Məktəbəqədər yaşlı uşaqlarda kommunikativ səriştə necə formalaşır?

31 İyul, 2026 - 12:17
Məktəbəqədər yaşlı uşaqlarda kommunikativ səriştə necə formalaşır?

Mahiyyət etibarilə, mürəkkəb, çoxkomponentli bir proses olan kommunikativ səriştə öz inkişaf dinamikasına məhz məktəbəqədər yaşdan başlayır. Məktəbəqədər yaşda kommunikativ səriştəni müəyyən edən bacarıqlara aşağıdakıları aid etmək olar:
• başqaları ilə sosial münasibət qurmaq istəyi;
• həmsöhbətini dinləmək, ünsiyyəti qurmaq bacarığı;
• emosional empatiya, münaqişə vəziyyətlərini həll etmək bacarığı, nitqdən istifadə etmək bacarığı;
• başqaları ilə ünsiyyət qurarkən riayət edilməli olan norma və qaydaları bilmək.
Rusiyada psixologiya elminin aparıcı nümayəndələri L.S.Vıqotski, M.M.Lisina, A.A. Leontyev, D.B.Elkonin, A.V.Zaporojets və A.R.Luriya uşaqlarda nitq və ünsiyyət bacarıqlarının inkişafının məhz sosial mühit və insan fəaliyyətinə əsaslandığını elmi şəkildə əsaslandırmışlar. Vıqotski (1984) göstərirdi ki, nitq yalnız dil sisteminin mənimsənilməsi deyil, sosial qarşılıqlı təsir prosesində uşaq tərəfindən mənimsənilən psixoloji alətdir. Onun fikrincə, uşaq nitqi əvvəlcə sosial dialoq formasında iştirak edir, sonra bu dialoq tədricən daxili nitqə, daha sonra düşüncə funksiyasının tənzimləyici mexanizminə çevrilir.
Kommunikativ bacarığın formalaşdırılmasında ilkin olaraq daxili niyyət və ya xarici motivasiyaya malik olmaq xüsusilə vacibdir. A.A.Leontyevin fikrincə, ünsiyyət qurarkən uşaq yalnız öz nitqinin inkişafı üçün deyil, qarşı tərəfə lazımi təsir göstərmək üçün danışmalıdır [Leontyev, A., 1971].

Lisina (1986) isə uşağın nitq inkişafının əsasını kommunikativ ehtiyacın təşkil etdiyini irəli sürürdü. O, göstərirdi ki, uşağın böyüklərlə və yaşıdlarla ünsiyyətə motivasiyası güclü olmadıqda, nitqin bütün struktur komponentlərinin inkişafı zəifləyir. Bu yanaşma məktəbəqədər pedaqogikanın praktikasında mühüm əhəmiyyət daşıyır, çünki kommunikativ bacarıqların formalaşdırılması prosesində motivasiyanın gücləndirilməsi əsas pedaqoji vəzifələrdən birinə çevrilir.
Smirnova (2008) böyük məktəbəqədər yaşlı uşaqların kommunikativ səriştəsinin inkişafını şərtləndirən amillərin aşağıdakılardan ibarət olduğunu qeyd edirdi:
•     uşağın sosial vəziyyəti;
•     böyüklər və yaşıdlarla ünsiyyətə tələbat;
•     uşaqlar üçün yaxın inkişaf zonasını yaradan birgə fəaliyyət (aparıcı oyun fəaliyyəti) və təlim (əsası oyun fəaliyyəti).

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi onlarla kommunikativ səriştənin inkişafı üçün sistemli iş aparmağa əlverişli şərait yaradır.
Məktəbəqədər yaşlı uşaqların kommunikativ səriştəsi yaş xüsusiyyətlərindən, məkandan asılı olaraq dəyişir, inkişaf edir. Kommunikativ səriştənin formalaşdırılmasına bir sıra amillər: sosial şərait, yaş, cinsiyyət, uşaqların fərdi xüsusiyyətləri, fəaliyyət, təhsil işinin təşkili və ünsiyyət məkanının xüsusiyyətləri və s. amillər təsir edir. Kommunikativ səriştənin inkişafı ünsiyyətin məzmunu, mənəvi yönümü, əhatə dairəsi, optimallığı, müxtəlifliyi və çevikliyi ilə əlaqəli olur.

Böyük məktəbəqədər yaşlı uşaqların kommunikativ səriştəsinin inkişafı istiqamətində tərbiyəçi-müəllim uşaqların psixi vəziyyətləri ilə yanaşı, həm də nitqin ümumi inkişafının təzahür səviyyəsini nəzərə almalıdır. Bu yaş dövründə uşaqların kommunikativ səriştəsini düzgün inkişaf etdirmək üçün məktəbəqədər müəssisələrdə fəaliyyət göstərən pedaqoji kollektivin psixoloji-pedaqoji təhsilə yiyələnməsi, peşəkar kompetensiyalara malik olması, aşağıda verilmiş strategiyaları bilməsi vacibdir:
• uşaqların yaş xüsusiyyətləri;
• ünsiyyətin təşkili üçün optimal yollar;
• uşaq qruplarının ünsiyyət prinsipləri;
• valideynlərlə iş üsulları.

