"Maarifçi” mənə təhsilə geniş baxış və praktiki təcrübə imkanı yaradır - Proqram iştirakçısı
Ali təhsil müəssisələrində əldə olunan nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsi gənclərin peşəkar inkişafında mühüm rol oynayır. Bu baxımdan, “Maarifçi” tələbə-məzun təcrübə proqramı gənclərin idarəçilik sahəsində bilik və bacarıqlarını artırması, iş mühitini yaxından tanıması və gələcək karyeraları üçün zəruri təcrübə qazanması baxımından əhəmiyyət daşıyır. Proqram iştirakçılarına həm praktiki biliklər əldə etmək, həm də öz potensiallarını reallaşdırmaq imkanı yaradır.
“Azərbaycan müəllimi” olaraq proqram iştirakçılarından biri - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Xüsusi təhsil sektorunda təcrübə keçən Ülviyyə Quliyeva ilə həmsöhbət olduq.
Onun sözlərinə görə, “Maarifçi” proqramının iştirakçısı olmaq qərarının əsas səbəbi təhsil sahəsinə yalnız nəzəri baxımdan deyil, proseslərin içərisində olaraq daha yaxından bələd olmaq istəyi olub: “Universitetdə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alsam da, zaman keçdikcə təhsilin yalnız sinif otağında baş verən prosesdən ibarət olmadığını, onun arxasında idarəetmə, keyfiyyət təminatı, siyasətlərin hazırlanması, monitorinq və müxtəlif tərəflər arasında əməkdaşlığın dayandığını daha aydın gördüm. “Maarifçi” proqramını da bu baxımdan özümü inkişaf etdirmək və təhsil sisteminə daha geniş prizmadan baxmaq üçün yaxşı imkan hesab etdim.
“Maarifçi”dən əsas gözləntim təhsil sistemində gedən prosesləri yaxından müşahidə etmək və nəzəri biliklərimi praktiki fəaliyyətlə əlaqələndirmək idi. Eyni zamanda, fərqli təhsil müəssisələrindən və istiqamətlərdən olan gənclərlə bir mühitdə, ünsiyyətdə olmaq və özümü peşəkar baxımdan daha yaxşı tanımaq istəyirdim. Bu gözləntilərim xüsusilə proqram çərçivəsində müxtəlif tədbirlərdə, görüşlərdə və təhsil sahəsi ilə bağlı fəaliyyətlərdə iştirak etdikcə daha da genişləndi”.
Ü.Quliyeva qeyd edib ki, proqram müddətində onun üçün ən faydalı olan məqamlardan biri təhsil proseslərinə daha sistemli yanaşmağı öyrənməyi olub: “Təhsilin keyfiyyətinin yalnız nəticələrlə deyil, həmin nəticələrə aparan proseslərin düzgün qurulması ilə də bağlı olduğunu daha yaxından görmək imkanım oldu.Həmçinin rəhbər şəxslərlə və digər təhsil sektoru nümayəndələri ilə keçirilən görüşlər, aparılan müzakirələrin hər biri təhsildə bir çox məsələnin həlli üçün yalnız bir istiqamətin deyil, müxtəlif baxışların bir araya gəlməsini təsdiqlədi.
Hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Xüsusi təhsil sektorunda fəaliyyət göstərməyim də bu bilikləri praktik mühitdə görməyimə imkan verir. Xüsusi təhsil sahəsində müxtəlif proseslərlə tanış olduqca proqram çərçivəsində öyrəndiyim idarəetmə, qiymətləndirmə və sistemli yanaşmanın əhəmiyyətini daha yaxşı anlayıram”.
Həmsöhbətimiz vurğulayıb ki, “Maarifçi” proqramından əvvəl də təhsil sahəsində çalışmağa marağı olub: “Lakin proqram bu marağın istiqamətini daha da dəqiqləşdirdi. Mən təhsili əvvəl daha çox müəllimlik və tədris baxımından düşünürdümsə, proqram müddətində təhsil sisteminin idarə olunması və inkişaf etdirilməsi istiqamətinin də mənim üçün maraqlı və uyğun olduğunu daha aydın gördüm. Xüsusilə təhsil müəssisələrində və ümumilikdə sistem səviyyəsində qəbul olunan qərarların şagird, müəllim və digər iştirakçılara necə təsir etdiyini görmək mənim üçün əhəmiyyətli təcrübə oldu”.
