İş saatları daha çevik olacaq: 40 saatlıq iş həftəsində nə dəyişə bilər?
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”na əsasən, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.
“Dünyada çevik iş rejimi modellərindən geniş istifadə olunur”
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” bütövlükdə məşğulluq sahəsində yeni yanaşmaların tətbiq edilməsi və iş yerlərinin sayının artırılmasını özündə özündə ehtiva edir:
“Burada vacib məqamlardan biri də beynəlxalq praktikada istifadə olunan metodların Azərbaycanın məşğulluq bazarında tətbiqidir. Bu metodlardan biri də çevik iş rejiminin yaradılmasıdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dünya praktikasında çevik iş rejimi modellərindən geniş istifadə olunur. Bu modellərin özəlliyi ondan ibarətdir ki, burada fərqli iş modelləri tətbiq olunur. Ən çox tətbiq olunan modellərdən biri hibrid iş rejimidir. Bu zaman işçilər həftənin müəyyən günləri ofisdə, digər günləri isə ofisdən kənardan çalışırlar. Məsələn, həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri ofisdə, cümə axşamı və cümə günləri isə ofisdən kənarda çalışa bilərlər”.
“Sıxılmış saatlar” metodu nəyi nəzərdə tutur?
Deputat qeyd edib ki, dünya praktikasında tətbiq edilən və bir sıra inkişaf etmiş ölkələrdə də istifadə edilən digər metod “sıxılmış saatlar” metodudur:
“Bunun özəlliyi odur ki, işçi işəgötürənlə razılaşma əsasında həftənin 4 günü çalışa bilir. Məsələn, o, həftənin 4 günü 8 saat deyil, 10 saat çalışır. İstirahət günləri kimi isə şənbə və bazarla yanaşı, cümə günü də müəyyənləşir. Vacib məqamlardan biri də “filex fireks” müddətinin tətbiqidir. Burada əslində işçi günün müəyyən saatlarını çalışır. Məsələn, 10-dan 16-ya qədər çalışır, digər saatlarda çalışmır. Başqa tətbiq edilən metod işin bölüşdürülməsidir. Bu halda bir iş və ya tapşırıq 2 yarımştat işçiyə tapşırılır. Onlar tapşırığı öz aralarında bölərək icra edirlər. Son dövrlər nəticə əsaslı iş mühiti modeli də tətbiq olunur”.
“Nəticə əsaslı iş rejiminə keçiddə konkret öhdəliklər müəyyənləşdirilir”
V.Bayramovun sözlərinə görə, son dövrlər nəticə əsaslı iş mühiti modeli də tətbiq olunur:
“Burada işçinin əməkhaqqı, işlə bağlı qaydalar və öhdəliklər birbaşa işçinin verilən tapşırıqla bağlı əldə etdiyi nəticələr əsasında müəyyənləşir. Bu, artıq birbaşa müddətlə deyil, daha çox nəticə əsaslı iş rejiminə keçiddir. Bu zaman konkret öhdəliklər müəyyənləşdirilir. İşçi sadəcə həmin öhdəliklərlə bağlı məsələləri zamanında təqdim etməli olur”.
“Bu, hidrib modellə məhdudlaşmır”
Deputat vurğulayıb ki, artıq elm və təhsil sektorunda çevik iş modeli tətbiq olunur:
“Nəticə etibarilə biz həm də hibrid modeldən istifadəni müşahidə edirik. Amma çevik iş modeli hidrib modellə məhdudlaşmır. Daha geniş və fərqli formaları var. Bu modeli tətbiq edən ölkələrdə də fərqli saatlarda işin başlaması, işin günlər üzrə bölgüsü müşahidə olunur. Bütün bunlar əmək məhsuldarlığını, əmək bazarındakı iş təminatını və dolayı yolla digər sektorlara, eləcə də tıxacın azaldılmasına da müsbət təsir göstərir. Ona görə də təhsil və elm müəssisələri üçün deyil, bütövlükdə Azərbaycanın iqtisadiyyatı və əmək bazarı üçün yeni bir yanaşma hesab olunur. Amma təbii ki, beynəlxalq praktikada təsdiq olunmuş və inkişaf etmiş ölkələrdə iqtisadiyyata və əmək bazarına xüsusi töhfələri olan bir modeldir”.
“İşçi iş gününün başlama və bitmə vaxtını özü müəyyən edə bilər”
MM-in Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev qeyd edib ki, bu modeldə işçilər üçün çevik iş vaxtı rejimindən istifadə etmək imkanı yaradır. Belə ki, həftəlik 40 saatlıq iş vaxtı normasını qorumaq şərti ilə işçi iş gününün başlama və bitmə vaxtını sərbəst şəkildə özü müəyyən edə bilər:
“Dünya təcrübəsində belə bir model mövcuddur, bir çox ölkələrdə uğurla tətbiq edilir. Əmək münasibətlərində çevikliyin artırılmasına xidmət edən bu yanaşma, ilk növbədə, iş və şəxsi həyat arasında balansın qorunmasına, eyni zamanda əmək məhsuldarlığının yüksəldilməsinə töhfə verə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən çevik iş vaxtı rejimi adətən normal iş saatlarının saxlanılması, çevik giriş-çıxış intervallarının müəyyən edilməsi və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq olunur. Müxtəlif ölkələrdə bu məsələyə yanaşma fərqlidir ki, bu da həm daxili qanunvericilikdən, həm də tətbiq mexanizmlərindən asılıdır”.
“Çevik iş vaxtı rejiminin tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir”
S.Vəliyev hesab edir ki, ümumilikdə, belə bir rejimin tətbiqi bir çox sahələrdə ciddi müsbət nəticələr verə bilər.
Deputat bu amilin də xüsusilə nəzərə alınmasını vacib sayaraq deyir ki, bu gün iş və ailə həyatı arasında balansın qorunması mühüm əhəmiyyət daşıyır. Hibrid iş modeli ilə çalışanlar üçün isə çevik iş vaxtı rejimi daha əlverişli imkanlar yarada bilər.
O hesab edir ki, ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi üçün ilk növbədə beynəlxalq təcrübə ətraflı öyrənilməli, hüquqi baza formalaşdırılmalı, müvafiq normativ-hüquqi aktlar qəbul edilməli və proses mərhələli şəkildə həyata keçirilməlidir:
“Bu məsələlər də qeyd olunan Tədbirlər Planında öz əksini tapıb. Onu da əlavə edim ki, sərbəst iş qrafiki müəyyən çərçivələr daxilində tətbiq olunacaq. Yəni işçi iş rejimini və iş saatlarını sərbəst seçə biləcək, lakin bu seçim müəssisənin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla və işəgötürənlə qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək”.




