Məzunların iş tapması üçün universitetlər nə etməlidir?
Universitet təhsilinin əsas məqsədlərindən biri tələbəyə yalnız nəzəri bilik vermək deyil, onu gələcək peşə fəaliyyətinə hazırlamaqdır. Lakin məzunların ali təhsil müddətində əldə etdikləri bilik və bacarıqlar əmək bazarının gözləntiləri ilə üst-üstə düşmür.
Bəs bu fərqlər nələrdən ibarətdir və onları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keyfiyyətin təminatı üzrə aparıcı mütəxəssisi Çingiz Baxşıyev bildirib ki, universitetlərin əsas vəzifəsi yalnız tələbəyə diplom vermək deyil, onu əmək bazarına və gələcək peşə fəaliyyətinə hazırlamaqdır:
“Buna görə universitet–işəgötürən əməkdaşlığı formal görüşlər və memorandumlarla məhdudlaşmamalıdır. İşəgötürənlər təhsil proqramlarının yenilənməsində iştirak etməli, universitetlər isə əmək bazarında hansı bilik və bacarıqlara ehtiyac olduğunu davamlı şəkildə öyrənməlidirlər. Çünki əmək bazarı sürətlə dəyişir və universitet bu dəyişikliklərdən geri qalarsa, məzunun iş tapması da, işə uyğunlaşması da çətinləşir.
Bu əməkdaşlığın ən vacib istiqamətlərindən biri real təcrübə imkanlarının yaradılmasıdır. Təcrübə proqramı sadəcə tələbənin sənəd üzərində yerinə yetirdiyi formal iş olmamalıdır. Tələbə real iş mühitini görməli, konkret tapşırıqlar yerinə yetirməli, komanda ilə işləməyi və məsuliyyət daşımağı öyrənməlidir. İşəgötürən üçün də bu, gələcək əməkdaşını əvvəlcədən tanımaq imkanıdır.
Burada universitetlərin karyera mərkəzlərinin üzərinə də ciddi məsuliyyət düşür. Onların fəaliyyəti yalnız vakansiya paylaşmaq və əmək yarmarkası keçirməklə bitməməlidir. Tələbələrə CV hazırlamaq, vakansiyanı düzgün təhlil etmək, iş axtarmaq və müsahibədə özünü təqdim etmək kimi praktik bacarıqlar universitet dövründə öyrədilməlidir”.
Mütəxəssis qeyd edib ki, məzunların CV hazırlamaq və iş müsahibəsinə hazırlaşmaq səviyyəsinə gəldikdə isə vəziyyəti birmənalı şəkildə yüksək qiymətləndirmək çətindir:
“Hazırlıqlı gənclərimiz kifayət qədərdir, xüsusilə tələbəlik illərində təcrübə, könüllülük və müxtəlif layihələrdə iştirak edənlər bu prosesdə daha rahat olurlar. Bununla belə, bir çox gənclər CV-lərini hələ də sadəcə təhsil və iş təcrübəsinin sadalandığı sənəd kimi görür. Halbuki CV konkret vakansiyaya uyğunlaşdırılmalı və namizədin həmin işə hansı dəyəri verə biləcəyini göstərməlidir.
Eyni problem müsahibələrdə də görünür. Gəncin yaxşı biliyi və yüksək akademik göstəricisi ola bilər, amma o, özünü və bacarıqlarını düzgün təqdim etməkdə çətinlik çəkə bilər. Məncə, bunun əsas səbəblərindən biri tələbələrin real işə qəbul prosesinə universitet illərində kifayət qədər hazırlanmamasıdır. Bu baxımdan HR mütəxəssislərinin iştirakı ilə sınaq müsahibələrinin keçirilməsi, CV-lərin fərdi şəkildə qiymətləndirilməsi və tələbələrə konkret rəylərin verilməsi çox faydalı ola bilər”.
Ç.Baxşiyev vurğulayıb ki, eyni zamanda məsuliyyəti yalnız universitetin üzərinə qoymaq düzgün deyil. İşəgötürənlər də tələbələrin hazırlanmasında iştirak etməli, təcrübə proqramları və real layihələr təqdim etməli, universitetlərə hansı bacarıqlara ehtiyac duyduqları barədə fikirlər bildirməlidirlər:
“Universitet də məzunu ilə əlaqəni tam kəsməməli, məzunlarının harada və hansı sahədə işlədiyini, iş taparkən hansı çətinliklərlə üzləşdiyini izləməlidir.
Nəticədə universitet–işəgötürən əməkdaşlığının uğuru imzalanan memorandumların sayı ilə deyil, tələbənin universitetdən əmək bazarına nə dərəcədə hazır keçməsi ilə ölçülməlidir. Yaxşı mütəxəssis yetişdirmək vacibdir, amma həmin gəncə öz bilik və bacarıqlarını işəgötürənə düzgün təqdim etməyi öyrətmək də artıq müasir universitetin vəzifələrindən biri olmalıdır”.




