Moskvada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib

24 Sentyabr, 2026 - 16:23
Moskvada 14 ali məktəbdə dərslər ləğv olunub:

Moskvada azı 14 təhsil müəssisəsində təxliyə həyata keçirilib. Bir sıra ali məktəblərdə dərslər ləğv olunub, bəzilərində isə təhsil distant formata keçirilib.

"Azərbaycan müəllimi" Rusiya KİV-nə istinadən xəbər verir ki, təxliyənin rəsmi səbəbi açıqlanmayıb. Lakin bəzi ali məktəblərdə anonim mesajların daxil olduğu bildirilib.

Təxliyə Moskva Dövlət İdman və Turizm Universitetinin bütün beş kampusunu əhatə edib. Universitetdə hüquq-mühafizə orqanlarının və digər xidmətlərin əməkdaşlarının işlədiyi bildirilib. Moskva Dövlət Psixologiya-Pedaqogika Universitetində isə anonim mesajdan sonra tələbə və əməkdaşların işi distant rejimə keçirilib.

Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti və Moskva Politexnik Universitetində də təxliyə səbəbindən dərslər ləğv edilib.

Bundan başqa, paytaxtın bir sıra digər universitet, institut və kolleclərində, o cümlədən Seçenov adına Universitet, Kosıgin adına Rusiya Dövlət Universiteti, Dövlət Maarif Universiteti və digər təhsil müəssisələrində də təxliyə aparıldığı bildirilir.

Bəzi müəssisələrdə tələbələrin yataqxanalardan da çıxarıldığı, ərazilərdə kinoloqların və digər xidmətlərin işlədiyi qeyd olunur.

Təxliyələrin dəqiq səbəbləri və daxil olan anonim mesajların məzmunu ilə bağlı rəsmi açıqlama verilməyib.