Müsahibimiz bildirib ki, onu ən çox maraqlandıran məsələlərdən birinin təhsil sistemində verilən hər bir qərarın arxasında real insanların və onların fərqli ehtiyaclarının dayanması olub: “Bəzən müəyyən bir məsələni yalnız sənəd, statistika və ya göstəricilər üzərindən qiymətləndirmək asan görünür.Lakin prosesin içərisində olduqda görürsən ki, həmin göstəricilərin arxasında konkret şagird, müəllim, valideyn və məktəb təcrübəsi dayanır.
Xüsusilə hazırda MÜDTA-da Xüsusi təhsil sektorunda fəaliyyət göstərməyim bu baxımdan mənim üçün çox öyrədici oldu. Müxtəlif ehtiyacları olan uşaqların təhsilə çıxışının və təhsil prosesində iştirakının təmin olunması məsələsinə daha yaxından baxmaq mənə təhsildə fərdiləşdirilmiş və ehtiyaca əsaslanan yanaşmanın nə qədər vacib olduğunu göstərdi.
“Maarifçi” proqramı çərçivəsində müxtəlif görüşlərdə və tədbirlərdə iştirakım da mənə təhsil sahəsində problemlərə hazır cavablar axtarmaqdansa, düzgün suallar verməyin vacibliyini öyrətdi. Mənim üçün proqramın ən dəyərli tərəflərindən biri məhz bu düşüncə tərzinin formalaşması oldu: problemi görmək, səbəbini araşdırmaq və həll üçün əsaslandırılmış yanaşma təklif etmək”.
Gənc “Maarifçi” qeyd edib ki, proqramda qazandığı təcrübəni gələcəkdə ilk növbədə təhsil sahəsində mövcud ehtiyacları daha yaxşı anlamağa və onların həllinə yönəlmiş təşəbbüslərdə tətbiq etmək istəyir: “Mənim üçün əsas məsələ təhsil sahəsində yalnız mövcud problemləri müəyyənləşdirmək deyil, həm də bu problemlərin səbəblərini araşdırmaq, onların həlli üçün real və tətbiq oluna bilən təkliflər irəli sürməkdir. Hesab edirəm ki, təhsil sisteminin inkişafı üçün qərarlar yalnız ümumi yanaşmalara deyil, mövcud vəziyyətin təhlilinə, real ehtiyaclara və əldə olunan nəticələrin qiymətləndirilməsinə əsaslanmalıdır. Bu baxımdan, təhsil sahəsində aparılan araşdırmaların və monitorinqlərin nəticələrindən istifadə etməklə problemlərin həllinə yönəlmiş təkliflərin hazırlanmasını vacib hesab edirəm. Bununla yanaşı, gənclərin təhsil sahəsində baş verən proseslərə daha yaxından cəlb olunmasını və onların fikir və təşəbbüslərinə imkan yaradılmasını da əhəmiyyətli hesab edirəm. İstərdim ki, gələcək fəaliyyətimdə həm öz bilik və bacarıqlarımı inkişaf etdirim, həm də qazandığım təcrübəni təhsilin daha keyfiyyətli, əlçatan və ehtiyaclara uyğun təşkil olunmasına töhfə verən işlərdə tətbiq edim.
Düşünürəm ki, “Maarifçi” proqramının mənə qazandırdığı təcrübənin əsas dəyəri təhsil sahəsinə daha geniş baxış formalaşdırması və öyrəndiklərimi praktik fəaliyyətlə əlaqələndirmək imkanı yaratmasıdır. Gələcək məqsədim bu təcrübəni davamlı inkişaf üçün əsas götürərək, təhsil sahəsində real ehtiyaclara cavab verən təşəbbüslərin hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etməkdir”.




