Komitə sədri: Naxçıvanda uşaqların keyfiyyətli təhsil alması üçün hərtərəfli şərait yaradılıb - MÜSAHİBƏ
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova uşaq hüquqları ilə bağlı “Azərbaycan müəllim”nin suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
- Muxtar respublikada uşaq hüquqlarının təmin edilməsi ilə bağlı ümumi vəziyyəti qiymətləndirərdiniz. Bu sahədə hansı işlər görülüb?
- Nəzərinizə çatdıraq ki, 2025-ci il 1 iyul tarixə olan statistik məlumata əsasən, Muxtar Respublikada uşaqların sayı 11 5896 nəfər olub ki, bunlardan da 2079 nəfəri sağlamlıq imkanları məhdud, 79 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır.
Ölkə Prezidenti İlham Əliyevin müvafiq sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, MR-də uşaqların təhsil hüququnun təmin edilməsi, onların keyfiyyətli təhsil almaları məqsədilə hərtərəfli şərait yaradılıb, müasir infrastrukturlu uşaq müəssisələri fəaliyyət göstərir. Uşaqlar ölkədaxili və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, eləcə də hər il ali və orta-ixtisas təhsil müəssisələrinə yüksək balla qəbul olan abituriyentlərin sayı artır. Sevindirici haldır ki, onların içərisində qızlar üstünlük təşkil edir. Həmçinin ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olan ödənişli ixtisaslarda təhsil alan qızların təhsilinə dəstək göstərilməsi məqsədilə müvafiq kateqoriyadan olan tələbələr aid təqaüd proqramına cəlb olunublar. Belə ki, “Gənc qızların təhsilinə dəstək layihəsi” çərçivəsində həyata keçirilən “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı 2025”də Naxçıvan Muxtar Respublikasından olan 14 tələbə yer alıb. 21 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin yanında keçirilən müşavirədə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə bir sıra vəzifələr qoyulub. Həmin vəzifələrin icrası ilə bağlı cari il ərzində MR-dəki ümumtəhsil məktəblərində şagirdlərin təhsildən yayınmasının səbəblərinin araşdırılması və onların təhsilə cəlb olunması məqsədilə komitədə işçi qrupu yaradılıb, müvafiq uşaqların yaşadıqları ünvanlarda monitorinqlər keçirilib, valideynlərlə qanunamüvafiq söhbətlər aparılıb, təhsildən yayınan uşaqların təhsilə reinteqrasiyası təmin edilib. Monitorinqlər zamanı ümumilikdə 28 uşağın dərsə davamiyyəti təmin edilib.
Bundan əlavə, müvafiq dövr ərzində yetkinlik yaşına çatmayan qızlara toy mərasimlərinin keçirilməsi ilə bağlı komitəyə daxil olan məlumatlar əsasında 5 uşaq evliliyinin qarşısı alınıb.
Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin nəticəsidir ki, MR-də atılmış uşaq yoxdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar öz yaxın qohumları tərəfindən himayə və qəyyumluğa götürülür və onların yaşadığı evlərdə mütəmadi olaraq monitorinqlər keçirilir, sosial problemləri ilə maraqlanılır və həlli istiqamətində lazımi tədbirlər həyata keçirilir.
MR-də milli dəyərlərin və adət-ənənələrin qorunmasının nəticəsində uşaq hüquq və mənafelərinin ciddi şəkildə pozulması halları müşahidə olunmur. Lakin komitə tərəfindən uşaq hüquqlarının pozulmasına səbəb olan bir sıra hallar – erkən və qohum nikahları, uşaq əməyinin istismarı və uşaqların təhsildən yayınmasının qarşısının alınması, onların sağlamlıqlarının, eləcə də zərərli informasiya və vərdişlərdən qorunması daim diqqətdə saxlanılır və lazımi tədbirlər görülür.
- 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabatda nələr əks olunub?
