İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı
Oktyabrın 12-də İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində “Sveriges Riksbank” adına mükafatın verilməsi haqqında qərar qəbul edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 2026-cı il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına "makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarına görə" amerikalı alimlər Robert E.Holl (Stanford Universiteti) və Maykl Vudford (Kolumbiya Universiteti) layiq görülüb.
Nobel Komitəsi bildirib ki, onlar iqtisadi modellərin sabitləşdirmə siyasətini canlandırmaq üçün necə yenidən qurulacağını nümayiş etdirdilər. Modelləri inflyasiya, istehsal və istehlak kimi makroiqtisadi dəyişənlər arasındakı statistik əlaqələrə əsaslandırmaq əvəzinə, onları mikroiqtisadi təməl üzərində qurmağı seçiblər. Bu, fərdi ev təsərrüfatlarının və müəssisələrin ümumi kütləsinin öz hərəkətləri ilə iqtisadiyyata necə təsir etdiyini anlamağı əhatə edir.
Robert E.Hall və Michael Woodfordun tədqiqatları sabitləşdirmə siyasətində paradiqma dəyişikliyinə səbəb olmuşdur. Onların tədqiqatlarının nəticəsi olan yeni Keyns modelləri, sabitləşdirmə siyasətinin biznes dövrlərinə necə təsir etdiyini izah etməyə və ölçməyə imkan verir və hazırda dünyanın hər yerində mərkəzi banklar və maliyyə nazirlikləri tərəfindən istifadə olunur.
Robert E.Hall, 1943-cü ildə ABŞ-nin Kaliforniya ştatının Palo Alto şəhərində anadan olub. 1967-ci ildə ABŞ-nin Kembric şəhərindəki Massaçusets Texnologiya İnstitutundan doktorluq dərəcəsi alıb. ABŞ-nin Kaliforniya ştatının Stanford Universitetinin professorudur.
Maykl Vudford 1955-ci ildə ABŞ-nin Massaçusets ştatının Çikopi şəhərində anadan olub. 1983-cü ildə ABŞ-nin Kembric şəhərindəki Massaçusets Texnologiya İnstitutundan doktorluq dərəcəsi alıb. ABŞ-nin Nyu-York şəhərindəki Kolumbiya Universitetinin professorudur.
Qeyd edək ki, digər elm sahələrindən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Bu mükafat İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.




