Milli Kimlik Müstəvisində Qərbi Azərbaycanın Tarixi və Demoqrafik Dinamikası

2 Oktyabr, 2026 - 18:51
Milli Kimlik Müstəvisində Qərbi Azərbaycanın Tarixi və Demoqrafik Dinamikası

Qarabağın azad olunması ilə rəsmiləşən tarixi Zəfər Azərbaycan xalqının strateji təfəkkürünü və özünəinamını yeni mərhələyə daşımışdır. Qərbi Azərbaycan mövzusu bu zəfər fəlsəfəsinin məntiqi davamıdır. Bu, xalqın öz keçmişinə, parçalanmış ailə hekayələrinə və tarixi coğrafiyasına sahib çıxmaq iradəsidir.

Qərbi Azərbaycan məsələsi xalqımızın milli yaddaşının bütövlüyü, tarixi ədalətin bərpası və hüquqi varislik mövzusudur. Bu qədim diyar (indiki Ermənistan Respublikasının ərazisi) zəngin maddi-mədəni irsi, mənbələrdə təsbit olunmuş toponimik mənzərəsi və çoxəsrlik dövlətçilik ənənələri ilə Azərbaycan xalqının tarixi-coğrafi formalaşma arealının ən mühüm mərkəzlərindən biridir. Bu ərazilərdə azərbaycanlıların məskunlaşma tarixi qədim dövrlərdən etibarən köklü tayfaların sivilizasiya quruculuğu, orta əsrlər boyu isə ardıcıl imperiya və xanlıqların yaradılması ilə davam edən təbii-tarixi inkişaf xəttini təşkil edir. Göyçədən Zəngəzura, İrəvandan Vediyə qədər ucalan maddi-mədəniyyət abidələri (qalalar, məscidlər, karvansaralar) bu torpaqların əsl sahibinin kim olduğunu göstərən vizual pasportdur.

Azərbaycanlılar indi Ermənistan adlanan Qərbi Azərbaycanın əzəli sakinləri olub və orada e.ə. II əsrdən yaşamağa başlayıblar. Bölgənin qədim sakinlərinin azərbaycanlıların ulu əcdadları olan türk mənşəli tayfalar olduğunu həm maddi-mədəni irs, həm də mixi yazılı mənbələr təsdiqləyir. E.ə. VIII əsrə aid Urartu mənbələrindəki toponimlər və e.ə. I minilliyin ortalarında bölgənin Skif-Saka-Massaget dövlətinin tərkibində olması bunun əsas göstəricisidir. İrəvan ətrafında qədim kimmer (qəmər) tayfalarının adını yaşadan Qəmərli kimi toponimlər bu dövrün etnik mənzərəsini əks etdirir. Bunu arxiv sənədləri və xəritələrlə yanaşı, ərazidə tarixin müxtəlif dövrlərinə aid olan maddi-mədəni irs nümunələri, hər bir tayfanın adını və izlərini özündə yaşadan coğrafi adlar da sübuta yetirir.

Qərbi Azərbaycanın ərazisi e.ə. IV əsrdən bəri qədim Azərbaycan dövləti Albaniyanın (705-ci ilə qədər), VIII–IX yüzilliklərdə Ərəb xilafətinin, XI–XIII yüzilliklərdə Səlcuqlu dövlətinin, XIII–XIV əsrlərdə Böyük Monqol imperiyasının, 1410–1468-ci illərdə Qaraqoyunlu, 1468–1501-ci illərdə Ağqoyunlu, 1501–1736-cı illərdə Səfəvilər, 1736–1747-ci illərdə isə Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilin sonları və XVIII yüzilin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı İrəvan bölgəsi iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılıb. Erməni alimləri tərtib etdikləri rəsmi ensiklopediyada etiraf edirlər ki, “İrəvanı 1504-cü ildə Şah İsmayılın tapşırığı ilə vəziri Rəvan xan tikdirib. Şah İsmayıl vəzirin gördüyü işi yüksək qiymətləndirərək şəhərə onun adını verib”. Həmin ensiklopediyada o da qeyd edilib ki, İrəvanı 438 il azərbaycanlı xanlar idarə ediblər. Lakin XIX əsrin əvvəllərindən etibarən regionda baş verən hərbi-siyasi dəyişikliklər, süni demoqrafik müdaxilələr və XX əsrin sistemli etnik təmizləmə siyasəti azərbaycanlıların bu torpaqlardakı çoxəsrlik məskunlaşma dinamikasını kökündən dəyişmişdir.

