Moldova təhsil sisteminin təhlili və qiymətləndirilməsi
Avropa Təhsil Fondu tərəfindən hazırlanmış "Moldova Respublikasının təhsil sisteminin təhlili və qiymətləndirilməsi" hesabatında ölkənin təhsil sistemi bərabərlik, maliyyələşdirmə və idarəetmə istiqamətləri üzrə təhlil edilir. Sənəd Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Şərq tərəfdaşlığı ölkələrində təhsil islahatlarının və peşə bacarıqlarının dəstəklənməsi" proqramı çərçivəsində hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutu tərəfindən hazırlanan Beynəlxalq Təhsil İcmalının may sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabatın məqsədi Moldova Respublikasının təhsil sistemində mövcud problemləri, siyasət boşluqlarını və əsas riskləri müəyyənləşdirərək prioritet islahat istiqamətlərini formalaşdırmaqdır.
Sənəddə təhsil sistemindəki əsas bərabərsizliklərin şəhər-kənd amili ilə bağlı olduğu vurğulanır. Şəhər məktəblərində şagird sıxlığının yüksək olması, kənd məktəblərində isə şagird sayının azlığı resursların qeyri-bərabər bölgüsünə səbəb olur. Məktəbəqədər təhsil sahəsində də şəhər və kənd əraziləri arasında ciddi fərqlər müşahidə edilir. Tam orta təhsil müəssisələrinin əsasən şəhərlərdə yerləşməsi kənd şagirdlərinin təhsil imkanlarını məhdudlaşdırır. PISA 2022 nəticələri də şəhər və kənd məktəbləri arasında ciddi keyfiyyət fərqinin mövcud olduğunu göstərir.
Hesabatda müəllim çatışmazlığı, xüsusilə kənd məktəbləri üçün əsas problemlərdən biri kimi qeyd olunur. Müəllim heyətinin yaşlanması və STEM fənləri üzrə kadr çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Sənəddə həssas sosial qruplara aid uşaqların vəziyyətinə də diqqət yetirilir. Kənd yerlərində yoxsulluq səviyyəsinin yüksək olması, məktəb mühitində təhlükəsizlik problemləri və zorakılıq halları təhsil sisteminin əsas sosial problemləri kimi qiymətləndirilir.
Hesabatda təhlil edilən məsələlərdən biri də təhsil sektorunun maliyyələşdirilməsi və idarəetmə mexanizmləridir. Qeyd olunur ki, Moldovada təhsilin maliyyələşdirilməsi əsasən adambaşına maliyyələşmə modeli əsasında həyata keçirilir. 2023-cü ildə Moldova ÜDM-in 6,3%-ni təhsilə yönəltmişdir. Bununla belə, təhsilin dövlət xərclərindəki payı son illərdə azalmışdır.
Hesabatda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı problemlər xüsusi vurğulanır. Planlaşdırma zəifliyi və satınalma proseslərindəki gecikmələr ayrılmış vəsaitlərin tam icrasına mane olur.
Sənəddə təhsil sektorunun xarici donor maliyyəsindən asılı olduğu da qeyd edilir. Əsas maliyyə tərəfdaşları Dünya Bankı və Avropa İttifaqıdır. Eyni zamanda, məktəblərin yerli maliyyə imkanlarının məhdud olması sektorun maliyyə dayanıqlığı üçün risk hesab olunur.
Hesabatda təhsilə ayrılan maliyyə resurslarının bölüşdürülməsi mexanizmləri dəqiqliklə təhlil edilir. Qeyd olunur ki, Moldovada məktəblərin maliyyələşdirilməsi 2014-cü ildən tətbiq edilən adambaşına maliyyələşmə modeli əsasında həyata keçirilir. 2025-ci ildə məktəblərin 96%-nin əsas büdcəsinin bu model üzrə formalaşdırılması nəzərdə tutulub.
Moldova modeli adambaşına maliyyələşməni "şagird sayı + diferensial ehtiyaclar" prinsipi üzərində qurur. Maliyyə bölgüsü aşağıdakı mexanizmlər vasitəsilə formalaşdırılır.
-təhsil pillələri üzrə çəki əmsalları;
-regional dəstək
İbtidai təhsil pilləsi üzrə əmsal 0.83, əsas təhsil üzrə 1.00, tam orta təhsil (lisey) səviyyəsi üzrə isə 1.22 olaraq müəyyən edilmişdir. Bununla daha yüksək resurs tələb edən təhsil mərhələlərinə əlavə maliyyə dəstəyi yönəldilir.