Kommunikativ kompetentliyin formalaşmasının vasitələrindən biri də rollu oyunlardır. D.B.Elkonin və A.V.Zaporojetsin tədqiqatları göstərir ki, böyük məktəbəqədər yaşlı uşaqlar üçün oyun aparıcı fəaliyyət növüdür və məhz oyun zamanı ünsiyyət bacarıqları ən təbii şəkildə inkişaf edir. Oyun məktəbəqədər yaşlı uşaqların əsas fəaliyyətidir. Uşaqlar üçün oyun zəka, psixi proseslər və şəxsiyyətin ümumi inkişafı üçün zəruri şərt hesab olunur. Onlar nağıllar, hekayələr, oyunlar və oyuncaqlar vasitəsilə ətraf aləmlə tanış olur, onu öyrənir və dərk edirlər, təfəkkürlərində özləri üçün həyat modeli qururlar. Bəzən kiçikyaşlı uşaqla ünsiyyətdə ən çətin görünən məsələlər belə oyun və oyuncaqlar vasitəsilə asanlıqla həll oluna bilər.

Oyun uşağa sosial rolları sınamaq, dialoq formalarını mənimsəmək, konflikt və əməkdaşlıq vəziyyətlərini təcrübədən keçirmək, nitqi məqsədyönlü şəkildə istifadə etmək imkanı yaradır. Elkoninin (1971) fikrincə, oyun uşaqda “qeyri-iradi ünsiyyət”dən “iradi və məqsədli ünsiyyət”ə keçidin əsas mexanizmidir.

Böyük məktəbəqədər yaş dövrü (5–6 yaş) uşağın sosial və kommunikativ bacarıqlarının intensiv şəkildə formalaşdığı mərhələdir. Bu proses yalnız məktəbəqədər müəssisə və pedaqoji mühitdən asılı olmayıb, həm də uşaq ailəsinin, yaşıd qruplarının və geniş sosial mühitin təsiri ilə müəyyən olunur. Ailə və sosial mühit uşağın nitq inkişafı, emosional intellekti və sosial adaptasiyasına
həlledici təsir göstərir.

Ailədə nitq mühitinin zənginliyi uşağın söz ehtiyatı, cümlə qurma bacarığı və dialoq mədəniyyətinə birbaşa təsir edir. Hart və Risley tərəfindən aparılan araşdırmalar göstərmişdir ki, uşağın ailəsindəki gündəlik dialoq miqdarı və keyfiyyəti onun kommunikativ səriştəsinin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Belə ki, zəngin nitq mühiti olan uşaqlar həm linqvistik, həm də praqmatik bacarıqları
daha yüksək səviyyədə mənimsəyirlər [Hart, B., & Risley, T., 1995].

Vıqotskinin mədəni-tarixi nəzəriyyəsi kontekstində valideyn uşağın “ilk dialoq tərəfdaşı” kimi çıxış edir. Uşağın nitqi əvvəlcə sosial qarşılıqlı təsirdə formalaşır və valideynin dil nümunələri, ifadə tərzi, dialoq texnikası uşağın daxili nitqinin strukturunu formalaşdırır. Lisina göstərir ki, uşağın ünsiyyətə olan daxili ehtiyacı yalnız valideyn tərəfindən stimullaşdırıldıqda effektiv inkişaf edir [Lisina, N., 1986].

Ailə uşağa gündəlik həyat situasiyalarında dialoq qurmaq, səbəb-nəticə əlaqələrini ifadə etmək, emosiyalarını idarə etmək imkanı yaradır. Məsələn, yemək bişirərkən, oyun oynayarkən və ya gündəlik tapşırıqları yerinə yetirərkən valideyn-uşaq dialoqları nitqin real istifadəsini təmin edir.

Böyük məktəbəqədər yaşlı uşaqların yaşıdları ilə qarşılıqlı fəaliyyəti onların kommunikativ bacarıqlarını sürətlə inkişaf etdirir. Tomasello (2003) vurğulayır ki, uşaqlar birgə fəaliyyət zamanı nitqin məqsədli istifadəsini mənimsəyir, yaşıdların niyyətlərini başa düşməyi öyrənir və qarşılıqlı anlaşmanı inkişaf etdirir [Tomasello, M., 2003].

Bronfenbrennerin ekoloji modeli (1994) göstərir ki, uşağın kommunikativ səriştəsi sosial mühitdə formalaşır. Makrosistem, yəni cəmiyyətin dil və davranış normaları, uşaq üçün nitq qaydalarının öyrənilməsində əsas rol oynayır. Eyni zamanda mikrosistem (bağça qrupu, qonşular) uşağa interaktiv ünsiyyət və sosial rol davranışı imkanları yaradır [Bronfenbrenner, U., 1994].
Həmyaşıdlar arasında əməkdaşlıq və rəqabət situasiyaları uşağa nitqi məqsədə yönəltməyi, dialoqda mövqeyini ifadə etməyi, konfliktləri nitqlə həll etməyi öyrədir. Bu praktiki təcrübə oyunun təbii çərçivəsində baş verdikdə daha effektiv olur [Elkonin, D., 1971; Zaporojets, A., 1986].

