Kolleksiyasını dərs vəsaitinə çevirən müəllim

5 Oktyabr, 2026 - 17:23
Kolleksiyasını dərs vəsaitinə çevirən müəllim

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günündə müəllimlərin yalnız sinifdəki fəaliyyətindən deyil, onların dərsdənkənar maraq və məşğuliyyətlərindən də danışmaq maraqlıdır. Bəzən müəllimin hobbi kimi başladığı bir məşğuliyyət illər sonra həm şəxsi kolleksiyaya, həm də şagirdləri üçün əlavə öyrənmə mənbəyinə çevrilir.

Belə müəllimlərdən biri də Biləsuvarda yaşayan texnologiya müəllimi Əlövsət Abışovdur. O, uzun illərdir qədim və müxtəlif dövrlərə aid pullar toplayır. Kolleksiyasında gümüş, mis, kağız və müxtəlif tarixi dövrlərə aid nümunələr var. Lakin Əlövsət müəllim üçün bu pullar sadəcə kolleksiya deyil. O, onları dərslərində də istifadə edir, şagirdlərə metallar, onların xüsusiyyətləri, hazırlanma və bəzədilmə üsulları ilə yanaşı, həmin pulların daşıdığı tarixi öyrədir.

“Azərbaycan müəllimi”nin müsahibi olan Əlövsət Abışovla maraqlı kolleksiyası və müəllimlik fəaliyyəti ilə bağlı söhbət etdik.

Metallara olan marağı peşə seçiminə də təsir edib.

1969-cu ildə Biləsuvarda anadan olan Əlövsət Abışov orta təhsilini doğma şəhərində alandan sonra, təhsilini davam etdirmək üçün Qazaxıstana gedərək Temirtau şəhərində təhsil alıb.

Onun sözlərinə görə, metallara olan marağı da müəyyən mənada peşə seçiminə təsir edib.

“Temirtau metallurgiya şəhəridir. Beləliklə, həyatımın müəyyən hissəsi metallarla bağlı oldu”, – deyə həmsöhbətimiz bildirir.
1989-cu ildə Azərbaycana qayıdan Əlövsət Abışov həmin il Biləsuvarda fəaliyyətə başlayan Nəriman Nərimanov adına 6 nömrəli məktəbdə texnologiya fənnindən dərs deməyə başlayıb. O, 35 ildən çoxdur ki, müəllimlik fəaliyyəti ilə məşğul olur.

Beşinci sinifdə başlayan maraq

Əlövsət Abışovun numizmatikaya marağı isə məktəb illərində başlayıb: “Numizmatikaya marağım beşinci sinifdən yaranıb. O vaxt müxtəlif ölkələrin pulları təsadüfən əlimə düşdü. SSRİ dövrü idi, xarici ölkələrin pullarını tapmaq o qədər də asan deyildi.

Monqolustan, Çexoslovakiya, o vaxtkı Almaniya Demokratik Respublikasına aid pullar əldə etdim. Həmin pulları görmək mənim üçün maraqlı idi və yavaş-yavaş toplamağa başladım”.

Sonralar bu maraq daha da genişlənib. Çar Rusiyası dövrünün pulları, Azərbaycan xanlıqları dövründə zərb olunan sikkələr, tariximizin müxtəlif mərhələlərinə aid nümunələr kolleksiyada öz yerini tutub.

Əlövsət müəllim xüsusilə qədim sikkələrin hazırlanma xüsusiyyətlərinə diqqət çəkir. Onun sözlərinə görə, bəzi qədim pullar müasir mexaniki üsullarla hazırlanan sikkələrdən fərqlənir. Onların ölçüsü və forması eyni olmaya, üzərində ərəb və fars əlifbası ilə yazılar ola bilir.

Zaman keçdikcə kolleksiyaya Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, sonrakı tarixi mərhələlərə və müxtəlif ölkələrə aid nümunələr də əlavə olunub. Bu gün isə kolleksiyanın dəqiq sayını özü də deməkdə çətinlik çəkir: “İndiyə qədər saymamışam. Təxminən 500, 700, bəlkə də 1000-ə yaxın nümunə ola bilər. Bir hissəsi burada, digər hissəsi başqa yerlərdədir. Mənim üçün əsas onların sayı deyil. Mənə maraqlı olan üzərindəki atributlar, simvollar, gözəlliyi və tarixidir”.

Kolleksiyadan dərs vəsaitinə

Həmsöhbətimizin kolleksiyasının ən maraqlı xüsusiyyətlərindən biri onun evdə saxlanılmamasıdır. Belə ki, texnologiya dərsində metallar, onların təsnifatı, xüsusiyyətləri və səthinin bəzədilməsi üsullarını tədris edən müəllim qədim pullardan praktiki nümunə kimi istifadə edir: “Texnologiya dərsində qara və əlvan metallar haqqında danışıram. Metalların səthinin bəzədilməsi üsulları var. Qədim pullardan istifadə etməklə uşaqlara zərbetməni, relyefin necə yarandığını göstərirəm. Pulların üzərində zaman keçdikcə yaranan patina təbəqəsini də izah edirəm. Təbii patinləşmə və süni patinləşmə haqqında danışıram”.

