Maarifləndirmə yalnız “insan alveri təhlükəlidir” mesajından ibarət olmamalıdır - Deputat

23 Sentyabr, 2026 - 15:08
Maarifləndirmə yalnız “insan alveri təhlükəlidir” mesajından ibarət olmamalıdır

Uşaqların və gənclərin müxtəlif risklərdən qorunmasında maarifləndirmə və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. İnsan alveri risklərinin qarşısının alınması baxımından təhsil müəssisələrində məlumatlılığın artırılması, pedaqoji heyətin bu istiqamətdə hazırlığının gücləndirilməsi, eləcə də valideynlər və aidiyyəti qurumlar arasında əməkdaşlığın təşkili isə diqqət yetirilən əsas məsələlər sırasındadır.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, insan alverinə qarşı mübarizədə ən təsirli vasitələrdən biri profilaktikadır.

Onun sözlərinə görə, profilaktikanın ən mühüm istiqamətlərindən biri uşaqların və gənclərin vaxtında, yaşlarına uyğun və düzgün şəkildə maarifləndirilməsidir:

“Bu baxımdan təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşür. Bununla belə, müasir dövrdə insan alveri ilə bağlı risklər yalnız ənənəvi üsullarla məhdudlaşmır.

İnternet və sosial şəbəkələr üzərindən qurulan saxta tanışlıqlar, iş və təhsil vədləri, müxtəlif manipulyasiya və etimaddan sui-istifadə halları uşaqlar və gənclər üçün yeni risklər yaradır. Xüsusilə rəqəmsal mühitdə uşağın qarşısındakı şəxsin real kimliyini və niyyətini müəyyənləşdirmək həmişə mümkün olmur”.

Deputatın sözlərinə görə, məktəbdə aparılan maarifləndirmə yalnız “insan alveri təhlükəlidir” mesajından ibarət olmamalıdır:

“Uşağa konkret risk əlamətlərini tanımaq, şübhəli təkliflərə münasibətdə düzgün qərar vermək, şəxsi məlumatlarını qorumaq, təhlükə ilə üzləşdikdə kimə və necə müraciət etmək öyrədilməlidir”.

O həmçinin vurğulayıb ki, burada məqsəd uşaqları qorxutmaq deyil, onlarda təhlükəsiz davranış vərdişləri və özünüqoruma bacarığı formalaşdırmaqdır:

“Bu biliklər yaş qruplarına uyğun metodlarla təqdim edilməli, xüsusilə yeniyetmələrlə praktik situasiyalar əsasında iş aparılmalıdır”.

M.Məmmədli bildirib ki, digər mühüm məsələ müəllimlərin, məktəb psixoloqlarının və digər təhsil işçilərinin hazırlığıdır:

“Çünki uşaq bəzən qarşılaşdığı təhlükəni özü ifadə edə bilmir və ya bunu təhlükə kimi dərk etmir. Müəllim və psixoloq isə uşağın davranışındakı kəskin dəyişiklikləri, davamiyyət problemlərini, sosial təcridi, qorxu və narahatlığı, yaxud digər risk siqnallarını daha erkən görə bilər”.

Onun sözlərinə görə, buna görə də təhsil işçilərinin insan alverinin müasir formaları, uşaqların istismar riskləri, rəqəmsal təhlükələr və belə hallarda müraciət mexanizmləri barədə biliklərinin davamlı şəkildə yenilənməsi vacibdir.

Deputat qeyd edib ki, eyni zamanda müəllimin və psixoloqun üzərinə hüquq-mühafizə orqanlarının funksiyasını qoymaq düzgün olmazdı:

“Onların əsas vəzifəsi risk əlamətlərini vaxtında görmək, uşağın təhlükəsizliyini ön plana çəkmək və müəyyən edilmiş prosedur üzrə müvafiq mütəxəssis və qurumlara məlumat ötürməkdir. Bunun üçün məktəblərdə aydın və işlək hərəkət alqoritmlərinin olması xüsusi əhəmiyyət daşıyır”.

M.Məmmədli məktəb, ailə və dövlət arasında əməkdaşlığın da vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, bu üç tərəf arasında koordinasiya olmadan davamlı nəticə əldə etmək çətindir. Bundan əlavə, valideyn uşağın gündəlik davranışına və ünsiyyət mühitinə ən yaxın şəxsdir, məktəb uşağın sosial və psixoloji vəziyyətində baş verən dəyişiklikləri müşahidə etmək imkanına malikdir, aidiyyəti dövlət qurumları isə hüquqi müdafiə və peşəkar müdaxilə mexanizmlərinə sahibdir. Bu imkanlar vahid sistem daxilində birləşdirildikdə profilaktikanın effektivliyi artır”.

Deputat xüsusilə valideynlərin rəqəmsal savadlılığının artırılmasını vacib hesab etdiyini bildirib:

“Uşağın internetdən istifadəsinə nəzarət yalnız qadağalar qoymaq demək deyil. Valideyn övladının istifadə etdiyi rəqəmsal platformaları, oradakı mümkün təhlükələri və uşağın onlayn ünsiyyətində qarşılaşa biləcəyi manipulyasiya üsullarını da bilməlidir”.

M.Məmmədli əlavə edib ki, uşaqların insan alverindən qorunmasına yalnız baş vermiş hadisəyə reaksiya verilməsi kimi yanaşmaq olmaz:

“Əsas məqsəd riskin uşağa çatmamış qarşısının alınması olmalıdır. Bunun üçün məktəblərdə sistemli maarifləndirmə, müəllim və psixoloqların davamlı hazırlığı, valideynlərin prosesə cəlb edilməsi, uşaqlar üçün etibarlı müraciət imkanlarının əlçatan olması və aidiyyəti dövlət qurumları arasında operativ koordinasiya vahid profilaktik mexanizm kimi fəaliyyət göstərməlidir”.

Komitə üzvü onu da vurğulayıb ki, uşağa yalnız “təhlükədən uzaq dur” demək kifayət deyil:

“Biz ona təhlükəni tanımağı, düzgün seçim etməyi, “yox” deməyi və ehtiyac yarandıqda haradan yardım alacağını öyrətməliyik. Maariflənmiş uşaq daha müdafiəli uşaqdır”, - deyə deputat qeyd edib.