Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
18 sentyabr - Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” musiqi müsabiqəsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə çərçivəsində Konservatoriyanın 7 tələbəsi ümumilikdə 21 instrumental kompozisiya təqdim edib. Peşəkar münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək xal toplayan üç iştirakçı qalib elan olunaraq mükafatlandırılıb.
Seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yolları reyslərində sərnişinlərin qarşılanması və yola salınması zamanı, həmçinin uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.
“Səmanın ritmi” gənc musiqiçilərin yaradıcılığını daha geniş auditoriyaya çatdırmaqla yanaşı, yaradılan kompozisiyaları səyahət təcrübəsinin bir hissəsinə çevirəcək.