Hesabatda əlavə maliyyələşdirmə komponentləri ayrıca vurğulanır. Ümumi təhsil büdcəsinin müəyyən hissəsi inklüziv təhsilin dəstəklənməsinə ayrılır və bu vəsait xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün əlavə xidmətlərin maliyyələşdirilməsinə yönəldilir. Rayon komponenti çərçivəsində ayrılan resurslar isə məktəb nəqliyyatı, yataqxanalar, əsaslı təmir işləri və maliyyə baxımından həssas məktəblərin dəstəklənməsi məqsədilə istifadə olunur.
Hesabatda qeyd edilir ki, 2024-cü ildən etibarən maliyyələşdirmə mexanizminə nəticəyönümlü və stimullaşdırıcı metodlar daxil edilmişdir. Yeni qaydalara əsasən, dövlət standartlarına cavab verməyən məktəblər üçün maliyyə mexanizmləri sərtləşdirilmiş, eyni zamanda kiçik və səmərəsiz məktəblərin optimallaşdırılması irəli sürülmüşdür. Bu dəyişikliklər maliyyə resurslarının daha effektiv və keyfiyyətyönümlü bölgüsünə keçidini hədəfləyir. Bununla yanaşı, sənəddə müəllimlər və həssas sosial qruplar üçün əlavə maliyyə dəstəyi tədbirləri nəzərdə tutulsa da, təşviq mexanizmlərinin real təsirini ölçən monitorinq və qiymətləndirmə sistemlərinin tam institusionallaşmadığı, nəticələrin effektivliyinin ölçülməsi ilə bağlı boşluqların qaldığı vurğulanır. Bütün bu tədbirlərə baxmayaraq, təhsil sektorunda maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı ciddi problemlər qalmaqdadır.
Hesabatda qeyd olunur ki, adambaşına maliyyələşmə modeli kiçik məktəblərin maliyyə dayanıqlığını zəiflədə bilər. Şagird sayı az olan məktəblərdə sabit xərclərin qarşılanması çətinləşir. Eyni zamanda, satınalma proseslərindəki gecikmələr və zəif planlaşdırma səbəbindən büdcə vəsaitlərinin tam istifadə olunmaması davamlı problem kimi qiymətləndirilir. Maliyyə vəsaitlərinin mərkəzdən yerli strukturlara ötürülməsi zamanı yaranan gecikmələr məktəblərin maliyyə vəsaitlərinin idarə olunmasına mənfi təsir göstərir. Hesabatda qeyd olunur ki, məktəblərdə maliyyə idarəçiliyi üzrə yeni vəzifələrin yaradılması ilə bağlı müəyyən irəliləyiş olsa da, direktorların maliyyə vəsaitləri ilə bağlı verdikləri qərarlarda səlahiyyətləri məhduddur. Bundan əlavə, xarici maliyyə dəstəyinin tam təmin olunmaması "Təhsil 2030" strategiyasının icrası üçün risk hesab olunur.
Hesabatda Moldova Respublikasında təhsil sisteminin idarəetmə strukturu və səlahiyyət bölgüsü ilə bağlı problemlər də təhlil edilir. Qeyd olunur ki, desentralizasiya siyasətinin tətbiqinə baxmayaraq, Təhsil və Elm Nazirliyi bir çox funksiyalar üzərində nəzarəti özündə saxlayır. Bu vəziyyət yerli idarəetmə qurumlarının fəaliyyət imkanlarını məhdudlaşdırır və idarəetmədə qeyri-müəyyənlik yaradır. Rayon təhsil idarələrinin həm mərkəzi siyasəti icra etməsi, həm də yerli hakimiyyət orqanlarına hesa-bat verməsi idarəetmədə ikili asılılıq formalaşdırır. Hesabatda bunun maliyyələşmə gecikmələrinə və məktəblərin fəaliyyətinə siyasi müdaxilə riskinin artmasına səbəb olduğu vurğulanır. Sənəddə 2026-cı il üçün nəzərdə tutulan məsələlərdən biri də RESTART islahatıdır. İslahat çərçivəsində bəzi idarəetmə səlahiyyətlərinin yenidən nazirliyə qaytarılması planlaşdırılır. Qeyd edilir ki, bu addım idarəetməni sadələşdirə bilsə də, onun, eyni zamanda yerli idarəetmə imkanlarının zəifləməsinə də yol açması mümkündür. Kadr idarəçiliyi sahəsində isə əsas problemlərdən biri müəllim çatışmazlığıdır. Xüsusilə STEM fənləri və kənd məktəbləri üzrə kadr çatışmazlığının davam etdiyi bildirilir. Müəllim çatışmazlığının əsas səbəbinin müəllimlərin yaşlanması, miqrasiya və gənc müəllimlərin peşəyə marağının zəif olması ilə əlaqələndirilir. Eyni zamanda, müəllimlərin əməkhaqqı və peşəkar inkişaf sisteminin nəticəyönümlü mexanizmlər əsasında qurulmadığı vurğulanır.