Müasir dövrdə uşaqlar sosial mühitə televiziya, kompüter oyunları və onlayn resurslar vasitəsilə daxil olurlar. Passiv media istehlakı nitqin inkişafını məhdudlaşdıra, interaktiv platformalar, onlayn hekayələr və əməkdaşlıq oyunları isə ünsiyyət bacarıqlarını gücləndirə bilər. Bu aspekt valideynlərin və tərbiyəçi-müəllimlərin nəzarəti ilə tənzimlənməlidir.
Uşağın kommunikativ səriştəsinin inkişafında ailə və məktəbəqədər müəssisənin əməkdaşlığı böyük əhəmiyyətə malikdir. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər kurikuluma uyğun olaraq uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onlarla ünsiyyətdə və qarşılıqlı əlaqədə hazırlanmış tövsiyələri nəzərə alaraq iş sisteminin başqa bir vacib hissəsini – ailələrlə əməkdaşlığı həyata keçirməlidir. Ailə ilə qarşılıqlı münasibətlərin qurulması, inkişaf etdirilməsi uşaqların kommunikativ səriştəsinin formalaşdırılmasına kömək edir və onu dəstəkləyir:
•  Birgə planlaşdırılmış fəaliyyətlərdə valideyn evdə rollu oyunlar təşkil edir, uşağın yaratdığı hekayələri dəstəkləyir.
•  Məlumat mübadiləsi prosesində tərbiyəçi-müəllim uşağın inkişaf səviyyəsini valideynlə paylaşır, müvafiq tapşırıqlar verir.
• Emosional və sosial dəstək zamanı uşağın davranışı və nitqi barədə valideyn və tərbiyəçi-müəllim birgə strategiyalar hazırlayırlar.
• Fərdi yanaşmada hər bir uşağın sosial və nitq xüsusiyyətləri nəzərə alınaraq fərdi inkişaf planı hazırlanır.

Ailələrlə əməkdaşlıq uşağın dialoq, əməkdaşlıq, empatiya və nitqin məqsədli istifadəsi bacarıqlarını gücləndirir.
Müasir təhsil strategiyaları uşağın məktəbə hazırlıq səviyyəsinin ölçülməsində kommunikativ səriştəni əsas göstəricilərdən biri kimi qəbul edir. Bu, bir tərəfdən məktəb mühitində uşağın dərs prosesinə qoşulması, müəllimin təlimatlarını anlayaraq yerinə yetirməsi və həmyaşıdları ilə əməkdaşlıq etməsi üçün tələb olunur. Digər tərəfdən, kommunikativ səriştə şəxsin gələcək sosial fəaliyyətinin,
əmək bazarında rəqabət qabiliyyətinin, ictimai fəallığının əsasını təşkil edir. Cəmiyyətin dəyişən sosial-iqtisadi tələbləri fonunda effektiv ünsiyyət bacarıqları erkən yaşlardan formalaşdırılmalı olan əsas XXI əsr bacarıqları sırasına daxil
edilmişdir.

Araşdırmalar göstərir ki, kommunikativ səriştə aşağıdakı komponentləri özündə birləşdirir:
•  Linqvistik (söz ehtiyatı, fonetik və qrammatik normaya uyğun nitq);
•  Sosiolinqvistik (sosial situasiyaya uyğun nitq forması);
•  Praqmatik (dialoq qurmaq, növbələşmək, sual vermək və cavablandırmaq);
•  Emosional-kommunikativ (empatiya, emosiyaların tanınması, münasibət qurmaq bacarıqları);
•  Koqnitiv (nitqin məntiqi qurulması, ardıcıllıq, səbəb-nəticə əlaqələri) [Smirnova, E., 2008].

Bu komponentlərin eyni vaxtda inkişaf etdirilməsi pedaqoji prosesin məqsədyönlü şəkildə təşkil olunmasını tələb edir. Kommunikativ səriştənin formalaşdırılması uşağın harmonik inkişafının aparıcı istiqamətlərindən biridir. Məktəbəqədər yaş dövründə ünsiyyət bacarıqlarının əsasları qoyulduğu üçün bu proses kompleks, sistemli və elmi əsaslandırılmış yanaşma tələb edir. Tərbiyəçi-müəllimin məqsədi uşağı yalnız düzgün danışmağa öyrətmək deyil, həm də onu sosial mühitdə özünü ifadə edən, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərini mənimsəmiş, emosional cəhətdən sabit, sosial baxımdan fəal şəxsiyyət kimi formalaşdırmaqdan ibarətdir.

İmanova P. (2026). Böyük məktəbəqədər yaşlı uşaqlarda kommunikativ səriştənin formalaşdırılması yolları. «Məktəbəqədər və ibtidai təhsil», № 2 (255), səh. 41-52.