Beləliklə, bir sikkə onun dərsində sadəcə qədim əşya kimi deyil, konkret mövzunun izahı üçün əyani vasitəyə çevrilir.

Əlövsət Abışov hesab edir ki, real tarixi nümunəni şagirdin öz gözləri ilə görməsi onun mövzuya marağını artıra bilər. Onun sözlərinə görə, kolleksiyası vasitəsilə şagirdlərdə təkcə texnologiyaya deyil, tarixə, kimyaya, arxeologiyaya və ümumilikdə mədəni irsə maraq yaratmağa çalışır: “İstəyirəm ki, şagirdlərimin arasında da numizmatikaya maraq olsun. Çünki Azərbaycanda bu sahə ilə məşğul olanların sayı çox deyil. Halbuki numizmatika həm tarixdir, həm də mədəniyyətdir. Uşaqlar bir sikkəyə baxmaqla həmin dövr, ölkə, insan və hadisələr haqqında düşünməyə başlayırlar”.

Bir sikkə, bir tarix

Əlövsət müəllim deyir ki, illər ərzində kolleksiyasından istifadə etdiyi dərslərdə şagirdlərin maraqlı reaksiyalarının şahidi olub.
O, 1990-cı illərin əvvəllərində baş vermiş bir hadisəni xatırlayır. Kolleksiyasındakı Amerika sikkələrindən birini şagirdlərə göstərən zaman uşaqlardan biri həmin pulu əvvəllər filmdə gördüyünü deyib. Belə hadisələr müəllim üçün sadəcə maraqlı xatirə deyil. O hesab edir ki, məhz belə kiçik detallardan uşaqlarda araşdırmaq, öyrənmək və yeni suallar vermək həvəsi yarana bilər: “Şagirddə maraq olanda məqsəd də yaranır. Kimisi tarixə maraq göstərir, kimisi kimyaçı olmaq istəyir, kimisi başqa sahəyə yönəlir. Mənim məqsədim də onlarda bu marağı yaratmaqdır”. 

O, həmçinin şagirdlərin tarixi və mədəni irsi qorumasının vacibliyini vurğulayır. “Bizə lazımdır ki, tarixi abidələrimizi, dəyərlərimizi qoruyaq və gələcək nəsillərə çatdıraq”, – deyə müəllim bildirir.

Təkcə pullar deyil...

Əlövsət Abışovun qədim əşyalara marağı zamanla numizmatika ilə məhdudlaşmayıb. Əlinə düşən müxtəlif qədim əşyaları da toplamağa başlayıb.

Onun kolleksiyasında vaxtilə qədim musiqi aləti kimi istifadə olunan gildən hazırlanmış bir fit də olub. Sonradan bu əşyanı Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinə bağışlayıb: “Muzey əməkdaşlarından biri ilə söhbət zamanı xahiş etdi ki, Biləsuvarın sakinləri və muzeyə gələn qonaqlar da bunu görsünlər. Mən də həmin aləti muzeyə bağışladım. Düşündüm ki, daha çox sayda insan onunla tanış olsun”.

Evdə muzey olacaq

Əlövsət müəllimin qədim pullara olan marağı isə hələ bitməyib. O, kolleksiyasını toplamaqda davam edir. Qarşıdakı ən böyük arzularından biri isə illər ərzində topladığı nümunələri daha sistemli şəkildə nümayiş etdirməkdir.

“Gələcək planım evimin bir otağında  muzey yaratmaqdır”, – deyə o bildirir.

Bəlkə də həmin otaqda yalnız qədim pullar deyil, eyni zamanda bir müəllimin onilliklər ərzində topladığı xatirələr, araşdırmalar və şagirdlərə ötürdüyü biliklər də öz əksini tapacaq. Çünki Əlövsət Abışov üçün bu sikkələrin hər biri sadəcə metal parçası deyil. Onların üzərində tarix, mədəniyyət və insan əməyinin izləri var. Və həmsöhbətimiz də həmin izləri qorumaqla yanaşı, onları yeni nəslə çatdırmağa çalışır.

Bu bir daha göstərir ki, müəllimin təsir dairəsi yalnız sinif otağının divarları ilə məhdudlaşmır. Bəzən bir qədim sikkə şagird üçün tarixə, elmə və araşdırmaya açılan ilk qapıya çevrilə bilər.

“Müəllim olmaqdan qürur duyuram”

Söhbət müəllimlikdən düşəndə isə Əlövsət Abışovun üzü gülür. 35 ildən artıq müəllimlik təcrübəsi olan müsahibimiz üçün müəllimlik sadəcə peşə deyil: “Müəllim olmaq böyük məsuliyyətdir. Hər kəs müəllim ola bilməz. Müəllimi müəllim edən onun bacarığı, qabiliyyəti, dünyagörüşü, əqidəsi, vətəninə və xalqına məhəbbətidir. Müəllimlik şərəfli peşədir. Və mən müəllim olmaqdan qürur duyuram”.