Məktəbəqədər təhsilə cəlb ediləcək uşaq sayının 50 faizə çatdırılması hədəflənir
“2023-2024-cü illərdə 14 yeni bağça tikilib və istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair bu gün təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, məktəbəqədər təhsilə cəlb ediləcək uşaq sayının 50 faizə çatdırılması hədəflənir:
“Bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi 2 il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur. 2 il müddətində deyə bilərik ki, məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq. Buraya bağçalara uşaq qəbulu, bağça müdirlərinin işə qəbulu, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin işə qəbulu proseslərini aid edə bilərəm. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlüyünü və dəqiqliyini artırdı”.


