Məktəb dinin təbliği meydanına çevrilməməlidir – Deputat

13 Oktyabr, 2026 - 18:09
Məktəb dinin təbliği meydanına çevrilməməlidir

“Dünyəvi təhsil dinə qarşı münasibət deyil. Məktəb hər hansı dini baxışın təbliği və ya dini təsir uğrunda mübarizə meydanına çevrilməməlidir. Məktəbdə şagirdlərə elmi biliklər, qarşılıqlı hörmət və müxtəlif dünyagörüşlərinə anlayışla yanaşmaq bacarığı aşılanır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva bildirilib.

Deputatın sözlərinə görə, vahid məktəbli formasının tətbiqi müəyyən edilmiş qaydalara riayət olunmasını, məktəb mühitində intizamın qorunmasını və şagirdlər arasında zahiri fərqlərin azaldılmasını hədəfləyir: “Azərbaycanda bu qaydaların icrası hüquqi əsaslara söykənir, bütün şagirdlərə aydın şəkildə izah edilir.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə məktəbli geyimlərinə dair qaydalara dəyişikliklər edilib. Qərarda müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilməməsi nəzərdə tutulur. Eyni zamanda, milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimlərdən istifadə imkanı saxlanılır.

Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dövlət idarəçiliyinin dini qaydalardan ayrılmasını, dövlətin dini etiqadlar qarşısında neytral mövqeyini və təhsilin elmi biliklər əsasında təşkilini nəzərdə tutur.

Dünyəvi təhsil dinə qarşı münasibət deyil. Məktəb hər hansı dini baxışın təbliği və ya dini təsir uğrunda mübarizə meydanına çevrilməməlidir. Məktəbdə şagirdlərə elmi biliklər, qarşılıqlı hörmət və müxtəlif dünyagörüşlərinə anlayışla yanaşmaq bacarığı aşılanır. Baş örtüyü məsələsinə gəldikdə, qadınların və qızların gündəlik həyatda, müxtəlif təşkilatlarda baş örtüyündən istifadə etməsi ilə məktəblərdə müəyyən edilmiş geyim formasına riayət edilməsi məsələləri eyniləşdirilməməlidir”.

K.Nurullayeva qeyd edib ki, Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərləri ailəyə hörmət, uşaqlara qayğı, vətənpərvərlik və ictimai həmrəylik kimi prinsipləri əhatə edir. Bu dəyərlərin qorunması həm də gələcək nəsillərin məsuliyyətli vətəndaş kimi yetişdirilməsidir: “Məktəblərin ideoloji təhlükəsizliyi məsələsinə də bu baxımdan yanaşmaq lazımdır. Təhsil müəssisələri siyasi və dini manipulyasiyalardan, nifrət təbliğatından, ayrı-seçkilikdən və uşaqların həssaslığından sui-istifadə edən təsirlərdən qorunmalıdır. Yəni məktəbin vəzifəsi uşaqları hər hansı dini və ya ideoloji sınağın iştirakçısına çevirmək deyil, onların müstəqil düşünən, bilikli və məsuliyyətli vətəndaş kimi yetişməsinə şərait yaratmaqdır.

Milli dəyərlərin qorunması, dünyəvi təhsilin möhkəmləndirilməsi və uşaqların hüquqlarına hörmət bir-birini tamamlayan prinsiplərdir. Cəmiyyətin ideoloji təhlükəsizliyi məhz bu tarazlığın qorunması ilə güclənir”, - deyə o qeyd edib.