Hesabatda 2024-cü ildən tətbiq edilən "Model məktəblər" layihəsi kənd yerlərində təhsilin keyfiyyətinin artırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilir. Layihə çərçivəsində 35 məktəbin müasir infrastruktur və rəqəmsal avadanlıqlarla təmin olunması nəzərdə tutulur. Məqsəd kənd və şəhər məktəbləri arasındakı keyfiyyət fərqini azaltmaq və ixtisaslı müəllim resurslarından daha səmərəli istifadə etməkdir. Bununla yanaşı, hesabatda layihənin tətbiqi ilə bağlı bəzi risklər qeyd olunur. Xü-susilə kənd şagirdlərinin model məktəblərə daşınması və nəqliyyat imkanlarının məhdudluğu əsas problemlər kimi göstərilir.
Hesabatda məlumatların idarə edilməsi sahəsindəki çatışmazlıqlara diqqət yetirilir. Təhsili İdarəetmə İnformasiya Sisteminin (TİİS - EMIS) tam inteqrasiya olunmaması məlumat əsaslı qərarverməni çətinləşdirir və müəllim bölgüsü ilə məktəb şəbəkəsinin planlaşdırılmasına mənfi təsir göstərir.
Rəqəmsallaşma sahəsində də ciddi problemlər mövcuddur. Kənd məktəblərinin əhəmiyyətli hissəsində internet və rəqəmsal cihaz çatışmazlığı müşahidə olunur. Eyni zamanda, müəllimlərin rəqəmsal bacarıqlarının mövcud tələblərdən geri qaldığı vurğulanır.
Hesabatda təhsil sisteminin inkişafı üçün altı əsas istiqamət üzrə islahat tövsiyələri irəli sürülür:
Məktəb şəbəkəsi ilə bağlı tövsiyələrdə kiçik məktəblərin optimallaşdırılması, model məktəblərə çıxış imkanlarının genişləndirilməsi və dezavantajlı ərazilərdə rəqəmsal cihaz təminatının artırılması əsas prioritetlər kimi göstərilir.
1. Müəllim siyasəti istiqamətində kənd yerlərində müəllim çatışmazlığının azaldılması, kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi və müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi tövsiyə olunur.
2. Həssas uşaqlarla bağlı tədbirlər sırasında inklüziv təhsilin genişləndirilməsi, məktəbdaxili zorakılığın qarşısının alınması və ukraynalı qaçqın uşaqların təhsil sisteminə inteqrasiyasının gücləndirilməsi xüsusi yer tutur.
3. Maliyyə vəsaitlərinin idarə edilməsi sahəsində büdcə xərclərinin səmərəliliyinin artırılması, kiçik məktəblərin maliyyə vəziyyətinin təhlili və yerli idarəetmə qurumlarının maliyyə potensialının gücləndirilməsi vacib hesab olunur.
İdarəetmə istiqamətində islahatların koordinasiyasının gücləndirilməsi və qərarların funksional qiymətləndirmə əsasında qəbul edilməsi tövsiyə edilir.
5. Məlumatların idarə edilməsi sahəsində isə Təhsili İdarəetmə İnformasiya Sisteminin (TİİS - EMIS) sisteminin təkmilləşdirilməsi, maliyyə və təhsil nəticələrinə dair məlumatların inteqrasiyası və məlumat əsaslı qərarvermə mexanizmlərinin genişləndirilməsi prioritet kimi göstərilir.
Mənbə: European Training Foundation (2026), Dorleans M. and al, Where Systems Meet People: Rapid Education Diagnosis (RED) Republic of Moldova - Turin, Italy



