Məktəb həyatı ilə bağlı araşdırmaya start verilib
Məktəb həyatı ilə bağlı insanların yaddaşında iz qoymuş hadisələrin toplanması məqsədilə yeni araşdırmaya başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədqiqat Təhsil İnstitutunun şöbə müdiri Tural Alışov tərəfindən aparılır.
Məqsəd şagirdlərin, müəllimlərin, valideynlərin, məktəb rəhbərlərinin, psixoloqların və məktəb həyatını yaxından yaşamış hər kəsin xatirələrini toplamaq, daha sonra isə onları beynəlxalq elmi tədqiqatların nəticələri ilə müqayisə edərək təhlil etməkdir.
Paylaşılacaq xatirələr müəllimin dediyi bir cümlə, sinifdə baş vermiş hadisə, uğur, uğursuzluq və ya illər keçsə də unudulmayan hər hansı məktəb xatirəsi ola bilər.
Təqdim edilən bütün məlumatlar tam məxfi saxlanılacaq və heç bir müəllimin, şagirdin, valideynin və ya məktəbin adı açıqlanmayacaq.
Paylaşılan hekayələr müəllimlərin, valideynlərin və gələcək nəsillərin məktəbə baxışına müsbət təsir göstərə, bu sahədə aparılan elmi araşdırmalara töhfə verə bilər.
Məktəb xatirəsini bölüşmək istəyən şəxslər məlumatlarını tural.alishov88@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.




