Lənkəran peşə təhsili yeni mərhələdə: müasir mərkəz, yeni imkanlar
Lənkəran şəhərində yerləşən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin uzaqdan diqqətçəkən yeni binası regionda peşə təhsilinin inkişafı üçün mühüm mərhələdir. Müasir memarlıq üslubunda inşa edilən korpusun həyətinə daxil olan kimi burada yaradılan geniş və səliqəli mühit insanın diqqətini cəlb edir. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu mərkəz artıq region gənclərinə peşəkar gələcəyə aparan yeni imkanlar təqdim edir. Müasir laboratoriyalar, emalatxanalar, innovativ ixtisaslar və dövlət-özəl sektor əməkdaşlığı gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradacaq.
“Azərbaycan müəllimi” mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub.
Müasir otaqlar, laboratoriyalar, emalatxanalar, informatika kabinetləri və digər tədris məkanları tələbələrin həm nəzəri, həm də praktiki biliklər əldə etməsi üçün geniş imkanlar yaradır.
“Biz istehlakçı deyil, istehsalçı düşüncə tərzinə keçidi hədəfləyirik”
Mərkəzin direktoru Afər Kərimov deyir ki, yeni binanın istifadəyə verilməsi kollektiv və tələbələr üçün mühüm dəyişikliklər yaradıb.
“Artıq bizim tələbələr ən müasir şəraitdə ən müasir peşələrə yiyələnə, seçdikləri ixtisaslarda daha keyfiyyətli və müasir standartlara uyğun peşə təhsili ala biləcəklər. Şəxsi inkişaflarında, karyera qurmalarında geniş imkanlar və əlaqələr qazanacaq, seçdikləri peşələrlə bağlı vahid bir biznes prosesinin iştirakçısı ola, sosial və innovativ layihələrin iştirakçısına çevrilə biləcəklər. Bu imkan verəcək ki, müəllimlərimiz və tələbələrimiz texniki və xidmət sahələrində dəyişikliklərin müəllifləri kimi çıxış edə bilsinlər. Və ən əsası müasir infrastruktur bizim düşüncə tərzimizi və baxışımızı dəyişəcək. Biz “istehlakçı” deyil, “istehsalçı” düşüncə tərzinə keçidi hədəfləyirik, düşüncələrimizi bəhanələrə deyil, imkanlara yönəltməyə çalışacağıq. Qeyd olunan imkanlardan düzgün yararlana bilsək Lənkəran-Astara İqtisadi Regionunun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq bir peşə təhsil mərkəzinə çevrilə biləcəyik”.
42 ixtisas, 55 qrup, 962 tələbə
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti yarım əsrdən artıq tarixə malikdir. 1969-cu ildə texniki peşə məktəbi kimi fəaliyyətə başlayan bu təhsil müəssisəsi illər ərzində müxtəlif inkişaf mərhələlərindən keçərək bu gün regionun aparıcı peşə təhsil ocaqlarından birinə çevrilib. 2024-cü ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçən Mərkəzdə hazırda 42 ixtisas üzrə tədris aparılır. 55 qrupda, ümumilikdə, 962 tələbə təhsil alır. Bu ixtisaslar regionun iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyənləşdirilib. 7 korpusdan ibarət Mərkəzdə 300 nəfərlik geniş akt zalı, zəngin kitabxana, idman kompleksi və uzaq rayonlardan gələn tələbələr üçün 53 yerlik müasir yataqxana binası istifadəyə verilib.
Mərkəzdə elektrik və hibrid avtomobillərinin texniki xidməti, CNC texnologiyaları, kibertəhlükəsizlik və alternativ enerji kimi müasir sahələr üzrə kadr hazırlığı regionun texnoloji inkişafına töhfə verir. Laboratoriya və emalatxanalar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə imkan yaradır. İstixana və digər təlim sahələri tələbələrə real iş mühitinə yaxın şəraitdə təcrübə qazanmaq imkanı verir.
Afər Kərimov bildirir ki, bütün bu imkanlar tələbələrin gələcək karyerasına da müsbət təsir göstərir: “Məqsədimiz tələbələri əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişdirməkdir. İxtisasların seçimi də məhz bu prinsip əsasında formalaşdırılıb”.
