Kərkicahan tam orta məktəbi - İllərin arzusundan gerçəkliyə FOTO-VİDEO

4 Fevral, 2026 - 14:19
Kərkicahan tam orta məktəbi

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi Qarabağda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Uzun illərdən sonra doğma sakinlərini yenidən qoynuna alan qəsəbədə həyat canlanıb. Qayıdışın səsi təkcə küçələrdə, evlərdə deyil, məktəbdə, sinif otaqlarında da eşidilir. Qəsəbədə həyatın digər sahələri ilə yanaşı təhsil də yenidən bərpa olunub.

Müasir təhsil infrastrukturu: 624 şagird yerlik bilik ocağı

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri təhsil sahəsini də prioritet istiqamət kimi əhatə edir. Bu prosesin ən bariz nümunələrindən biri 2025-ci il dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə əsaslı təmirdən sonra açılışı edilən Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbidir.

Cari ilin yanvarından öz şagirdlərini qoynuna alan 624 şagird yerlik məktəb binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək və məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana var. Məktəb gələcəyin qurucularını yetişdirmək üçün bütün zəruri tədris vəsaitli ilə təchiz edilib.

“Kərkicahan məktəbində şagirdlərə təhsil vermək bizim üçün fəxrdir”

Kərkicahanda məktəbin fəaliyyətə başlaması təkcə təhsil prosesinin bərpası deyil, eyni zamanda, insanların illərlə içində yaşatdığı arzuların gerçəyə çevrilməsidir. Bu hissləri müəllimlərin gözlərində də görmək olur. Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Rəhimli deyir ki, Kərkicahanda yaşamaq onun üçün həm qürur, həm də məsuliyyətdir: “Xankəndidə, Kərkicahanda olmaq bizim üçün çox qürurludur. Bu torpaqlara geri qayıdışımız üçün Prezidentimizə, qazilərimizə minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Burada yaşayan, böyüyən uşaqlara, gələcəyimiz olan şagirdlərə təhsil vermək, onlarla işləmək bizim üçün fəxrdir, böyük məsuliyyətdir. Məktəbdə təhsil üçün hər şəraitin olması, eləcə də gənc kadrların çoxluğu işimizə stimul verir. Uşaqlar Qarabağda olduqları üçün daha böyük həvəslə oxuyurlar”.

“Uşaqlığımı keçirə bilmədiyim yerdə müəllim kimi fəaliyyət göstərirəm”

Məktəbin digər müəllimi Leyli Yusifova 11 yaşında məcburi köçkün düşdüyü doğma yurduna illər sonra müəllim kimi qayıtdığı üçün böyük qürur hissi keçirdiyini bildirir: “Mən buradan çıxanda 11 yaşım vardı. Uşaqlığımı, gəncliyimi keçirə bilmədiyim yerdə indi müəllim kimi fəaliyyət göstərirəm. Bu, mənim üçün fəxrdir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandanı qorusun. Onların sayəsində bu gün buradayıq. Qürurluyuq ona görə ki, illərdir həsrətini çəkdiyimiz torpaqlardayıq. Məsuliyyətliyik ona görə ki, şəhidlərimizin, qazilərimizin qanı hesabına azad olunmuş torpaqlarda onlara layiqli övladlar yetişdirməliyik”.

Ata yurdunda oxumağın sevinci

Məktəbin şagirdləri üçün isə ata yurdunda təhsil almaq həm də bir ailə xatirəsinin davamıdır. 7-ci sinif şagirdi Nuray Məmmədova danışarkən səsində həm sevinc, həm də fəxr hiss olunur: “Mənim atam, anam Kərkicahan qəsəbəsindəndirlər. Kərkicahan da, məktəbimiz də gözəldir. Atam, anam, babam buralar haqqında çox danışırdılar. Mən fəxr edirəm ki, burada oxuyuram”.

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbdə keçilən hər dərs, səslənən hər zəng doğma yurda yenidən qayıdışın göstəricisidir. Bu məktəb təkcə təhsil verilən məkan deyil, həm də gələcəyin qurucularının yetişdiyi ocaq, ümidlərin və yeni başlanğıcların ünvanıdır.

Mənbə: AZƏRTAC

ViDEO: https://video.azertag.az/site/video/294571

Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi
Kərkicahan tam orta məktəbi