Məktəblərdə psixoloji xidmət gücləndirilir: Psixoloqlar üçün təlimlər keçirilib

16 Yanvar, 2026 - 11:50
Məktəblərdə psixoloji xidmət gücləndirilir: Psixoloqlar üçün təlimlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən sosial pedaqoqların təhkim olunduğu ümumtəhsil müəssisələrinin psixoloqları üçün Saatlı şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təlimlər keçirilib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, “Məktəbdə psixoloji xidmətin təşkili və sosial-pedaqoji işin aparılmasında psixoloqun rolu” mövzusuna həsr edilmiş təlimlər Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov tərəfindən aparılıb.

Həbib Kərimovun verdiyi məlumata görə, təlimlər zamanı ümumtəhsil müəssisələrində sosial-pedaqoji işin təşkili, məktəblərə təhkim olunmuş sosial pedaqoqların əmək funksiyaları, eləcə də sosial-pedaqoji və psixoloji aspektlər nəzərə alınmaqla psixoloq və sosial pedaqoqlar tərəfindən şagird problemlərinin həllinə kompleks yanaşmanın tətbiqi yolları və istifadə olunan metodlar barədə ətraflı məlumat verilib.

O bildirib ki, hazırda regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində sosial pedaqoqlar çalışır və onların əsas vəzifəsi şagirdin təliminə, təhsilinə, nailiyyətlərinə və davranışına mənfi təsir göstərən amillərin aradan qaldırılmasıdır. Bu fəaliyyətin mühüm istiqamətlərindən biri də məktəb psixoloqları ilə birgə işin təşkili hesab olunur. Çünki psixoloqlarla əməkdaşlıq olmadıqda şagirdlərin qarşılaşdığı problemlərin həllində müəyyən çətinliklər yaranır.

Bu baxımdan məktəb psixoloqları ilə keçirilən təlimlərin əsas məqsədi psixoloqların sosial pedaqoqların fəaliyyət istiqamətləri və funksiyaları ilə yaxından tanış olması, eləcə də məktəb mühitində psixoloq və sosial pedaqoqun birgə fəaliyyətinin düzgün təşkil olunma yollarının öyrənməsidir. Vurğulanıb ki, hər bir şagirdin probleminə kompleks yanaşma vacibdir. Məktəb psixoloqu məsələyə psixoloji aspektdən (diaqnostika, konsultasiya, davranışın korreksiyası), sosial pedaqoq isə sosial-hüquqi və sosial-pedaqoji (uşaq müdafiəsi, sosial problemlərin aşkar edilməsi, məlumat dəstəyi) faktorlar baxımından yanaşır. Bu yanaşmaların vəhdəti şagirdlərin problemlərinin daha səmərəli, effektiv və qısa müddətdə həllinə imkan yaradır.

H.Kərimov qeyd edib ki, məktəb psixoloqlarının bir sıra praktik bacarıqlarının formalaşmasında da müəyyən çətinliklər mövcuddur. Bunlara şagirdlərdə yaranmış problemlərin düzgün formalaşdırılması və psixoloji baxımdan tədqiq edilməsi, tədqiqatın aparılma yollarının müəyyənləşdirilməsi daxildir. Eyni zamanda psixoloqların iş planlarını öz fəaliyyətlərinə, məktəbin təyinatına və mövcud problemlərə uyğunlaşdırması məsələləri də təlim zamanı diqqət mərkəzində saxlanılıb.

Bununla yanaşı, sorğular əsasında şagirdlər üçün psixoloji rəyin hazırlanması prosesində psixoloqların qarşılaşdığı çətinliklərə toxunulub. Qeyd olunub ki, psixoloji rəyin hazırlanması üçün mütləq şəkildə müvafiq tədqiqat aparılmalı və sonda əldə olunan nəticələrə əsasən hər bir şagird üçün əsaslandırılmış psixoloji rəy tərtib edilməlidir.

Həbib Kərimov təlimlərdən gözləntilərlə bağlı da fikirlərini bölüşərək bildirib ki, əsas məqsəd qoyulan hədəflərin reallaşdırılmasıdır. Onun sözlərinə görə, məktəbdə psixoloji xidmətin təşkili geniş və çoxşaxəli prosesdir və uzunmüddətli iş tələb edir. Lakin aparılan təhlillər əsasında hazırkı mərhələdə daha vacib hesab edilən bacarıqların formalaşdırılmasına üstünlük verilib.

Bu bacarıqlara sosial-pedaqoji işin təşkili prosesində psixoloq və sosial pedaqoqların birgə fəaliyyətinin gücləndirilməsi, psixoloqların problem tədqiqi mexanizmlərinin öyrənməsi, problemlərin səbəblərinin müəyyənləşdirilməsi və bu səbəblərdən çıxış edərək həlli yollarının tapılması daxildir. Eyni zamanda, psixoloqların iş planlarını hazırlayarkən mühit amili, şagird problemləri və müəllimlərlə bağlı məktəbdə yaranan çətinlikləri nəzərə alaraq planlara müvafiq korrektələr etməsi vacib məqam kimi qeyd olunub.
Bundan əlavə, aparılan psixodiaqnostik testlərin düzgün sənədləşdirilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, testlərdən sonra protokolların hazırlanması, nəticələrin düzgün təhlili və həmin nəticələr əsasında hər bir şagirdlə fərdi şəkildə problemlərin aradan qaldırılması istiqamətində iş aparılması bacarıqlarının formalaşdırılması təlimlərin əsas gözləntilərindəndir.

Təlim iştirakçıları tədbirin faydalı və praktik baxımdan əhəmiyyətli olduğunu bildiriblər. Sabirabad şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəbinin psixoloqu Nərminə Nuri qeyd edib ki, təlim ona sosial pedaqoqlarla əməkdaşlığın imkanlarını, fəaliyyət planlarının düzgün qurulmasını və risk qrupuna aid uşaqlarla işin effektiv üsullarını öyrənməyə yardım edib.

Sabirabad rayon Məlik Məlikov adına Şəhriyar kənd tam orta məktəbin psixoloqu Elman Mehdiyev isə bu cür təlimlərin məktəb psixoloqlarının peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, təlim zamanı sosial pedaqoqlarla birgə işin təşkili, müasir psixoloji yanaşmalar və məktəb mühitində qarşıya çıxan psixoloji hallarla bağlı dəyərli biliklər əldə edib.

Qeyd edək ki, məktəb psixoloqları üçün keçirilən bu tip təlimlər ölkənin müxtəlif regionlarını əhatə edib. İndiyədək Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ və Lənkəran-Astara Regional Təhsil idarələri üzrə təşkil olunan təlimlərdə ümumilikdə 350 psixoloq iştirak edib. Mil-Muğan Regional Təhsil İdarəsi üzrə keçirilən ikigünlük təlimlərə isə 40-dan artıq məktəb psixoloqu qatılıb. Təlimlər digər regionlarda da davam etdiriləcək.