Mingəçevirdə beynəlxalq psixologiya konfransı keçirilib
Aprelin 24-də Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Mingəçevirdəki Heydər Əliyev Mərkəzində keçirilən tədbir regionda ilk dəfə olaraq psixologiya sahəsində müxtəlif istiqamətləri bir araya gətirən genişmiqyaslı elmi platforma kimi dəyərləndirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransın açılış mərasimində dövlət və ictimaiyyət nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, psixoloqlar, tədqiqatçılar, müəllimlər, tələbələr və media nümayəndələri iştirak ediblər. Çıxışlarda psixologiyanın müasir dövrdə cəmiyyət, təhsil və sosial rifah baxımından artan əhəmiyyəti xüsusi vurğulanıb.
Açılış nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müasir dövrdə psixoloji rifahın təmin olunmasının, ailə institutunun möhkəmləndirilməsinin və sosial dayanıqlığın qorunmasının mühüm prioritetlərdən biri olduğunu bildirib. O qeyd edib ki, qloballaşma, urbanizasiya, rəqəmsallaşma və sürətlə dəyişən sosial münasibətlər fonunda cəmiyyətin psixoloji dayanıqlılığının qorunması xüsusi aktuallıq kəsb edir. Şəhər rəhbəri vurğulayıb ki, regionlarda belə genişmiqyaslı elmi tədbirlərin təşkili yalnız akademik mühitin inkişafına deyil, eyni zamanda yerli icmaların sosial problemlərinin daha dərindən öyrənilməsinə, onların elmi əsaslarla təhlilinə və praktik həll mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
Onun fikrincə, psixologiya, pedaqogika, sosiologiya və digər sahələr arasında qarşılıqlı əlaqələrin qurulması kompleks problemlərin daha effektiv həllinə şərait yaradır.
Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransı universitetin elmi-tədqiqat fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının mühüm göstəricisi kimi qiymətləndirib.
Anar Eminov qeyd edib ki, konfransa 27 yerli və xarici müəssisə və təşkilatdan ümumilikdə 265 elmi məqalənin qəbul olunması psixologiya sahəsinə marağın artdığını, bu istiqamətdə elmi potensialın genişləndiyini və tədrisdə psixoloji yanaşmaların aktuallığının daha da yüksəldiyini göstərir. Rektor bildirib ki, belə beynəlxalq elmi tədbirlər universitetdə formalaşan müasir akademik mühitin, tədqiqat yönümlü yanaşmanın və açıq elmi əməkdaşlıq platformalarının inkişafının məntiqi nəticəsidir.
O vurğulayıb ki, universitetin prioritet istiqamətlərindən biri elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların təşviqi və elmi nəticələrin praktik müstəvidə tətbiqinin genişləndirilməsidir. Anar Eminovun sözlərinə görə, konfrans psixologiya sahəsinə artan marağı, elmi potensialın genişlənməsini və təqdim olunan tədqiqatların həm nəzəri, həm də tətbiqi baxımdan aktuallığını bir daha göstərir. Rektor, həmçinin bu cür təşəbbüslərin elmin təhsillə, təhsilin isə real sektor və cəmiyyətlə daha sıx inteqrasiyasına xidmət etdiyini diqqətə çatdırıb.
