İngiltərə məktəblərində davamiyyəti süni intellekt ölçəcək
İngiltərə hökuməti şagird davamiyyəti ilə bağlı problemləri azaltmaq məqsədilə ölkədəki bütün məktəblərə süni intellekt tərəfindən hazırlanmış minimum davamiyyət hədəfləri göndərəcəyini açıqlayıb.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hədəflər bu ay məktəb direktorlarına təqdim ediləcək.
Təhsil naziri Bridcet Fillipsen deyib ki, məqsəd davamiyyəti pandemiyadan əvvəlki səviyyəyə qaytarmaq və daha da yüksəltməkdir: “Uşaqların məktəbdə olması onların inkişafı üçün əsas şərtdir”.
Rəsmi məlumatlara görə, İngiltərədə ümumi davamiyyət artsa da, dərs saatlarının yarıdan çoxunu buraxan şagirdlərin sayı yenidən yüksəlir. Təhsil Nazirliyi bildirir ki, məktəblərin üçdə biri hələ də irəliləyiş göstərməyib.
Müəllim həmkarlar ittifaqları qərarı tənqid edərək bildirirlər ki, yeni hədəflər onsuz da yüklənmiş məktəb rəhbərlərinə əlavə təzyiq yaradacaq, lakin davamiyyətsizliyin əsas səbəblərini aradan qaldırmayacaq. Assosiasiya rəhbərləri vurğulayırlar ki, məktəblər davamiyyəti artırmaq üçün müxtəlif işlər görür, lakin bir çox amil onların nəzarətindən kənardır.
Hökumət bildirir ki, davamiyyət hədəfləri məktəbin sosial mühiti, yerləşməsi və şagird ehtiyaclarına uyğun olaraq müəyyənləşdiriləcək və Ofsted üçün açıq olmayacaq. Məktəblərə dəstək məqsədilə onlar oxşar şəraitdə yüksək nəticə göstərən məktəblərlə əlaqələndiriləcək.




