"Maarifçi" məzunu idi, indi iş başındadır – Uğur yolu

4 Fevral, 2026 - 15:10
"Maarifçi" məzunu idi, indi iş başındadır

Oxucu onu daha əvvəl sadəcə “Maarifçi”nin məzunu kimi tanıyırdı. İndi isə o, artıq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsində işləyir. Söhbət keçən il üçüncü dəfə keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı, 51 namizəd arasında 3 mərhələni uğurla keçərək təcrübə keçmək imkanı əldə edən Aytən Ağasıyevadan gedir. 

"Azərbaycan müəllimi" proqramı uğurla bitirib, əmək fəaliyyətinə başlayan gənc kadrla həmsöhbət olub.

Məlumat üçün bildirək ki, o, Ordubad rayonunun Nüsnüs kəndində anadan olub və elə həmin kəndin orta məktəbini bitirib. Daha sonra Naxçıvan Dövlət Universitetinin "Fizika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Təhsil aldığı müddətdə “Həsən Abdullayev” adlı təqaüdə layiq görülüb. Naxçıvan Dövlət Universitetində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası üzrə magistr təhsili alıb. Magistraturanı da fərqlənmə diplomu ilə bitirib.

Bəs onun maarifçi kimi formalaşmağında hansı mərhələlər həll edici olub?

“Bəzən qapının arxasında dayanırıq ki, o qapı açılsın. Amma qapını döyməyi unuduruq. Maarifçi proqramı da mənim üçün bir qapı oldu”,- deyir. O günləri belə xatırlayır: “Test mərhələsini uğurla keçdikdən sonra müsahibə mərhələsinə dəvətlə bağlı mail almışdım, lakin vaxtında qoşula bilməmişdim. Buna baxmayaraq, təkrar link göndərildi və mən müsahibədən də uğurla keçdim”. 

İndi təhsil işçisi sayılan gənc deyir ki, təhsilə bağlılığı bu sahədə davam etməyinə səbəb olub: “Beləliklə də əmək fəaliyyətimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində İnsan resursları şöbəsində başladım. Nazirlikdə işləmək bır sıra imkanlar yaradır ki, onlardan biri də yeni mühit, yeni insanlarla tanış olmaq, təhsillə bağlı olan layihələrdə, konsepsiyalarda iştirak etməkdir. İş mühiti gələcəkdə daha peşəkar kadr kimi formalaşmağımda xüsusi rol oynayacaq”.

Deyir ki, elə Naxçıvanın təhsil mühiti onu kadr kimi formalaşdırıb: “Əminliklə deyə bilərəm ki, bu gün Naxçıvanda formalaşan intellektual kütlə getdikcə genişlənir. İndi praktiki bacarıqlarını inkişaf etdirən intellektual gənclərin sayı artıb, dünyəvi təhsilə inteqrasiya daha çoxdur”. 

Aytən Ağasıyeva müəllimi ilə birlikdə həm də “İbtidai sinif müəllimlərinin peşə bacarıqlarının monitorinqi və qiymətləndirilməsi” adlı metodik vəsait də yazıb. Deyir ki,  bu metodiki dərs vəsaitini yazmaqda əsas məqsədi ibtidai sinif müəllimlərinin belə məlumat mənbələrinə əlçatanlılığını artırmaqdır:

“Eyni zamanda, məqsədim keyfiyyətli təhsilə öz töhfəmi verməklə yanaşı, şagirdlərin sağlam düşüncə tərzinin formalaşması üçün vacib olan  resursların sayının artılılmasıdır. İbtidai təhsil hər birimiz üçün təməl təhsildir. Təməli güclü olan hər şey daha möhkəm və sağlam olur. Bu vəsait ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub. Kitab müəllimlərin səriştəliliyini və peşə bacarıqlarını təkmilləşdirmək üçün lazım olan vəsaitlərdən biridir. Təhsil sisteminin modernləşdirilməsi və müasir pedoqoji yanaşmaların tətbiqi baxımından aktuallığa malikdir. Əsas ideya da odur ki, şagirdlərin yaradıcılığına önəm verilsin. Bizim yolumuz şagirdlərin istəyi, onların seçimləri olmalıdır. Gələcəyimizin memarı olan hər bir müəllim bu yolda cəsarətli olmalı, şagirdin güvən yerinə çevrilməlidir”. 

Gənc kadr kimi düşünür ki, müəllimlərin ən çox çətinlik çəkdiyi məqam şagirdin daxili dünyasına yaxın ola, ora boylana bilməməsidir: 

“Bundan əlavə, ailə-məktəb münasibətlərinin düzgün qurulmamasıdır.  Kitabda da ailə-məktəb münasibətlərini diqqətdə saxlamışam. Bu mövzuya dair türk yazıçısı Əziz Nesinin “İndiki uşaqlar möcüzədir” kitabından sitat da gətirmişəm.
Metodik vəsaitdə əsas yeniliyim yazdığım esse nümunələrinin kitabda öz əksini tapmasıdır. “Kölgə ovlayan adam” “Meyvə ağacları”, “Muradın babası ilə söhbəti” kimi sevərək nəticə çıxarıla bilən hekayələr vəsaitdə nəşr olunub. Həmçinin Yaponiya kimi inkişaf etmiş ölkələrin təhsillə bağlı yanaşmaları araşdırılıb, digər ölkələrlə müqayisələr aparılıb”.

“Maarifçi anlayışı sizə görə nəyi ifadə edir?”- deyə soruşuruq: 

“ Maarifçi anlayışı mənim üçün müasir təfəkkürlü, geniş dünyagörüşə, yaradıcı qabiliyyətə malik qurucu deməkdir. Yaradıcılıq harada varsa, orada innovasiya, yenilik var. Arzum budur ki maarifçi ruhu heç zaman sönməsin. Mənə görə, mənəvi kasıblığımızın yolunu keyfiyyətli təhsillə, yaradıcılıqla kəsmək mümkündür. Bu baxımdan maarifçilərə nəfəs ala biləcəyi mühit, gələcəyimizin memarlarına sağlam təfəkkür və peşəkarlıq, düşünən kütləmizə tərəqqi arzu edirəm”.

Görünür ki, hələ onun gediləcək yolu çox, böyük uğurları qarşıdadır. Kim bilir, bəlkə də başqa uğurlarına görə yenidən həmsöhbət olacayıq...