- Azərbaycan Respublikası Prezidentinin 08 may 2012-ci il tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq hər il, eləcə də “2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair” illik hesabat hazırlanır. Muxtar respublikada dövlət nəzarətini Azərbaycan Respublikasının Qanunlarının əsasında müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları və müvafiq komissiyalar həyata keçirirlər. Hər il uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq mərkəzi icra hakimiyyəti orqanları və komissiyalar cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları növbəti ilin yanvar ayının 15-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir. Komitə tərəfindən məlumatlar təhlil edilib ümumiləşdirilərək uşaq hüquqlarının təmin edilməsinə dair illik hesabat hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Uşaq Hüquqları Müdafiəsi üzrə Komissiyasına təqdim edilir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 01 aprel tarixli Qərarı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar” təsdiq olunub. Hazırlanan müvafiq hesabatlarda muxtar respublikada yaşayan uşaqlarla bağlı statistik məlumatlar, onların təhlili, uşaqların, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmini, onlar üçün inklüziv imkanların əlçatanlığının təşkili, uşaqlara sosial və psixoloji dəstək, reabilitasiya xidmətlərinin göstərilməsi, uşaqların intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər, muxtar respublikanın uşaq əhalisinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlər, müxtəlif sahələrdə uşaq hüquqlarının qorunması istiqamətində aparılan monitorinqlər, həyata keçirilən müxtəlif səpkili maarifləndirmə və təbliğat tədbirləri, xüsusi kateqoriyadan olan, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, təkvalideynli və aztəminatlı ailələrdən olan, həmçinin şəhid və qazi övladlarının sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və sairə barədə məlumatlar öz əksini tapıb. Həmçinin növbəti il üçün uşaq hüquqlarının qorunması məqsədi ilə monitorinq keçiriləcək uşaq müəsisələrinin siyahısı hazırlanıb komissiyaya təqdim olunur. Bildirim ki, hər il dövlət və özəl uşaq müəssisəsi olmaqla 30 müəssisədə dövri monitorinqlər keçirilir. 2025-ci il ərzində 24 dövlət və özəl uşaq müəssisəsində, 6 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşağın yaşadığı ünvanda, 1 uşaq əməyinin qarşısının alınması, 5 erkən nikah hallarının qarşısının alınması, 3 digər uşaq hüquqpozma halları, 40 təhsildən yayınmanın qarşısının alınması ilə əlaqədar ümumilikdə 79 monitorinq keçirilib.
- Monitorinqin nəticələrini əsas götürərək vəziyyətin daha da yaxşılaşdırılması üçün hansı təkliflər irəli sürmüsünüz?
- Uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlərə vətəndaş cəmiyyətinin diqqət və dəstəyinin artırılması, vətəndaşlar tərəfindən uşaq hüquqpozma halları ilə qarşılaşdıqları təqdirdə dərhal aidiyyəti üzrə məlumatların verilməsi bu sahədə fəaliyyətin daha da yaxşılaşdırılmasına töhfə verə bilər.
- Uşaq hüquqlarının qorunması üçün məktəb və ailələrlə maarifləndirici söhbətlər aparılır?
- Dövlət uşaq siyasətinin həyata keçirilməsi istiqamətlərindən biri kimi komitə tərəfindən MR-in şəhər və rayonlarında, həmçinin ucqar kəndlərdə valideynlər, müəllimlər, məktəb psixoloqları, valideyn komitəsi sədrləri və uşaqlarla müxtəlif səpkili mövzularda maarifləndirici tədbirlər, təlimlər, seminarlar, görüşlər keçirilir və əlamətdar günlər və bayramlar silsilə tədbirlərlə qeyd edilir. Belə ki, uşaq məsələlərinə dair təbliğat və maarifləndirmə üzrə işlər uşaq hüquq və vəzifələri, erkən və qohum nikahların fəsadları, ailə, məktəb və cəmiyyət, uşaqların sosial şəbəkələrdən düzgün istifadə etmələri, uşaq əməyinin istismarının qarşısının alınması, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət, bədən tərbiyəsi və idmanın kütləviliyinin təbliği və uşaqlara sağlam həyat tərzinin aşılanması, milli-mənəvi dəyərlər, adət-ənənələrin qorunması istiqamətlərində aparılır. Keçirilən tədbirlərdə iştirakçılara təqdimat nümayiş olunur, mövzuya dair broşürlər paylanılır və posterlər aid elan lövhələrinə yerləşdirilir.
- Uşaq əməyinin istismarının qarşısının alınması yönümündə hansı işlər görülür? Monitorinq keçirilirmi?
- Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər sırasında “Uşaq əməyinin istismarının qarşısının alınması” ilə bağlı görülən işlər dayanır. Belə ki, müvafiq mövzuda MR-də fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin və valideynlərin iştirakı ilə tədbirlər keçirilir, mövzu ilə əlaqədar iştirakçılara Komitə tərəfindən hazırlanmış maarifləndirici broşürlər paylanılır.
- Dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq Naxçıvanda həyata keçirilən ümumi tədbirlər və layihələr barədə məlumat verərdiniz.
- Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada uşaqların təhsili, sağlamlığı, asudə vaxtlarının səmərəli keçirilməsi, onlara sosial və psixoloji dəstək göstərilməsi ilə bağlı bir çox tədbirlərin icrası nəzərdə tutulub ki, onlardan biri də regional ailə mərkəzlərinin yaradılmasıdır. Bildirim ki, ilkin olaraq müvafiq Dövlət Proqramının icrası ilə bağlı Şərur və Culfa rayonlarında Regional Ailə mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanılıb, mərkəzlərin inzibati binalarının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması davam etdirilir. Həmin mərkəzlərdə ailə planlaşdırılması, ailələrə psixoloji dəstək, məişət zorakılığına məruz qalmış şəxslərin, həssas qrupdan olan ailələrin uşaqlarının, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi nəzərdə tutulur.
- Uşaqların sosial şəbəkələrdən düzgün istifadəsi və onları zərərli informasiyalardan qorumaq üçün hansı işlər görülür, monitorinq və təlimlər keçirilirmi?
- Uşaqların internet və sosial şəbəkələrdən düzgün istifadə etmələri, eləcə də zərərli informasiyalardan qorunması məqsədilə MR-in şəhər və rayonlarında, həmçinin kəndlərdə uşaq müəssisələrində seminar, təlim, tədbir və görüşlər keçirilir, onlarla geniş söhbətlər aparılır.
- Muxtar respublikada uşaqların söz haqqı və ünsiyyət hüququ sahəsində hansı işlər görülür?
- Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Mediasiya Təşkilatı ilə birgə maarifləndirici tədbirlər keçirir. Həmin tədbirlərdə fundamental ailə dəyərləri, uşaqların aliment, valideynlərlə ünsiyyət hüququnun təmin edilməsi, eləcə də mediasiya prosesində mübahisələrin qısa vaxt ərzində həll edilmə yollarından bəhs edilir.
- Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı hansı işlər görülüb və onların təhsilə cəlbi üçün hansı üsullardan istifadə edilir?
- MR-də sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası daim nəzarətdə saxlanılır. Komitə fəaliyyət göstərdiyi müddət ərzində həmin uşaqların təhsilə cəlbi ilə bağlı lazımi tədbirlər həyata keçirib. Görülən işlərin, eləcə də onların valideynləri ilə aparılan maarifləndirici söhbətlərin nəticəsidir ki, müvafiq kateqoriyadan olan uşaqlar digər uşaqlarla birgə təhsil alır, həmin uşaqların cəmiyyətə inteqrasiyası, o cümlədən inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sosial reabilitasiyalarının təmin olunması həyata keçirilir. Müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilib, ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olan müvafiq uşaqların sayı artıb.
Komitə tərəfindən hər il ənənəvi olaraq ali təhsil müəssisələrinə qəbul zamanı tələbə adı qazanan xüsusi kateqoriyadan olan uşaqlarla görüş keçirilir və onlara hədiyyələr təqdim olunur. Həmçinin 2025-ci il ərzində sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 2079 uşağa, eləcə də onlara qulluq edən şəxslərə sosial müavinətlər ödənilıb.
Uşaq əhalisinin sağlamlığının qorunması üçün Naxçıvan MR Perinatal Mərkəzdə uşaqlara yoluxucu xəstəliklərə görə peyvəndləmə, məktəblərdə vərəm əleyhinə şagirdlər arasında kütləvi diaksin test sınaqları aparılır, həmçinin bağça və məktəblərdə qurd invaziyalarına görə müayinələr həyata keçirilir.
Həmçinin MR-in kənd mərkəzlərində Ailə Sağlamlıq Mərkəzləri fəaliyyət göstərir ki, bunun nəticəsində evlərdə doğuş hallarının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tibb müəssisələri tərəfindən nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirilir. Görülən işlərin nəticəsində muxtar respublikada ana və uşaq ölümləri minimum səviyyədədir.
Uşaq hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilən işlərin səmərəliliyinin artırılması, ardıcıl və sistemli şəkildə davam etdirilməsi, onların fiziki, psixoloji və sosial rifahının qorunmasına yönəlmiş layihələrin icrası bundan sonra da Komitənin fəaliyyətinin prioritet istiqaməti kimi diqqətdə saxlanılacaq.



