“İş mühitini daha sərt təsəvvür edirdim, lakin...” – ABŞ senatında təcrübə keçən azərbaycanlı
Xaricdə təhsil alan gənclərimizin uğur xəbərlərinə artıq tez-tez rast gəlirik, lakin onların arasında qazanılan elə təcrübələr var ki, mütləq oxucularımıza təqdim etməliyik. Onlardan biri ABŞ-nin Minnesota ştatının Senatında təşkil olunan çətin və yüksək rəqabətli təcrübə proqramını fərqlənmə ilə başa vuran gənc hüquqşünasımız Rəsul Feyzullayevdir.
Rəsul Feyzullayev 2020-ci ildə yüksək balla (630.4 bal) Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olanda qarşısına böyük məqsədlər qoymuşdu. Onun əsas hədəfi beynəlxalq təcrübə qazanmaq və hüquq biliklərini dövlət idarəetməsi kontekstində tətbiq etmək idi. Tələbəmizin bu böyük arzusunun reallığa çevrilməsində dövlətin gənclərə dəstəyi mühüm rol oynayıb: “Xaricdə, xüsusilə də ABŞ kimi bir ölkədə təhsil almaq elə də asan deyil. Beləliklə, bu yolda mənə və mənim timsalında bir çox Azərbaycan gəncinə ən böyük dəstək dövlətimizdə – “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”ndan gəldi”.
Minnesota Universitetində “Dövlət idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alan Rəsul üçün ştatın Senatında təcrübə keçmək imkanı asan başa gəlməyib. O, akademik göstəricilərin, xüsusi hüquqi-analitik sualların və senator ofisinin əməkdaşları ilə müsahibələrin yer aldığı 3 mərhələli ağır seçim prosesini uğurla keçib.
Təcrübə müddətində o, böyük layihələrin birbaşa iştirakçısına çevrilib: “Təcrübə müddətində iştirak etdiyim ən yaddaqalan layihə avtonom nəqliyyat vasitələri sahəsində fəaliyyət göstərən məşhur “Waymo” şirkətinin Minnesota ştatında fəaliyyətə başlaması ilə bağlı təklif olunan qanun layihəsinin təhlili oldu. Mənə layihədə mövcud ola biləcək hüquqi ziddiyyətlərin və qanunvericiliklə uyğunluq məsələlərinin araşdırılması, eləcə də bununla bağlı yazılı hüquqi rəy hazırlanması tapşırılmışdı. Xüsusilə qürurverici məqam ondan ibarət idi ki, hazırladığım təklif və qeydlər sonradan Senatın Nəqliyyat Komitəsində müzakirə olunan materiallar sırasında yer aldı”.
Rəsul etiraf edir ki, getməzdən əvvəl ABŞ Senatındakı iş mühitini daha sərt və formal təsəvvür edirmiş. Lakin reallıq tam fərqli olub. Yüksək peşəkarlıqla bərabər, senatorların və ofis əməkdaşlarının təcrübəçilərin fikirlərinə açıq olması, onları mütəmadi müzakirələrə cəlb etməsi Rəsulun öz potensialını tam nümayiş etdirməsinə şərait yaradıb.
O, həmçinin Senatda diqqətini çəkən və Azərbaycanda da tətbiq olunmasını istədiyi maraqlı bir idarəetmə ənənəsini bölüşür: “Düzünü desəm, proqramdan əvvəl ABŞ Senatında iş mühitinin daha rəsmi və sərt olduğunu təsəvvür edirdim. Gözləyirdim ki, əməkdaşlar arasında ünsiyyət daha formal olacaq və xüsusi ilə senatorlarla birbaşa ünsiyyət imkanları məhdud olacaq.
Minnesota Senatında işlədiyim müddətdə diqqətimi çəkən məqamlardan biri məktəblilərin qanunvericilik prosesi ilə erkən yaşlardan tanış edilməsi oldu. Demək olar ki, hər həftə müxtəlif məktəblərdən gələn şagird qrupları Senatın komitə və plenar iclaslarını izləyir, qanunvericilik prosesinin necə işlədiyi ilə yaxından tanış olurdular. Mən hesab edirəm ki, gənclərin dövlət idarəçiliyi və qanunvericilik fəaliyyəti barədə məlumatlı olması onların vətəndaşlıq şüurunun formalaşmasına müsbət təsir göstərir”.
22 yaşlı müsahibimiz ştat səviyyəsindəki mürəkkəb qanunvericilik prosedurlarını qısa müddətdə mənimsəməklə yanaşı, həm də ölkəmizin gənc elçisinə çevrilib: “Xarici tələbə kimi üzərimdə böyük bir məsuliyyət hiss edirdim. Senatorlar və digər əməkdaşlar mənim Azərbaycandan olduğumu öyrəndikdə ölkəmiz haqqında suallar verir, onun tarixi, mədəniyyəti və regionda baş verən hadisələrlə maraqlanırdılar. Belə məqamlarda Azərbaycanı layiqincə təmsil etməyə çalışırdım, ölkəmiz haqqında düzgün və dolğun məlumat verməyə xüsusi diqqət yetirirdim”.
Rəsul Feyzullayevin əsas amalı xaricdə qazandığı akademik və praktiki bilikləri doğma vətənində reallaşdırmaqdır. O, BDU-da aldığı hüquq bazasını ABŞ-dəki dövlət idarəetməsi magistri ilə birləşdirərək Azərbaycanın ictimai sektoruna töhfə verməyə tam hazırdır: “Dövlət Proqramı, fikrimcə, təkcə mənim deyil, xaricdə təhsil almağı arzulayan minlərlə Azərbaycan gənci üçün çox dəyərli bir imkandır. Bu imkandan yararlanmaq uzunmüddətli hazırlıq, yüksək akademik göstəricilər və özünəinam tələb etsə də, proqram gənclərin beynəlxalq səviyyədə təhsil almaq arzularını reallaşdırmalarına mühüm dəstək verir. Xaricdə təhsil almaq bir çox tələbənin məqsədi olsa da, maliyyə, məlumat çatışmazlığı və digər səbəblər bu hədəfə çatmağı çətinləşdirir. Dövlət Proqramı isə istedadlı və motivasiyalı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almasına şərait yaradır və onların potensialını reallaşdırmasına kömək edir.
İnanıram ki, xaricdə qazandığımız bilik və təcrübənin ən böyük dəyəri onu ölkəmizin inkişafına yönəldə bilməkdir. Hər bir Dövlət Proqramı qalibinin yaradılmış imkanların və göstərilmiş etimadın qarşılığında əsas məqsədi dövlətimizi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə layiqincə təmsil etmək olmalıdır. Mən də öz növbəmdə həm hüquq, həm də dövlət idarəetməsi sahəsində əldə etdiyim biliklərlə Azərbaycanın inkişafına və dövlət institutlarının daha da güclənməsinə töhfə verməyə çalışacağam”.
Sonda Rəsul bu yoldan keçmək istəyən gənclərə çətinliklərdən qorxmamağı, qarşılarına konkret hədəflər qoymağı və ən əsası özlərinə inanmağı tövsiyə edir. Çünki ABŞ Senatına qədər uzanan bu hekayə göstərir ki, əzmkarlıq olan yerdə heç bir hədəf əlçatmaz deyil.