“Tələbələr praktiki bacarıqlarını real şəraitdə sınayırlar”
Mərkəzin informatika müəllimi Fidan Qasımzadə deyir ki, yeni bina tədris prosesinə də müsbət təsir göstərib: “Yeni binamız dərsləri daha maraqlı və interaktiv edib. Tələbələr praktiki bacarıqlarını real şəraitdə sınayırlar, səhvlərdən dərhal nəticə çıxarırlar. Bu da onların öyrənmək həvəsini artırır. Ümumiyyətlə, peşə təhsili gənclərə bacarıqlı və özünə inamlı mütəxəssis kimi yetişmək imkanı verir. Bu, onların gələcək karyerasını uğurla qurmasına və həyatdakı məqsədlərinə çatmasına böyük dəstəkdir. Hər tələbəmizin uğuru mənim də müəllim kimi ən böyük sevincim və motivasiyamdır”.
“Tələbələr real bağça mühitində istehsalat təcrübəsi keçirlər”
Mərkəzdə yeni yaradılmış ixtisaslardan biri də dayəlikdir. Bu ixtisasın tədrisi prosesində tələbələrə uşağın psixologiyası, erkən inkişaf, gigiyena qaydaları, ilkin tibbi yardım və kommunikasiya bacarıqları öyrədilir.
Dayəlik üzrə peşə təlimi ustası Təranə Əliyevanın sözlərinə görə, bu ixtisasın açılması regionda peşəkar uşaq baxımı sahəsində kadrlara artan tələbatla bağlıdır: “Yeni binada tədris üçün müasir auditoriyalar və praktiki məşğələ otaqları yaradılıb. Praktiki dərslər real situasiyalar əsasında təşkil olunur və tələbələrin nəzəri biliklərini tətbiq etməsinə xüsusi diqqət yetirilir. Tələbələr real bağça mühitində istehsalat təcrübəsi keçirlər. Bu ixtisas üzrə məzun olan gənclər üçün həm yerli, həm də xarici əmək bazarında geniş iş imkanları və davamlı inkişaf perspektivləri mövcuddur”.
Təranə müəllim bildirir ki, bu təcrübə onlarda məsuliyyət hissinin, operativ qərarvermə və ünsiyyət bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
“Məzunların bir hissəsi təcrübə keçdikləri işəgötürənlər tərəfindən işlə təmin olunurlar”
Mərkəz dövlət və özəl sektorla əməkdaşlığa da xüsusi önəm verir. Hazırda 30-a yaxın müəssisə ilə əməkdaşlıq həyata keçirilir. Dual təhsil modeli isə tələbələrə nəzəri biliklərlə yanaşı real iş mühitində praktiki bacarıqlar qazanmağa imkan yaradır. Direktorun sözlərinə görə, bu yanaşma məzunların əmək bazarına daha tez inteqrasiya olunmasına kömək edir: “Dual peşə proqramının üstünlüyü ondadır ki, tələbələr bu proqram çərçivəsində tədrisin 70%-ni seçdikləri ixtisas üzrə praktiki işlə məşqul olurlar. Ən maraqlı məqam odur ki, məzunların bir hissəsi təcrübə keçdikləri işəgötürənlər tərəfindən işlə təmin olunurlar. Müəssisələrlə əməkdaşlıq regionda peşə təhsilinin keyfiyyətini artırır, innovativ mühitin formalaşmasını və regionun sosial-iqtisadi inkişafı dəstəkləyir. “Şəhərsalma və Arxitektura İli” çərçivəsində özəl sektorla birgə “SMART City” layihəsinin icrasına başlamışıq. Alternativ enerji ilə çalışan, müasir şəhər infrastrukturuna və vətəndaşların rahatlığına köməklik edən bir qurğunu Lənkəran şəhərində yerləşdirmişik. Layihə çərçivəsində bu istiqamətdə müxtəlif işləri Lənkəran, Astara və Lerikdə etməyi planlaşdırırıq”.
“2025-ci ildə qadın məzunların sayı kişilərdən çox oldu”
Qadınların peşə təhsilindəki rolundan söhbət düşəndə direktor maraqlı bir faktı da açıqlayır: “Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində işə başlayanda mərkəzdə 1 xanım təhsil almağa gəlmişdi. Hazırda mərkəzdə müxtəlif ixtisaslarda 400 qadın təhsil alır. Bu, ümumilikdə, peşə təhsilinə marağın, diqqətin və etibarlılığın göstəricisidir. 2025-ci ildə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində məzun olan qadınların sayı kişi tələbələrin sayından çox oldu”.
