Məktəblimiz Kopernik Olimpiadasında gümüş medal qazanıb
21–26 yanvar tarixlərində ABŞ-nin Hyuston şəhərində keçirilən Kopernik Olimpiadasının Təbiət Elmləri və Fizika–Astronomiya istiqamətləri üzrə final mərhələsində Azərbaycan komandası uğurlu nəticələrlə çıxış edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, "Global Olympiad Center" vasitəsilə ölkəmizi təmsil etmək hüququ qazanan şagirdlər beynəlxalq səviyyədə elmi bacarıqlarını nümayiş etdiriblər.
Yarışda ölkəmizi "Landau School"un 6-cı sinif şagirdləri Fərəh Bağırlı və Nəzrin İsmayılzadə təmsil ediblər. Şagirdlərimizdən Nəzrin İsmayılzadə gümüş medal, Fərəh Bağırlı isə fəxri fərman qazanıb.
Final proqramı çərçivəsində iştirakçılar yalnız imtahan prosesində iştirak etməklə kifayətlənməyib, eyni zamanda elmi sahələr üzrə praktik və maarifləndirici fəaliyyətlərdə də iştirak ediblər. Şagirdlər NASA-nın "Conson" Kosmik Mərkəzi, Təbiət Elmləri Muzeyi və planetariumu ziyarət edərək kosmik tədqiqatlar, astronomiya və təbiət elmləri sahəsində biliklərini dərinləşdiriblər.
Yarışda 16 ölkə iştirak edib. Onların arasında ABŞ, Türkiyə, Braziliya, Rumıniya, Çin, Meksika və digər ölkələr yer alıb, bu da tədbirin beynəlxalq səviyyəsini və rəqabətini vurğulayır.
Son zamanlarda qızlarımızın fizika və təbiət elmləri üzrə artan marağı və əldə etdikləri uğurlu nəticələr bizi xüsusilə sevindirir. Bu nailiyyətlər şagirdlərimizin elmə olan marağının düzgün istiqamətdə formalaşdığını, məqsədlərinin aydınlaşdığını və gələcək addımlarını daha inamla planlaşdırdıqlarını göstərir. Belə uğurlar onların elmi inkişafı və gələcək karyera seçimləri baxımından son dərəcə vacibdir.
Azərbaycan komandası bu nəticələrlə gənc istedadlarımızın beynəlxalq səviyyədə yüksək potensiala malik olduğunu bir daha nümayiş etdirib.