Ardınca çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev belə konfransların ali təhsil müəssisələri arasında elmi dialoqun gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, müasir dövrdə universitetlərarası əməkdaşlıq yalnız akademik əlaqələrlə məhdudlaşmamalı, birgə elmi layihələri, innovativ təşəbbüsləri və multidisiplinar yanaşmaları da əhatə etməlidir. Anar Nağıyev psixologiyanın qlobal çağırışlara cavab verən strateji sahələrdən birinə çevrildiyini vurğulayaraq bu istiqamətdə keçirilən beynəlxalq konfransların həm elmi biliklərin zənginləşdirilməsinə, həm də praktik həllərin formalaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov isə çıxışında belə genişmiqyaslı elmi platformaların psixologiya elminin sistemli inkişafına, elmi ictimaiyyətin bir araya gətirilməsinə və aktual problemlərin kompleks şəkildə müzakirəsinə əlverişli şərait yaratdığını deyib. O vurğulayıb ki, müasir psixologiya yalnız nəzəri yanaşmalarla kifayətlənmir, cəmiyyətin müxtəlif sahələrində real problemlərin həllinə yönəlmiş tətbiqi istiqamətləri də əhatə edir. Elnur Rüstəmov təqdim olunan tədqiqatların praktik tətbiq imkanlarının geniş olduğunu bildirərək bu nəticələrin gələcəkdə sosial rifahın yüksəldilməsinə və psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. O, xüsusilə gənc tədqiqatçıların fəal iştirakını yüksək qiymətləndirib.
Konfransda çıxış edən Narınc Psixologiya Mərkəzinin təsisçisi, kliniki psixoloq Narınc Rüstəmova isə psixologiya elminin müasir cəmiyyətdə artan rolundan bəhs edib. O qeyd edib ki, sürətlə dəyişən sosial mühit, texnoloji inkişaf və yeni həyat tərzi modelləri insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir və bu baxımdan psixologiya elminin əhəmiyyəti daha da artır. Narınc Rüstəmova multidisiplinar yanaşmanın müxtəlif sahələr üzrə mütəxəssislərin bir araya gəlməsinə imkan yaratdığını, bunun isə mürəkkəb sosial və psixoloji problemlərin daha effektiv həllinə şərait yaratdığını vurğulayıb. Onun sözlərinə görə, belə platformalar gənc psixoloqların peşəkar inkişafında, nəzəri biliklərin praktik bacarıqlarla tamamlanmasında və universitet-praktika əməkdaşlığının gücləndirilməsində mühüm rol oynayır.
Tədbir çərçivəsində beynəlxalq tərəfdaş universitetlərin nümayəndələrinin video-təbrikləri də nümayiş olunub. Türkiyənin Bahçeşehir Universitetinin prorektoru Prof. Dr. Tunç Bozbura çıxışında belə təşəbbüslərin müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında elmi əlaqələrin möhkəmləndirilməsinə, ortaq tədqiqat layihələrinin formalaşdırılmasına və akademik bilik mübadiləsinin dərinləşdirilməsinə mühüm töhfə verdiyini bildirib. Özbəkistanın Səmərqənd Dövlət Universitetinin prorektoru Dr. Akmal Akhatov isə konfransın regionlararası və beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O qeyd edib ki, belə tədbirlər tədqiqatçıların bir araya gəlməsinə, aktual problemlərin birgə müzakirəsinə və yeni elmi yanaşmaların formalaşdırılmasına şərait yaradır.
Konfransın proqramına uyğun olaraq müxtəlif mövzuları əhatə edən panel müzakirələri, bölmə iclasları və praktiki sessiyalar təşkil olunub. Ailə münasibətlərində dəyişən sosial rollar, inklüzivlik və bərabərlik, psixoloji rifah, inkişaf və klinik psixologiya, rəqəmsal transformasiya kimi aktual istiqamətlər üzrə aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda praktik bacarıqların inkişafına yönəlmiş vorkşoplarda müasir psixoloji yanaşmalar, neyropsixoloji metodlar və psixoloji müdaxilə strategiyaları ilə bağlı təqdimatlar keçirilib.
Qeyd edək ki, 24–25 aprel tarixlərini əhatə edən bu beynəlxalq konfrans psixologiya sahəsində multidisiplinar elmi yanaşmaların təşviqi, elmi nəticələrin paylaşılması və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Mingəçevir Dövlət Universitetində təşkil olunan bu təşəbbüs regionda elmi mühitin inkişafına, psixologiya elminin aktual problemlərinin daha geniş müstəvidə müzakirəsinə və innovativ yanaşmaların tətbiqinə əhəmiyyətli töhfə verir.