“İstehsal etdiyimiz smart qurğu arıçılıq sahəsinin ölkə üzrə inkişafına xidmət edəcək”
Direktor son illərdə kənd təsərrüfatı sahəsində peşə təhsili almaq üçün müraciət edənlərin sayında artım olduğunu da vurğulayır: “Ölkəmizin inkişafı ilə bağlı təsdiq edilmiş “Strateji yol xəritə”lərində Lənkəran-Astara İqtisadi Regionu turizm və kənd təsərrüfatının inkişafında əhəmiyyətli yer tutur. Bunu nəzərə alaraq mərkəzdə hər il bu sahələrdə kadr hazırlığı üçün ixtisaslar sifariş verilir. Bir müddətdir ki, arıçılıq sahəsinin inkişafı ilə bağlı əməkdaşlıq etdiyimiz arıçılıq təsərrüfatı ilə “Bal Team” layihəsini icra edirik. Layihənin sponsoru yoxdur, görülən bütün işlər əməkdaşlıq nəticəsində reallaşır. Bu layihə Lənkəran-Astara iqtisadi regionunda kənd təsərrüfatı sahəsində innovasiyalar hakatonunun qalibidir. Birgə istehsal etdiyimiz smart qurğu arıçılıq sahəsində ölkə üzrə data məlumatlarının yığılmasına, arı ailələrinin məsafədən idarə edilməsinə, arıçılıq sahəsində aqroturizmin inkişafına xidmət edəcək. Təhsil turizmi, qastronomiya turizmi, aqroturizmlə də bağlı maraqlı layihə ideyalarımız var. Düşünürük ki, bu sahələrlə bağlı müxtəlif qurumlar layihələrin icrasına dəstək verə biləcəklər”.
“Bu sistem ölkəmizdə peşə təhsilində ilk dəfə tətbiq olunur”
Afər Kərimov qeyd edir ki, rəqəmsallaşma və süni intellektin tədrisə inteqrasiyası mərkəzin əsas inkişaf istiqamətlərindən biridir:
“Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin saytının elektron tədris bölməsində süni intellektin imkanlarını tətbiq etməklə müxtəlif ixtisaslar üzrə dərs materialları hazırlanıb yerləşdirilir ki, tələbələr dərslərə rahat çıxış imkanına malik olsunlar, müəllimlər isə öz materiallarını paylaşa bilsinlər. Bu sistem ölkəmizdə peşə təhsilində ilk dəfə tətbiq olunur və bu yanaşma mərkəzimizi süni intellektin tədrisə inteqrasiyası ilə bağlı innovativ və qabaqcıl müəssisə kimi fərqləndirir. Rəqəmsallaşma istiqamətində sayt üzərində yaradılmış “ZəkAİ” süni intellekt bələdçisi istifadəçilərə mərkəz və ixtisaslar barədə suallara operativ cavab verir. Eyni zamanda “ZəkAİ” peşə ixtisası seçmək istəyənlərə karyera bələdçiliyi edə bilir”.
“2026-2030-cu illər üçün “Strateji inkişaf planı””
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi qarşıdakı illərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda Mərkəzin 2026-2030-cu illər üçün “Strateji inkişaf planı”nın hazırlandığını bildirən direktor Lerikdə mövcud korpusun yenilənməsini, Astarada yeni korpusun yaradılmasını və rəqəmsallaşma istiqamətində layihələrin həyata keçirilməsini mərkəzin əsas hədəfləri sırasında olduğunu qeyd edir:
“Hər il Astaradan Lənkərana 200-300 tələbə peşə təhsili almağa gəlir. Astarada mərkəzin korpusunun yaradılması peşə təhsilinin əlçatanlığına xidmət edəcək və daha çox vətəndaşlarımız peşə təhsili almaq üçün dövlət dəstəyindən faydalanacaq”.
Afər Kərimovun sözlərinə görə, məqsəd mərkəzi regionda təhsil, biznes və dövlət sektorunun əməkdaşlığı üçün innovativ platformaya çevirməkdir.
Şübhəsiz ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılan müasir infrastruktur və tədris imkanları region gənclərinin peşəkar bacarıqlara yiyələnməsinə, əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verəcək.



