MDU tələbələri veloyürüş keçiriblər
Sentyabrın 20-də Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Universitet İdmanı Gününə həsr olunan veloyürüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təşəbbüsün əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviq edilməsi, universitet idmanına marağın artırılması, eləcə də aktiv və dayanıqlı yaşam mədəniyyətinin formalaşdırılmasına töhfə verməkdir.
Veloyürüş zamanı fiziki fəallığın insan sağlamlığının qorunmasına, həyat keyfiyyətinin yüksəldilməsinə və sağlam vərdişlərin formalaşdırılmasına müsbət təsiri diqqətə çatdırılıb. Bununla yanaşı, gənclərin gündəlik həyatında velosipedlə hərəkətə üstünlük verməsinin təşviqi, aktiv mobillik imkanlarının dəstəklənməsi və ətraf mühitə daha az təsir göstərən davranışların yayılması tədbirin əsas istiqamətləri sırasında yer alıb.
Birgə veloyürüş tələbələrin yalnız fiziki fəallığının artırılmasına deyil, həm də onların sağlam və ekoloji baxımdan məsuliyyətli həyat tərzinə təşviq edilməsinə xidmət edib. Velosipedlə hərəkətin təşviqi nəqliyyat vasitələrindən qısaməsafəli istifadə hallarının azaldılması, daha sağlam şəhər mühitinin dəstəklənməsi və dayanıqlı mobillik mədəniyyətinin inkişafı baxımından da əhəmiyyət daşıyır.
Beynəlxalq Universitet İdmanı Günü münasibətilə reallaşdırılan bu təşəbbüs MDU-da sağlam və inklüziv universitet mühitinin inkişaf etdirilməsi, tələbələrin sosial və fiziki fəallığının artırılması, ekoloji məsuliyyət və dayanıqlı həyat tərzi ilə bağlı yanaşmaların gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Tədbir, eyni zamanda, sağlamlığın və rifahın təşviqi, dayanıqlı şəhər və icmaların formalaşdırılmasına töhfə verilməsi, eləcə də iqlim və ətraf mühitə həssas davranışların təşviqi baxımından universitetin dayanıqlı inkişaf yanaşmaları ilə uzlaşır.




