MDU Azərbaycan çempionatında yüksək nəticə əldə edib
Mingəçevir Dövlət Universitetində sağlam həyat tərzi və idman ənənələri davamlı şəkildə inkişaf edir. Bunu universitetin müəllim-tələbə heyətinin idman sahəsində əldə etdiyi nailiyyətlər də sübut edir. 2026-cı ilin 28 fevral – 1 mart tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən pauerliftinq və benç-press üzrə Azərbaycan çempionatında Mingəçevir Dövlət Universitetinin nümayəndələri uğurlu nəticələr əldə ediblər. Çempionatda universitetin məşqçi-müəllimi Mehman Baxışov, tələbələr Vaqif Əhmədli və Şamil Daşdəmirov iştirak edərək yüksək idman göstəriciləri nümayiş etdiriblər.
Yarışların nəticələrinə əsasən məşqçi-müəllim Mehman Baxışov master kateqoriyasında I, tələbə Vaqif Əhmədli gənclər arasında I, Şamil Daşdəmirov isə III yerlərə layiq görülüblər. Uğurlu çıxış edən universitet nümayəndələri çempionatın təşkilatçıları tərəfindən medal və diplomlarla təltif olunublar.
Qazanılan nailiyyətlər universitetdə də yüksək qiymətləndirilib. 2026-cı ilin 5 mart tarixində keçirilən Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında məşqçi-müəllim Mehman Baxışov Şuranın qərarına əsasən mükafatlandırılıb. Həmçinin çempionatda uğur qazanan tələbələr universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılaraq onların idman sahəsində əldə etdikləri nəticələr xüsusi olaraq qeyd olunub.
“İdman mənim həyatımın ayrılmaz hissəsidir”
“Azərbaycan müəllimi” olaraq çempionatda qızıl medal qazanan tələbələrdən biri – Yevlax rayon sakini Vaqif Əhmədli ilə həmsöhbət olduq. O bildirib ki, idmana marağı hələ məktəb illərindən başlayıb və universitetdə bu maraq daha da güclənib: “İdman mənim həyatımın ayrılmaz hissəsidir. Mingəçevir Dövlət Universitetində təhsil aldığım müddətdə bu sahədə daha böyük imkanlar əldə etdim. Mehman müəllimin rəhbərliyi ilə keçirilən müntəzəm məşqlər bizə yalnız fiziki güc deyil, həm də iradə və intizam qazandırır. Bu uğurda müəllimimin böyük rolu var”
“Universitetdə sağlam idman mühiti formalaşıb”
Universitetin məşqçi-müəllimi Mehman Baxışov isə tələbələrlə uzun illərdir sistemli şəkildə məşğul olduğunu deyir. O bildirir ki, universitetdə idmana göstərilən diqqət tələbələrin uğurlarına birbaşa təsir edir:
“Universitetdə sağlam idman mühiti formalaşıb. Basketbol və voleybol üzrə qızlardan ibarət komandalarımız, eləcə də oğlanlardan ibarət futbol komandamız müxtəlif yarışlarda uğurla çıxış edir. Bundan əlavə, fərdi olaraq məşq etdiyim tələbələr də artıq beynəlxalq yarışlara hazırlaşır və onların bir qismi beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir. İdman təkcə nəticə deyil, həm də tərbiyədir – bu gün gənclərimizdə məhz bu ruhu formalaşdırmağa çalışırıq”.
Mehman Baxışov özü də veteran idmançılar arasında keçirilən yarışda qızıl medal qazanaraq yüksək nəticə göstərib. Onun sözlərinə görə, müəllimin aktiv idman fəaliyyəti tələbələr üçün də motivasiya mənbəyinə çevrilir: “Gənclərə nümunə olmaq üçün müəllim özü də daim formada olmalıdır. Mən tələbələrə yalnız məşq keçmirəm, həm də onların yanında dayanaraq göstərirəm ki, zəhmət və nizam-intizam hər zaman uğura aparır”
“Universitetdə idman üçün yaxşı şərait yaradılıb”
Çempionatda üçüncü yerə layiq görülən Şəkidən olan tələbə Şamil Daşdəmirov isə Mingəçevir Dövlət Universitetində “Mühasibat uçotu” ixtisası üzrə təhsil almasına baxmayaraq, universitet illərində idmana marağının daha da artdığını deyir: “Universitetə qəbul olandan sonra idmana daha ciddi yanaşmağa başladım. Mehman müəllimlə müntəzəm məşqlər bizə böyük motivasiya verir. Burada tələbələrin idmanla məşğul olması üçün çox yaxşı şərait yaradılıb. Bu mühit insanı daha güclü olmağa, öz üzərində işləməyə ruhlandırır”.
Mingəçevir Dövlət Universitetində idman sahəsində əldə olunan uğurlar bununla məhdudlaşmır. Universitetin “Sosial iş” ixtisasının I kurs tələbəsi Nazpəri Cabbarova kikboksinq üzrə keçirilən Azərbaycan çempionatında çempion adını qazanıb. Onun bu uğuru da universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və Nazpəri Cabbarova universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin idman fəaliyyətinin dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi və müxtəlif idman növlərində uğur qazanması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Universitetdə formalaşan idman mühiti tələbələrin fiziki hazırlığını artırmaqla yanaşı, onların iradə, məqsədyönlülük və komanda ruhu kimi keyfiyyətlərinin inkişafına da mühüm töhfə verir.
Son çempionatın nəticələri isə bir daha göstərir ki, Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri idman sahəsində də ölkə miqyasında uğurla təmsil olunurlar.



