şəhid övladı rayon birinciliyini qazandı 

19 May, 2026 - 12:16
İnanıram ki, atamın ruhu şad oldu

Dövlət İmtahan Mərkəzinin aprelin 19-da XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun oğlu Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb. Naxçıvanda şəhid övladının əldə etdiyi yüksək nəticə böyük qürur hissi doğurur.

Qeyd edək ki, buraxılış imtahanında Şərur rayonunun ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında ən yüksək nəticəni də məhz Məhəmməd Cəfərov göstərib.

Bu uğur həm əzmkarlığın, həm də Vətənə xidmət ruhunda formalaşan gəncliyin parlaq nümunəsi kimi diqqət çəkir. “Azərbaycan müəllimi” ilə həmsöhbət olan  şagird deyir ki, nəticəsini ilk olaraq özü öyrənib və bu sevinci anası və bacısı ilə bölüşüb.

Onun sözlərinə görə, iki fəndən maksimum nəticə gözləsə də, riyaziyyat imtahanında vaxt məhdudiyyəti səbəbindən iki sualını tam yaza bilməyib: “Buna baxmayaraq, nəticəm məni çox sevindirdi. İnanıram ki, atamın da ruhu şad oldu”.

Məhəmməd uğurunun arxasında planlı hazırlıq və nizamlı çalışmağın dayandığını deyir. O bildirir ki, gündəlik olaraq dərslərinə 7–8 saat, bəzən isə daha çox vaxt ayırıb. Həftənin üç günü idman məşğələləri olsa da, vaxtını elə bölüşdürüb ki, dərslərdən geri qalmasın.

Məzun əldə etdiyi nəticədə müəllimlərinin və ailəsinin rolunu xüsusi vurğulayır: “Bu nəticədə müəllimlərimin çox böyük əməyi var. Onların sayəsində bu səviyyəyə gəlib çatmışam. Həmçinin anamın əziyyəti də danılmazdır”.

Məhəmməd qeyd edir ki, məktəb illərindən bütün fənlərə maraq göstərib. Lakin qrup seçimi etdikdən sonra təbii olaraq daha çox diqqətini ixtisas fənlərinə yönəldib. O, ən çox riyaziyyat və ədəbiyyat fənlərini sevdiyini deyir. 

Gələcək planlarından danışan Məhəmməd hüquq ixtisası üzrə təhsil almağı düşünür. Abituriyentlərə tövsiyəsində isə əzbərçiliyin deyil, anlayaraq öyrənməyin vacibliyini vurğulayır: “Dərsləri dərk edərək oxusunlar. Sınaqlarda iştirak etsinlər, zəif tərəflərini müəyyən edib onların üzərində işləsinlər”.

Hazırda blok imtahanına hazırlaşdığını deyən Məhəmmədin uğurları bununla da məhdudlaşmır. O, 9-cu sinif buraxılış imtahanında topladığı 280 bala görə YAŞAT Fondu tərəfindən yüksək nəticə göstərən bir neçə şəhid övladı ilə birlikdə Böyük Britaniyanın tanınmış universitetlərində kurs proqramına göndərilib. Həmçinin SASMO üzrə medalı da var. Məktəbin aşağı siniflərində olimpiadalarda daha fəal iştirak etdiyini və uğurlar qazandığını bildirən Məhəmməd son iki ildə yüksək hədəflərinə görə diqqətini daha çox qrup fənlərinə yönəltdiyini deyir.

Qeyd edək ki, Elnur Cəfər oğlu Cəfərov 2014-cü il yanvarın 23-də Ağdərə rayonunda xidmət tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. O, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

İnanıram ki, atamın ruhu şad oldu