“Maksimum nəticə üçün çox çalışdım” – Qarabağın birinciləri
Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Qarabağın 10 şagirdi 280 baldan yuxarı nəticə göstərib.
“Azərbaycan müəllimi” xəbər verir ki, region üzrə Bərdə, Tərtər, Ağdam, Füzuli, Ağcabədi məktəbliləri yüksək nəticə göstərənlər sırasında yer alıblar. Göstəricilərdə liderlik 297.3 və 295 balla Tərtər və Bərdə məktəblərinin şagirdlərinə məxsusdur.
Buraxılış imtahanında xüsusi seçilən hər iki şagird 9-cu sinif imtahanları zamanı da yüksək nəticə əldə edərək fərqlənmə attestatı alıblar.
"Azərbaycan müəllimi" regionun yüksək nəticə göstərən hər iki şagirdi ilə həmsöhbət olub.
Əvvəlcə region birincisi Xumar Həsənli ilə başlayırıq.
Xumar Tərtər rayonunda anadan olub. Rafiq Nuriyev adına Tərtər şəhər 6 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır.
O, 2024-cu ildə 9-cu sinif buraxılış imtahanında maksimum 300 bal toplayaraq region birincisi olub.
"Artıq bir dəfə belə bir uğura nail olmuşdum. Bu ildə hədəfim maksimum nəticə əldə edərək region birincisi olmaq idi. Yaxşı nəticə üçün də çox çalışmaq lazım olduğunu bilirdim. Bunun üçün əlimdən gələni etdim və qarşılığını da gördüm".
Xumar Azərbaycan Tibb Universitetinə qəbul olmağa hazırlaşır. Məqsədi yüksək bal toplayaraq tibb təhsili almaqdır.
Region üzrə növbəti tüksək nəticə Bərdə məktəblisi olan Nərgiz Rəhimliyə məxsusdur.
Nərgiz Rəhimli 2008-ci ildə Bərdədə anadan olub.
Orta təhsilini bir müddət akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseydə alıb, hazırda isə N.Nərimanov adına 3 nömrəli məktəbin 11-ci sinif şagirdidir.
Nərgiz də 9-cu sinifdə buraxılış imtahanında 291 bal toplayaraq fərqlənmə attestatı alıb.
"Martda keçirilən imtahanda 295 bal topladım. Hədəfim 300 mümkün balı toplamaq idi. Nəticəmin yaxşı olması, maksimum bal toplamaq üçün əlimdən gələn qədər çalışmışam. I qrup üzrə imtahana hazırlaşıram. Məqsədim Bakı Ali Neft Məktəbində ali təhsil almaqdır. Bunun üçün isə çalışmağa davam etmək lazımdır".