Erməni tarixçisi Hovannes Şahxatunyan tam dəqiq xronologiya tərtib edərək azərbaycanlı hakimlərin 1390-cı ildən 1828-ci ilə qədər İrəvan bölgəsində hökmranlıq etdiyini göstərib. O, tarixi araşdırmalarında bu hakimlərin adlarını və hakimiyyətdə olduqları illəri ardıcıllıqla əks etdirib. Siyahıda 49 xanın adı qeyd edilib; birinci xan Əmir Sədd (1390–1410), sonuncular isə (1806–1827) Hüseyn xan və Həsən xan qardaşları olub. İrəvan xanlığı yaradılandan, yəni 1410-cu ildə Pir Hüseyn Əmir Sədd xandan başlayaraq 1828-ci ilə qədər xanlıq taxtında əyləşən 49 xanın hamısı Azərbaycan türkləri olub. Bu, bir daha göstərir ki, İrəvan xanlığının ərazisinin əsl sahibləri azərbaycanlılardır. Həmin dövrlərdə İrəvan xanlığı bir sultanlığa və on beş mahala bölünürdü. Bu mahallarda mövcud olan irili-xırdalı 2300 yaşayış məntəqəsinin 1500-dən çoxunda bütünlüklə Azərbaycan türkləri yaşayırdı.
1828-ci ildə xanlıqda cəmi 310 erməni məskəni vardı ki, bu da əhali nisbətinin cəmi 25 faizini təşkil edirdi və onların hamısı gəlmələr idi. Belə ki, rusların işğal etdiyi İrəvan və Naxçıvan xanlıqlarından 240 min əhali, xüsusən də rus istibdadına boyun əyməyən və rus təəbəliyini özlərinə təhqir sayan varlı azərbaycanlı təbəqə İrana və Türkiyəyə köç etmişdi. Boşalmış ərazilərdə isə dərhal İrandan və Türkiyədən köçürülən kürdlər və ermənilər məskunlaşdırılmışdı. Bununla bağlı “Türkmənçay” müqaviləsində xüsusi müddəa da var idi. Müqaviləyə əsasən, qısa vaxtda İrandan 40 minə yaxın, Türkiyədən isə 80 mindən çox erməni İrəvan quberniyasına və Gəncə quberniyasının dağlıq ərazilərinə köçürülmüşdü.

Bu azmış kimi, çarın 1828-ci il martın 21-də imzaladığı fərmanla İrəvan quberniyası ərazisində "erməni vilayəti" yaradılmışdı. Rusların verdiyi imtiyazlar sayəsində ermənilər Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrində iştirak etməyə və getdikcə nüfuz qazanmağa başlamışdılar. Bu cür planlı dəstəyə baxmayaraq, 1918-ci ilə qədər ermənilər nəinki Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər, əksinə, erməni yazıçısı Anahid Ter Minasyanın etiraf etdiyi kimi, fərqli təsir dairəsindən də faydalana bilmirdilər. O yazır: “Tiflis konqresinin əsas nigaranlıqlarından biri Qafqazda konkret erməni milli nüfuzunun çatışmazlığı idi.” Lakin ermənilər öz himayədarlarına güvənərək bölgədə etnik təmizləmə siyasəti aparır, azərbaycanlıların soyqırımını həyata keçirirdilər. O dövrdə İrəvan vilayətindəki 211 azərbaycanlı kəndi xarabalığa çevrilmişdi və minlərlə insan qətlə yetirilmişdi. Bir məqamı da qeyd etməliyik ki, İrəvan etnik arealından danışarkən bu arealın onun coğrafiyasından daha geniş olmasına diqqət yetirməliyik. Belə ki, sonuncu deportasiyaya qədər Qərbi Azərbaycanda doğulan, boya-başa çatanların əksəriyyəti Azərbaycanın müxtəlif rayonlarında, habelə keçmiş Sovet İttifaqının bir sıra şəhərlərində məskunlaşmışdı.

Erməni silahlı birləşmələri 1918–1920-ci illərdə həm Qərbi Azərbaycanda, həm də digər ərazilərdə azərbaycanlıların kütləvi soyqırımını törətmiş, xüsusi amansızlıqla etnik təmizləmə siyasəti yürütmüşdülər. 1918-ci ildə milli münaqişəyə son vermək bəhanəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İrəvan şəhərini ermənilərə güzəştə getməsi nəticəsində onlar İrəvan mərkəzli “erməni dövləti” qurmağa nail oldular. Lakin bu addım da ermənilərin işğalçılıq planlarına son qoymadı. Artıq 1914–1916-cı illərdə Qafqaza təqribən 350 min erməni köçürülmüşdü və onların böyük hissəsi Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılmışdı.

