Lənkəran məktəblisinin təhsil və idmanda formalaşan uğur yolu

26 Dekabr, 2025 - 16:29
Lənkəran məktəblisinin təhsil və idmanda formalaşan uğur yolu

Son illərdə Lənkəran şəhər məktəbliləri arasında həm təhsildə, həm də idmanda fəallığı ilə seçilən şagirdlərdən biri də İsmayıl Ramil oğlu Məcidzadədir. Hazırda Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin 6 "e" sinfində təhsil alan 11 yaşlı İsmayıl məktəb həyatına məsuliyyətli yanaşması, idmana olan marağı və çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir.

“Azərbaycan müəllimi” olaraq bu, istedadlı məktəblinin uğurları ilə oxucularımızı da tanış etmək istədik.

İsmayılın təhsil yolu Lənkəran şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyada başlayıb. İbtidai təhsilini həmin təhsil müəssisəsində başa vuran İsmayıl hazırda 7 nömrəli məktəbdə oxumağa davam edir. Dərslərə marağının hər zaman yüksək olduğunu deyən İsmayıl məktəb mühitini yalnız bilik məkanı deyil, həm də formalaşdırıcı bir mühit kimi dəyərləndirir. Müəllimləri və sinif yoldaşları ilə ünsiyyət onun məktəb həyatını daha da maraqlı edir.

İsmayılın fənlərə marağı da fərqlidir. Xüsusilə coğrafiya fənni onun diqqətini daha çox cəlb edir. Dünya ölkələri, maraqlı məkanlar, dövlət bayraqları və rəmzlər haqqında məlumat toplamaq İsmayılın əsas maraq dairəsinə daxildir. Bununla yanaşı, riyazi elmlərə də xüsusi həvəs göstərir. O, hər gün məktəbdən sonra növbəti günün dərslərinə anası ilə birlikdə hazırlaşaraq biliklərini möhkəmləndirir: “Məktəb həyatı mənim üçün çox önəmlidir. Dərslərə marağım olduqca yüksəkdir. Məktəbdə sinif yoldaşlarımla və müəllimlərimlə vaxt keçirməyi çox sevirəm. Dünya ölkələri, dünyada olan maraqlı yerlər, ölkə bayraqları haqqında məlumatlı olduğum üçün coğrafiya fənni mənim üçün daha çox maraqlıdır. Coğrafiya fənni ilə yanaşı riyazi elmlərə də marağım olduqca yüksəkdir. Hər gün məktəbdən sonra növbəti günün dərslərinə anamla birlikdə hazırlaşıram”.

Təhsillə yanaşı, idman da İsmayılın həyatında mühüm yer tutur. Uşaqlıqdan futbola maraq göstərən İsmayıl, atasının tövsiyəsi ilə cüdo idman növü ilə də məşğul olmağa başlayıb. Zaman keçdikcə cüdonun ona daha uyğun olduğunu anlayan İsmayıl bu sahədə ardıcıl məşqlərini davam etdirir. 22 noyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən klublararası cüdo yarışında 55 kq çəki dərəcəsi üzrə I yerə layiq görülüb. Onun sözlərinə görə, cüdo ona sağlam həyat tərzini, özünəinamı, intizamı və qalibiyyət ruhunu aşılayır: “İdman mənim həyatımda təhsilimdən sonra 2-ci yeri tutur. Cüdo mənə sağlam həyat tərzini,  özünü müdafiəni, dostlaşmanı və qalibiyyəti öyrədir”.

Hazırda müxtəlif yarışlara hazırlaşan İsmayılın əsas hədəfi birincilik əldə etməkdir. O, idmanla məşğul olmağın təhsilə mane olmadığını, əksinə düzgün planlama ilə hər iki sahədə uğur qazanmağın mümkün olduğunu düşünür. Günün birinci yarısını dərslərə, ikinci yarısını isə məktəb və idman məşqlərinə ayıran İsmayıl həftənin üç günü və istirahət günlərində məşqlərdə iştirak edir. Bu prosesdə ailəsinin dəstəyini xüsusilə vurğulayır: “Eyni vaxtda müxtəlif işlərlə məşğul olmaq çətin olmur. Çünki ailəm mənə böyük dəstək olur. Səhərdən günortaya kimi dərslərimə vaxt ayırıram. Günortadan axşama kimi məktəbdə oluram. Həftənin 3 günü və istirahət günləri idmanla məşğul oluram”.


İsmayıl ailəsi ilə yanaşı, ona bu yolda dəstək olan müəllimlərinə də təşəkkür etməyi unutmur: “Mənə dərslərimlə yanaşı, digər bacarıqlarımı da inkişaf etdirmək üçün daim şərait yaradan və dəstək olan məktəbimizin direktoru Aynur müəllimə, sinif rəhbərim Aygün müəllimə, eləcə də idmanda qazandığım nailiyyətlərə görə qara kəmər sahibi, beynəlxalq dərəcəli Əkbər müəllimə öz təşəkkürümü bildirirəm”.

Boş vaxtlarında da aktiv olmağı sevən İsmayıl idmanla yanaşı, dünya ölkələri və onların rəmzləri haqqında yeni məlumatlar öyrənməyi özünə hobbi seçib. Bu marağı onun geniş dünyagörüşünə və öyrənməyə olan həvəsinə dəlalət edir.

Gələcək planları ilə bağlı hələ konkret peşə seçimi etməsə də, İsmayıl hazırda özünü idman sahəsində inkişaf etdirmək istəyir. İnanır ki, zəhmət, ailə dəstəyi və məqsədyönlü çalışma onu daha böyük uğurlara aparacaq.

İsmayıl Məcidzadənin timsalında bir daha görürük ki, təhsil və idmanın vəhdəti, düzgün istiqamət və ailə-məktəb əməkdaşlığı uşaqların formalaşmasında mühüm rol oynayır. İstedadlı məktəbliyə təhsil və idman yolunda uğurlar arzulayırıq.