Məleykə Abbaszadə dünənki imtahandan yazdı
Dünən cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə özünün sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"İlk baxışdan 388 şagird üçün ayrıca imtahanın təşkili sadə görünə bilər. Əslində isə bu, yeni imtahan materiallarının hazırlanması, imtahan binalarının ayrılması, rəhbər və nəzarətçilərin cəlb edilməsi, təhlükəsizlik və digər təşkilati proseslərin yenidən qurulması deməkdir.
Bəs bütün bunlar niyə edilir?
Çünki buraxılış imtahanı hər bir şagirdin gələcək təhsil yolunda əhəmiyyətli mərhələlərdən biridir və üzrlü səbəbdən əsas imtahanda iştirak edə bilməməsi onun attestat almaq imkanından məhrum olması ilə nəticələnməməlidir.
Bizim üçün imtahan prosesinin mərkəzində ilk növbədə insan dayanır. Buna görə də müxtəlif səbəblərdən əsas imtahanda iştirak edə bilməyən şagirdlərə əlavə imkan yaradılması, eləcə də sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğun şəraitin təmin edilməsi imtahanın təşkilinin ayrılmaz hissəsidir.
Dünənki imtahanda sağlamlıq imkanları məhdud 8 şagird də iştirak edib. Onların ehtiyaclarından asılı olaraq xüsusi zallar ayrılıb, fərdi nəzarətçilər təyin olunub, hərəkət məhdudiyyətli şagirdlərin bina və zallara rahat daxil olması üçün müvafiq şərait yaradılıb.
İmtahan sistemində ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil. Bəzən ədalət hər kəsin həmin qaydalar çərçivəsində öz imkanından istifadə edə bilməsi üçün zəruri şəraiti yaratmaqdır".




