Məktəbdə peşə təhsili aldı, indi dünya universitetləri arasında seçim edir

8 İyun, 2026 - 13:31
Məktəbdə peşə təhsili aldı, indi dünya universitetləri arasında seçim edir

Əvvəllər ali məktəbə qəbul oluna bilməyənlər peşəyə istiqamətlənirdi. Bu, ta sovet dövründən belə olub. Amma indi peşə təhsili istiqamətində bir çox şey dəyişib. Ali məktəbi bitirəndən sonra peşə təhsilinə üz tutanların sayı ildən-ilə artır. Bu tendensiya orta ümumtəhsil müəssisələrində də müşahidə edilir. Pis oxuyanların, heç oxumaq istəməyənlərin çoxluq təşkil etdiyi peşə təmayüllü siniflərə artıq əlaçılar da qatılır. Elə götürək Əli Rəhimlini. O, Bakı şəhər Xətai rayon Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin məzunudur. Məktəbin əlaçısı olan Əli IX sinfi fərqlənmə ilə bitirib. IX sinif buraxılış imtahanında 288 bal, XI sinifdə isə 270 bal toplayıb. Məktəbdə “İKT-Help Desk” ixtisası üzrə təmayülləşən Əli gələcəyini də kompüterlə bağlayıb. Dünya miqyasında nüfuzlu olan bir neçə universitetdə oxumaq şansı qazanıb, Harbin Texnologiya İnstitutunda oxumağa qərar verib. Amma bu da qəti qərarı deyil. Honkonq Universitetindən də cavab gözləyir, müsbət cavab alsa, qərarını dəyişərək həmin universiteti seçəcək. 

Süni intellekt sistemlərininin köməyilə insanların həyatını asanlaşdırmağı öyrənmək istəyi

Əli Rəhimli informatika və proqramlaşdırma sahəsində fərqlənən azsaylı şagirdlərdən biri olub. Peşə təmayüllü sinifdə təhsil alması uğurlarının sayını artırıb. Bu istiqamətdə uğurları məktəb illərindən başlayıb. “Azercell”in “Cup” proqramlaşdırma müsabiqəsinə qatılıb, respublika fənn olimpiadalarında iştirak edib, həm yerli, həm də beynəlxalq səviyyədə müxtəlif seminar və təlimlərə qoşulub. “Back-End Developer”liklə bağlı seminarın, 3D Çap və Modelləşdirmə Proqramının (13–18 yaş) , “Bilik” Tədris Mərkəzi TED kurslarının təşkil etdiyi “Qış Kampı – 2023” və “Qış Kampı – 2024”ün fəal iştirakçısı, “Dünyanı modelləşdirmək” (“Model the World”) konsepsiyasının uğurlu tətbiqçilərindən olub. “Google İT Dəstək Peşəkar Sertifikatı”, “Proqram Təminatının Test Edilməsi üzrə Diplom” və “İT İdarəetməsi – Proqram təminatı və Verilənlər bazaları” kimi proqramlarını öyrənib. 

Əli texnologiya sahəsinə həm nəzəri, həm də praktiki yanaşa bilən, yeni anlayışları çox sürətlə mənimsəyən, müstəqil şəkildə araşdırma aparıb dərinləşdirə bilən şagird olub. Problem həlletmə bacarığı və proqramlaşdırmaya olan marağı onu yaşıdlarından fərqləndirib.

Deyir ki, texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə ondan düzgün istifadə hər birimizin inkişafında mühüm rol oynayır: “Xüsusilə kompüter elmləri, proqramlaşdırma və süni intellekt sahələri mənim üçün böyük maraq kəsb edir. Proqramların necə yazıldığını, alqoritmlərin hansı məntiq əsasında işlədiyini və süni intellekt sistemlərininin köməyilə insanların həyatını asanlaşdırmağı öyrənmək istəyirəm”.

Peşə təmayüllü sinifdə kompüter 

Elə bu istəyi onu əvvəlcə peşə təmayüllü sinfə aparıb: “Məktəbimizdə “İKT-Help Desk” ixtisası üzrə sinif yaradıldığını eşidəndə dərhal həmin sinfə keçid etmək istədim. Valideynlərim də bu qərarımı dəstəklədilər. Çünki bu sinifdə informatika bacarıqlarımı inkişaf etdirə biləcəyimi düşündülər. İxtisas müəllimim Əkrəm Qasımzadədən bir il ərzində faydalı məlumatlar, biliklər əldə etdim, bacarıqlarımı inkişaf etdirə bildim. Bu gün bir neçə universitetə qəbul olunmaq şansımı peşə təmayüllü sinfində əldə etdiyim bacarıqlar daha da artırdı”.

