Kod, ideya və rəqabət: Hakatonun qalibi olan gənc innovatorlar
Süni intellektin həyatımıza getdikcə daha çox təsir etdiyi bir dövrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və onun nəzdində fəaliyyət göstərən UFAZ-ın tələbələri üçün keçirilən hakaton bu sahənin kitablardakı anlayışdan çıxıb real layihəyə çevrildiyi kiçik bir təcrübə meydanı oldu.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ADNSU-nun “Startup və TTO” şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən ikigünlük “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonunda 22 komanda, ümumilikdə 85 gənc mentorlarla birlikdə layihələrini sıfırdan işləyib təqdimetmə mərhələsinə qədər gətirdi. Münsiflərin seçimi nəticəsində “AI Strikers”, “NAVI” və “Smart Screen” komandaları qalib olaraq mükafata yiyələniblər.
“Azərbaycan müəllimi” də hakatonda qalib olan gələcəyin innovatorları, mühəndisləri ilə həmsöhbət olaraq həmin iki günün arxasında duran yaradıcı prosesi, çətinlikləri və ideyaların necə formalaşdığını öyrənib.
Xaosu sistemə çevirənlər
II yerin sahibi “NAVI” komandasının rəhbəri Saleh Şahverdiyev komandasının ərsəyə gətirdiyi layihənin detallarını bizimlə bölüşüb. O bildirib ki, layihənin əsas ideyası real şəkildə yaşadığımız problemlərdən doğub: “Bəzən universitet daxilində aparılan sənədləşdirmə zamanı bir şəxs bir neçə əməkdaşa yönləndirilir və buna görə də kifayət qədər vaxt itiririlir. Əlavə olaraq, bu prosesi idarə etmək universitet əməkdaşları üçün də kifayət qədər yorucu olur.
Yaratdığımız “UniFlow” adlı layihə ilə bütün sənəd, sual-cavab, şikayət və təklif üçün edilən müraciətləri vahid platformada cəmləşdirdik. Bunun sayəsində tələbələr istənilən müraciəti vahid platforma üzərindən təqdim edə, eyni zamanda müraciətin statusunu izləyə bilərlər. Universitet əməkdaşları da istənilən müraciəti operativ şəkildə cavablaya bilir və həm vaxt, həm də enerji baxımından qənaət etmiş olurlar. Sloqanımız isə "Xaosu sistemə çeviririk" idi.
Hakaton ərzində layihəmizin əsas hissəsini təşkil edən, sualları avtomatik cavablayan, təklif və şikayətlər üçün kateqoriya, vaciblik səviyyəsi təyin edən ML (machine learning – maşın öyrənməsi – red.) modeli hazırladıq. Yeni məlumatlar əldə etdikcə verilənlər bazasında data kifayət qədər artacaq və modelin dəqiqlik səviyyəsi kifayət qədər yüksələcək. Model "Hugging face" platformasına yerləşdirilib. Ümumi layihəni inkişaf etdirərkən bir çox fərqli məqsədlər üçün “OpenAI” (“ChatGPT”), “Google” (“Gemini”), “Claude”, “Cursor” və s. Kimi alətlərdən istifadə etmişik”.
Saleh rəhbər olaraq komandasının üzvlərini də təqdim edir və fikir ayrılıqları olduğu zaman nə etdiklərini də bizimlə bölüşür: “Komandamızın üzvləri Kamran Pirişzadə, Murad Həsənli və mən "software engineer" olaraq, Vüsal Musazadə və Musa Nəbizadə "AI/ML engineer", Ramil Məlikov isə "SOC analyst" olaraq çıxış edirdi. Hər birimiz layihənin formalaşdırılmasından tutmuş, biznes tərəfinə, kodlaşdırılmasına və təqdim olunmasına qədər bütün mərhələlərdə iştirak etmişik.
Fikir ayrılıqları da təbii ki, olurdu. Bu zaman komanda olaraq "dəyirmi masa" yanaşmasını tətbiq edirdik. Hər kəsin fikri dinlənilir, daha sonra qarşılıqlı razılaşma ilə yekun qərar qəbul edilirdi. Əlavə olaraq, mentorların dəyərli fikirləri ilə tam olaraq nə etməli olduğumuzu anlayırdıq”.
Komanda rəhbəri söyləyir ki, onlar layihəni genişləndirərək gələcəkdə kommersiyalaşdırmaq niyyətindədirlər: “Əgər universitetimizdən təklif gəlsə, layihəni inteqrasiya etməyə hazırıq. Əlavə olaraq, digər yerli və yaxın region müəssisələri haqqında da düşünmək olar.
Bundan başqa, qaliblər bu hakatonun davamı hesab edə biləcəyimiz "DeepTech" inkubasiya proqramına birbaşa keçmək hüququ qazanırlar. Orada layihəni daha biznes yönümlü və fəaliyyət istiqamətləri genişlənmiş bir hala gətirmək istəyirik. Hazırda komanda olaraq bu yöndə müzakirələri davam etdiririk.
