Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar

19 Oktyabr, 2026 - 12:02
Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar

Üç azərbaycanlı məktəbli ənənəvi xalçaçılıq sənəti ilə məşğul olan ustaların əllərində həddindən artıq yüklənmə riskini azaltmaq və Azərbaycanın ən mühüm mədəni irs nümunələrindən birinin qorunmasına töhfə vermək məqsədilə “ReHand Loom” adlı intellektual əl hərəkətlərinin monitorinqi sistemi hazırlayıb.

Layihə xalçaçılıq ustalarının üzləşdiyi uzunmüddətli fiziki yüklənmə probleminin həllinə yönəlib. Gün ərzində saatlarla barmaq və biləklərin eyni, dəqiq hərəkətləri icra etməsi əllərdə həddindən artıq gərginlik və yüklənmə yaradır. Bu isə fiziki yükün monitorinqi üçün əlçatan texnologiyaların tətbiqini xüsusilə aktual edir. Məktəblilərin hazırladığı sistem barmaqların bükülməsini, bilək hərəkətlərini və tətbiq olunan təzyiqi qeydə ala bilən daxili sensorlarla təchiz edilmiş xüsusi əlcəkdən ibarətdir. Əldə olunan göstəricilər müvafiq sahə üzrə mütəxəssislərin sonrakı təhlili üçün nəzərdə tutulub. Bu məlumatlar mütəxəssislərə fiziki yüklənmənin xarakterini qiymətləndirməyə və ustaların əl hərəkətlərində baş verən dəyişiklikləri izləməyə imkan verə bilər. Layihənin müəllifləri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin şagirdi Yusif Əl-Harun, akademik Zərifə Əliyeva adına məktəbin şagirdi İlyas Tağıyev və Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdi Mikayıl Əhmədbəyli fərdi yanaşmaya xüsusi diqqət yetiriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a layihə müəllifləri məlumat verib.

Nəzərdə tutulur ki, toplanan məlumatlar mütəxəssislərə hər bir ustanın hərəkət xüsusiyyətlərini və iş intensivliyini nəzərə almağa, fərdiləşdirilmiş tövsiyələr hazırlamağa və uyğun məşqlər seçməyə kömək edəcək. Beləliklə, texnologiyanın məqsədi peşəkar qiymətləndirməni əvəz etmək deyil, ənənəvi sənət ustalarının sağlamlığının qorunmasına dəstək üçün əlavə məlumat təqdim etməkdir.

“ReHand Loom” layihəsi üzərində iş zamanı komanda cihazın altı fərqli versiyasını hazırlayıb, sensorların yerləşdirilməsini, ölçmələrin dəqiqliyini və istifadə rahatlığını mərhələli şəkildə təkmilləşdirib. Hazırlanma prosesində yalnız sistemin texniki xüsusiyyətləri deyil, həm də xalça toxuma prosesinin özünəməxsus cəhətləri və ustaların rəyləri nəzərə alınıb.

Layihə Azərbaycan Milli Xalça Muzeyində təqdim olunub. Burada gənc ixtiraçılar hazırladıqları texnologiyanın imkanlarını nümayiş etdirərək onun ənənəvi sənətkarlıq sahəsində tətbiq perspektivləri barədə məlumat veriblər.

Məktəblilərin fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Nazirlik gənc ixtiraçılara gördükləri işə, təşəbbüskarlıqlarına və milli sənətkarlıq ənənələrinin dəstəklənməsi üçün müasir texnologiyalardan istifadə etmək səylərinə görə təşəkkürünü bildirib. Qurum, həmçinin komandanın səylərini və nisbətən qısa müddətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Layihə müəlliflərinin sözlərinə görə, “ReHand Loom”un əsas məqsədi mühəndislik həllərini, ustaların sağlamlığına fərdi yanaşmanı və mədəni irsə həssas münasibəti birləşdirən əlçatan texnoloji həll yaratmaqdır.

Bu təşəbbüs elektronika, proqramlaşdırma və mühəndislik layihələndirilməsi sahələrində əldə edilən biliklərin sosial problemlərin həllində necə praktik tətbiq oluna biləcəyini nümayiş etdirir. “ReHand Loom” həm ustaların əmək şəraitinə diqqət çəkir, həm də ənənəvi Azərbaycan xalçaçılığının qorunması üçün müasir texnologiyalardan istifadənin yeni imkanlarını ortaya qoyur.

Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar
Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar
Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar
Məktəblilər xalçaçılar üçün ağıllı əlcək hazırladılar