Məzun geyimlərinin gizli tarixi: Onlar nəyi simvolizə edir? 

6 May, 2026 - 09:24
Məzun geyimlərinin gizli tarixi: Onlar nəyi simvolizə edir? 

Əksər insanlar həyatlarında yalnız bir dəfə məzun forması geyinirlər. Sonra bir neçə şəkil çəkdirirlər və bu geyimin arxasında duran tarix haqqında çox düşünmürlər. Halbuki akademik geyimlərin çox qədim və maraqlı bir tarixi var və onların əsas məqsədi insanın həyatında mühüm bir mərhələnin tamamlandığını göstərməkdir.

Akademik geyimlərin tarixi çox qədim Avropa universitetlərinə qədər gedib çıxır. O vaxtlar tələbələr və müəllimlər, xüsusilə də kilsə ilə bağlı olan alimlər uzun xalat və baş geyimləri geyinirdilər. Bu geyimlər həm ənənə, həm də çox faydalı idi. Çünki universitet binaları adətən soyuq olurdu və bu paltarlar onları isti saxlayırdı. Zaman keçdikcə bu gündəlik geyimlər sadəcə mərasimlərdə istifadə olunan geyimlərə çevrildi və bu gün onlar təhsilin, nailiyyətin və uğurun simvolu sayılır.

Orta əsrlərdə universitetlər böyüdükcə akademik geyimlər üçün qaydalar da yaradıldı. Oksford və Kembric kimi məşhur universitetlər hansı geyimin nə vaxt geyinilməli olduğunu müəyyən etdilər. Bu qaydalar həm hamının eyni görünməsi, həm də kimin hansı səviyyədə olduğunu göstərmək üçün vacib idi. Məsələn, daha yüksək təhsil dərəcəsi olan insanlar, yəni magistr və doktorantlar daha fərqli formalar geyinirdilər.

Məzun papağı, yəni kvadrat formalı papaq da çox maraqlı tarixə malikdir. XVI əsrdə universitetlərdə iki növ papaq var idi: kvadrat formalı və dairəvi. Tələbələr öz sahələrinə uyğun olaraq bu papaqlardan birini seçirdilər. 1675-ci ildə ingilis rəssamı David Loqqan Oksford Universitetinin akademik geyimlərini təsvir edərkən həm kvadrat, həm də dairəvi papaqları göstərmişdi.

Bu ənənə XVII əsrdə Amerikaya da keçdi və orada kvadrat papaq daha məşhur oldu. ABŞ-də bu papağa “mortarboard” deyilir. Bu onun kərpiçlərin hazırlanması üçün istifadə edilən kvadrat alətə bənzəməsindən gəlir. Böyük Britaniyada isə bu papağa bəzən “trencher” də deyilir. Zamanla bu papaq çox məşhurlaşdı və məzun tədbirlərinin ən tanınan simvollarından birinə çevrildi.
Papağın üstündə olan püskül isə sonradan əlavə edilib. Əvvəllər belə bir detal yox idi. Amma zaman keçdikcə məzunlar papaqlarını daha gözəl etmək üçün püskül əlavə etməyə başladılar. 1895-ci ildə ABŞ-də qəbul edilən qaydalarda artıq püskül papağın vacib hissəsi kimi göstərildi. Bu gün püskülün xüsusi mənası var. Bir çox məzun mərasimlərində tələbələr püskülü sağ tərəfdən sol tərəfə keçirirlər və bu, onların təhsili bitirdiyini göstərir.

1895-ci ildə qəbul edilən qaydalar kvadrat papağın ABŞ-də əsas standart olduğunu da təsdiqlədi. Daha sonra bu ənənə orta məktəblərə də yayıldı. Beləliklə, bu papaq yalnız universitetlərdə deyil, demək olar ki, bütün məzun mərasimlərində istifadə olunmağa başladı.

Amma bütün məzun papaqları eyni deyil. Magistr və doktorantura səviyyəsində oxuyanlar çox vaxt fərqli formalı papaqlar geyinirlər. Bu papaqlar kvadrat olmur, daha yumşaq və dairəvi olur, bəzən isə altı və ya səkkizbucaqlı formada olur. Bu fərqlər insanların hansı səviyyədə təhsil aldığını göstərmək üçün istifadə olunur.


Bu gün məzun papağı və xalatı bütün dünyada təhsilin bir mərhələsinin bitməsinin simvoludur. Universitetlərdə, orta məktəblərdə və hətta bəzi hallarda məktəbəqədər səviyyədə belə bu geyimlərdən istifadə olunur.

Nərmin Məmmədzadə