Ümumiyyətlə, hakaton prosesi ərzində problemləri həll edərkən texniki tərəfdən bir çox yeni biliklər əldə etdik və yeni alətləri sınamaq şansımız oldu.
Düşünürəm ki, qarşılaşdığımız situasiyalar ilə real iş mühitində də qarşılaşmaq ehtimalımız kifayət qədər çoxdur və həm sərt, həm də yumşaq bacarıqlarımızın inkişafında mühüm rol oynadı. Həmçinin rəqiblərimizin hər yeni təqdimatında yeni bir detal görmək şansımız oldu. Yaxşı tərəfləri, pis tərəfləri bizə nə etməli və etməməli olduğumuzu göstərdi. Düşünürəm ki, əldə etdiklərimizi bir nöqtədə cəmləşdirib növbəti müsabiqələrdə çıxışımızı daha da mükəmməl edə bilərik”.
Komanda qazandığı mükafatla nə edəcəyini də söyləyib. Onlar bildirirlər ki, mükafatın bir hissəsini şəxsi inkişafa, bir hissəsini isə layihənin texniki xərclərinə və ML modelinin daha da inkişaf etdirilməsinə yatırım edə bilərlər.
III yerin qalibi “Smart Screen” komandasının rəhbəri Səmayə Şıxıyeva da ərsəyə gətirdikləri layihənin xüsusiyyətlərini, hazırlıq prosesində baş verənləri bizimlə bölüşüb.
Səmayənin sözlərinə görə, hakaton olduqca maraqlı və dinamik keçib: “Qısa zaman çərçivəsində komanda olaraq sıx əməkdaşlıq etdik və nəticə etibarilə uğurlu bir layihə ortaya qoyduq. Təqdim etdiyimiz layihə “Süni intellekt əsaslı müsahibə platformasının hazırlanması”na yönəlib. Layihənin əsas ideyası HR mütəxəssislərinin iş yükünü azaltmaq və işə qəbul prosesində obyektivliyi artırmaqdır. Bildiyimiz kimi, HR-a daxil olan CV-lərin sayı bəzən o qədər çox olur ki, onların hamısını detallı şəkildə qiymətləndirmək çətinləşir. Platformamız yüklənən CV-ləri avtomatik analiz edir, namizədlərə ilkin qiymətləndirmə (məsələn, 100 bal üzərindən nəticə) verir və zəif tərəflər varsa, onları inkişaf etdirməyə yönəlmiş fərdi təlim planı təqdim edir. Bu baxımdan layihə həm B2B (şirkətlər üçün), həm də B2C (təzə məzunlar və müsahibələrdən kəsilən namizədlər üçün) modelinə uyğundur”.
Komanda rəhbəri bu maraqlı layihəni hazırlayan yoldaşları haqqında söyləyir ki, komanda qısa müddət ərzində formalaşsa da, əməkdaşlıq yüksək səviyyədə olub: “Komandamız 6 nəfərdən ibarət idi: Səbuhi Kazımzadə “Frontend developer”, Ramilə İbişova “Data analysts”, Xalid Əhmədov “Ai engineer”, Səmayə Şıxıyeva “Project manager”, Rüxsarə Muxtarova “Business analysts”, Lalə Əliyeva “Ui/Ux dizayner”. Mən komanda koordinasiyasını, iş bölgüsünü, vaxt idarəçiliyini və ümumi icra prosesini cavablandırırdım. Fikir ayrılığı olduqda qərarları müzakirə və əsaslandırma yolu ilə, hər kəsin fikrini nəzərə alaraq həll edirdik.
Layihəni hazırlayarkən “JavaScript”, “Flutter”, “PostgreSQL”, “Figma”, “Llama” modelindən istifadə etmişik, “Android Studio”, “Excel”, “Canva” və “Asana” kimi müxtəlif texnologiya və alətlərdən yararlanmışıq. Qısa müddətdə bu qədər çox texnologiyanı sinxron şəkildə tətbiq etmək bizim üçün həm çətin, həm də çox öyrədici təcrübə oldu”.
“Hakaton real problemlərə yönəlmiş həll yaratmaq bacarığı qazandırdı”
Səmayə Şıxıyeva söyləyir ki, gələcəkdə layihəni genişləndirmək və daha funksional hala gətirmək planları da var: “Bu hakaton bizə həm güclü rəqiblərlə mübarizə aparmaq təcrübəsi, həm də real problemlərə yönəlmiş həll yaratmaq bacarığı qazandırdı. Digər komandaların təqdimatları da olduqca ilhamverici idi və bizə yeni yanaşmalar öyrətdi.
Qazandığımız mükafatı şəxsi inkişaf və layihənin davamı üçün istifadə etməyi düşünürük. Həm komanda olaraq təcrübəmizi artırmaq, həm də platformanı daha stabil və təkmil hala gətirmək əsas prioritetlərimizdəndir”, – deyə o qeyd edib.



