MİQ müsabiqəsində süni intellektdən istifadə oluna bilər 

9 İyul, 2026 - 10:48
MİQ müsabiqəsində süni intellektdən istifadə oluna bilər 

Müəllimlərin işə qəbulu (MİQ) prosesində namizədlərin süni intellekt sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məsələsinə aydınlıq gətirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil dialoqu" verilişində məlumat verib.

Şöbə müdiri bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi artıq 10 ildən çoxdur keçirilir və bu müddət ərzində proses dəfələrlə təkmilləşdirilib: "Məsələn, ilk illərdə namizədlərə 35 sual təqdim olunurdusa, hazırda bu say 60-a çatdırılıb. Əvvəllər imtahan üçün 90 dəqiqə ayrılırdısa, indi bu müddət 150 dəqiqədir.

Süni intellektin MİQ-də istifadə olunması, müəllimlərin snüi intellekt biliklərinin yoxlanması ilə bağlı məsələ kifayət qədər aktualdır. İlkin mərhələdə bu istiqamətdə yeniliklərin informatika müəllimləri üzrə tətbiqi məqsədəmüvafiqdir, sonradan isə digər fənləri də əhatə edə bilər".

Onun sözlərinə görə, gələcəkdə süni intellekt alətlərindən müsahibə mərhələsində, daha sonra isə test imtahanı mərhələsində, hətta sualların seçimi prosesində istifadə olunması da istisna edilmir.