1920-ci ildə Cənubi Qafqazın bolşeviklər tərəfindən işğalı ermənilərin əl-qolunu daha da açdı. Həmin il Basarkeçər, Vedibasar mahallarının və Zəngəzur qəzasının ümumi sahəsi 9800 kvadratkilometr olan hissəsi Ermənistana bağışlandı. 1922-ci ildə Göyçə və Dilican əraziləri də Ermənistana verildi. Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salındı, böyük türk dünyası arasında coğrafi əlaqə kəsildi. Bununla da kifayətlənməyən sovet rəhbərliyi 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələrinin şərtlərini pozaraq, 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə Naxçıvanın Şərur rayonunun Xaçik və Horadiz, Ordubad rayonunun Karçevan, Şahbuz rayonunun Oğbun, Sultanbəy, Ağxəç, Səs, Almalı və İtqıran kəndlərini Ermənistan SSR-in tərkibinə verdi. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyasından Qarabağ xanlığına köçürülən ermənilərə muxtariyyət hüququ verildi və Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Zaqafqaziya MİK-nin 1929-cu il 18 fevral tarixli 3 sayılı protokoluna əsasən Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana birləşdirildi. Bu kəndlərin hesabına 1930–1931-ci illərdə Mehri rayonu yaradıldı və Naxçıvanın Azərbaycanla quru əlaqəsi tamamilə kəsildi.

1905–1907, 1918–1920, 1948–1953, 1959–1979, 1987–1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirildi. Sovet hakimiyyəti bu prosesdə ermənilərə xüsusi dəstək verirdi. 1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli qərar qəbul etdi. Bu qərarla 1948–1953-cü illərdə 144 654 nəfər azərbaycanlı zorla Ermənistandan Azərbaycana köçürüldü. 1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948–1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin siyahıya daxil edilmədilər.

1987–1991-ci illərdə baş verən sonuncu deportasiya zamanı 22 rayondan (172-si sırf azərbaycanlılardan ibarət, 89-u ermənilərlə qarışıq yaşayış məntəqələrindən olan 40 928 ailə) 300 000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarıldı. Onlar əsrlər boyu yaşadıqları, 8 min kvadratkilometri əhatə edən yaşayış məntəqələrindən qovuldu, 216 azərbaycanlı (o cümlədən 57 qadın və 23 uşaq) qətlə yetirildi. İşgəncələrə məruz qalaraq öldürülmüş 203 nəfərin işi ilə bağlı SSRİ Prokurorluğuna və Azərbaycanın istintaq orqanlarına göndərilmiş materiallardan məlum olur ki, onların 14-ü odlu silahla, 45-i döyülərək, 13-ü yandırılaraq, 131-i isə müxtəlif ağır işgəncələrə məruz qaldıqdan sonra qətlə yetirilib.

Bu proses yalnız bölgə əhalisinin etnik tərkibinin dəyişdirilməsi ilə yekunlaşmadı; soydaşlarımıza məxsus yaşayış məskənləri, tarix və mədəniyyət abidələri dağıdıldı, azərbaycanlılara aid maddi-mədəniyyət nümunələrinin tarihi adları dəyişdirilərək erməniləşdirildi. 1987–1991-ci illərdə Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası və 152 məişət evi ermənilər tərəfindən zəbt edildi. Həmçinin 223 qəbiristanlıq, 500 alban məbədi, 630 məscid, 150 pir və ziyarətgah, 4500 qəbirüstü abidə, 200 türbə, 120 karvansara və minlərlə tarixi-memarlıq abidəsi vandalizmə məruz qaldı. Ümumilikdə, 10 000-dən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən planlı şəkildə məhv edilib və mənimsənilib. Hazırda İrəvanda yalnız Göy məscid salamat qalıb ki, o da fars məscidi kimi təqdim edilir.

Ermənistan rəhbərliyi yer adlarının dəyişdirilməsini də xüsusi plan üzrə həyata keçirib. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı ilə son mərhələdə 90 yaşayış məskəninin adı dəyişdirilib. Təkcə 1920-ci ildən 1991-ci ilə qədər Ermənistanda 650 azərbaycanlı yaşayış məntəqəsinin adı bu cür dəyişikliyə məruz qalıb.

Qərbi Azərbaycan bizim üçün təkcə coğrafi məkan deyil, həm də ideoloji və güclü ədəbi-estetik informasiya məkanıdır. İrəvan xanlığının adı çəkiləndə, ilk növbədə, Zəngibasar, Gərnibasar, Göyçə, Dərəçiçək, Dərələyəz, Ağbaba mahalları və qədim el sənətimiz — saz-söz yaddan çıxmır. Bu mahallar türk əxlaqı və mədəniyyətinin aparıcı ocaqları, ana sazımızın beşiyi, bədii sözümüzün çağlayan çeşməsidir. İndiki Ermənistan ərazisində Azərbaycan xalqına aid olan toponimlərin, demək olar ki, hamısı erməniləşdirilsə də, onlar heç vaxt unudulmayıb. Yaşayış məskənləri, yer, çay, dağ adları, məscid və məhəllələr xalqın yaddaşında, elmi tədqiqatlarda əksini taparaq öz yurdunun həsrəti ilə yaşayan yüz minlərlə azərbaycanlının qəlbində yaşamaqda davam edir.