Müasir texnologiyaları yerində öyrənəcək

Təhsilini Asiya universitetlərində davam etdirmək istəyən yeniyetmənin əsas arzusu texnologiyanın sürətlə inkişaf etdiyi bir ölkədə təhsil almaqdır: “Düşünürəm ki, müasir texnologiyaları yerində öyrənmək daha faydalı olar. Araşdırmalarıma görə, Çin universitetləri elmi-tədqiqat imkanları, texnoloji infrastruktur və praktiki təhsil sistemi ilə dünyada birincilərin sırasındadır. Bu sahədə əldə edəcəyim biliklərdən istifadə edərək həm cəmiyyətin, xüsusilə də vətənimdə yaşayan insanların həyatını asanlaşdırmaq əsas məqsədlərimdəndir. Əgər süni intellekt eyni işi daha qısa zamanda və daha effektiv şəkildə yerinə yetirə bilirsə, uzunmüddətli və yorucu əl əməyinə ehtiyac qalmır. Müasir texnologiyaların imkanlarından faydalanaraq dayanıqlı və innovativ həllər yaratmaq istəyirəm”.

Əli deyir ki, onu böyük arzulara, xəyallar qurmağa həvəsləndirən də elə müasir texnologiyanın həyatımızda yaratdığı real dəyişikliklərdir: “Onlayn dərslər, təqdimatlar və müxtəlif sahələr üzrə rəqəmsal resurslar sayəsində məlumatı daha tez və daha asan şəkildə əldə edirik. Düzdür, mən hələ də kitablarla birbaşa təması və mütaliəni çox sevirəm. Lakin bu da bir həqiqətdir ki, əvvəllər bir kitabı oxumaq üçün kitabxanaya gedir, üstəlik, yalnız bildiyimiz dillərdə olan mənbələrlə kifayətlənməli olurduq. Bu gün isə müasir texnologiyalar sayəsində kitabxana artıq evimizin içindədir. Biz istənilən dildə minlərlə kitaba asanlıqla çıxış əldə edə bilirik. Bu imkanlar təhsilin daha əlçatan və səmərəli olmasına şərait yaradır. Bütün bu dəyişikliklər məni motivasiya edir, öyrənmək, araşdırmaq potensialımı daha da gücləndirmək istəyi yaradır”.

Bakı məktəblisi təhsilin imkanlarından yararlanaraq bacarıqlarını inkişaf etdirib: “Təhsil aldığım informasiya texnologiyaları ixtisası üzrə peşə sinifində öyrəndiklərim, dəfələrlə qatıldığım təlimlər və yarışlar, eləcə də onlayn qoşulduğum kurslar mənə bu sahədəki son yenilikləri izləməyə və praktiki bacarıqlarımı artırmağa imkan verib. Ona görə deyə bilərəm ki, ixtisas sahəmlə bağlı yeniliklərdən xəbərdaram”.

Uğurlu şagird artıq parlaq tələbə olacaq

Əli tarixi və animasiya filmlərinə baxmağı, kitab oxunağa, rəsm çəkməyi, dostları ilə vaxt keçirməyi sevir. Sadəcə kompüter biliklərini yox, rəsm bacarıqlarını artırmaq üçün də boş vaxtını dəyərləndirib. S. Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm sinfində təhsil alıb. 

Əli Rəhimli hesab edir ki, qazandığı universitetdə də uğurları davam edəcək: “Arzularım çoxdur. Ümid edirəm ki, seçdiyim universitet mənim hədəfimə çatmaq üçün düzgün unvan olacaq.Texnologiya sahəsində daha təcrübəli bir mütəxəssis, mürəkkəb layihələri idarə edə bilən və yeni texnologiyaları effektiv tətbiq edə bilən biri kimi ön sıralarda, seçilənlər arasında olmağı arzulayıram. İnaniram ki, buna nail olacağam. həm biliyim, həm intizamım, həm də çalışqanlığımla seçdiyim universitetin akademik mühitinə dəyər qatacağıma əminəm. Çünki hədəfim gələcəkdə texnologiya sahəsində uğurlu mütəxəssisə çevrilməkdir”.