Müasir motivasiya metodları, əslində, Ordubad məktəblərində yaranıb - Maarifçilik ideyalarını araşdıran alim

9 Aprel, 2026 - 10:16
Müasir motivasiya metodları, əslində, Ordubad məktəblərində yaranıb

Azərbaycanda müəllimliklə yanaşı, elmi-publisistik fəaliyyətlə də məşğul olan alimlərimizdən biri də Ruhəngiz Əliyevadır. Naxçıvan Müəllimlər İnstitutunda gənc nəslin yetişdirilməsində böyük rol oynayan bu müəllimin M.S.Ordubadinin maarifçilik ideyalarına həsr etdiyi dissertasiya və monoqrafiyası 2023-cü ilin əvvəlində EBSCO Dünya Bazasına, daha sonra isə “İTİON”, World İnternet Archive” bazalarına daxil olub.

"Azərbaycan müəllimi" dosentin təhsil yolu, pedaqoji təcrübəsi, beynəlxalq elmi layihələri ilə bağlı onunla həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq özünüzü oxucularımıza necə təqdim edərdiniz? 

- 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Ali təhsilimi 1998–2004-cü illərdə Odlar Yurdu Universitetinin Pedaqogika və psixologiya fakültəsində almışam. 2006-cı ildə həmin universitetdə “Ümumi pedaqogika, pedaqogika və təhsil tarixi” ixtisası üzrə magistr təhsilimi başa vurmuşam. 2011-ci ildə Naxçıvan Dövlət Universitetində doktorantura təhsilini tamamlamışam. 

2021-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Məmməd Səid Ordubadinin maarifçilik, ictimai-siyasi baxışları və təhsil problemləri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 

- Yeri gəlmişkən, “Məmməd Səid Ordubadinin maarifçilik görüşlərində məktəb və tərbiyə məsələləri” mövzusunu dissertasiya üçün seçməyinizin xüsusi səbəbi varmı?

- Həmin dövrdə Ordubadinin həm maarifçilik ideyaları təbliğ olunmurdu, hər kəs onu bir dramaturq, ədəbiyyatşünas kimi tanıyırdı. Mən Ordubadinin “Ararat dağı” şerini oxudum. Bu dağın əslində Ağrı dağ olduğuna, türk tədqiqatçılarının bunu onlara məxsus dağ kimi araşdırdıqlarına əsaslanaraq, Ağrı vilayətinin və dağın türklərə məxsus olduğu fikrini ilk dəfə Finlandiyada elmi məqalələrlə irəli sürməyə başladıq. M.S.Ordubadinin yaradıcılığından çıxış edərək, onun həqiqətən də türklərə məxsus olduğunu əsaslandırmağa çalışdıq. Mənim elmi rəhbərim Azərbaycan pedoqogikasının yaradıcılarından olan Əhməd Seyidovun oğlu Fikrət Seyidov idi. Amma həmin dövrdə o rəhmətə getdi. Elmi rəhbərim akademik İsa Həbibbəyli oldu. Monoqrafiya həm pedoqoji, həm də ədəbiyyatşünaslıq aspektdən olduğu üçün digər elmi rəhbərim professor Elbəyi Maqsudov idi. Bütün Ordubad, Tbilisi, Təbriz arxivlərində maraqlı faktlarla rastlaşdıq. Bəlkə buna görədir ki, müdafiədən sonra - 2021-ci ildə Ordubadinin maarifçi və siyasi görüşləri dünya ellemetrik rəqəmsal bazasına daxil olub. 2023-cü ildə isə dissertasiya EBSCO Dünya Bazasına və “World bibcition”, “World internet archıve” bazalarına daxil olub. Bu, mənim həyatımdakı ən böyük uğur idi.

- Dissertasiya işinizin müdafiəsi zamanı ən yaddaqalan məqam hansıdır?

- Pedoqoji aspektdən yanaşanda sübut elədik ki, bu gün müasir təhsil konsepsiyasında həm motivasiya, həm kurikulumun bir çox metodları əslində Ordubadda mədrəsə məktəblərində yaranıb. Misal üçün, hər həftənin cümə günündə kim daha çox beyt deyirdisə, ona pul verilirdi. Bəlkə də M.S.Ordubadinin “Gülüstan” və “Büstan” əsərlərini əzbər bilməyi bu motivasiyanın sayəsində olub. Bu metod sonralar 2018-ci ildə Finlandiya təhsil sistemində yeni bir metod kimi tədqiq olunaraq dünyaya təqdim edildi. Mənim sahəm olmasa belə, tədqiqat zamanı “Əxtər” məktəbində bu metodlarla qarşılaşdım. Ümid edirəm ki, gənclərimiz bu metodların bizə məxsus olduğunu dünyaya sübut edəcəklər. 

- Sizin pedaqoji fəaliyyət yolunuz necə başlayıb?

- Əmək fəaliyyətimə 2006–2008-ci illərdə Odlar Yurdu Universitetinin Pedaqogika fakültəsində müəllim kimi başlamışam. 2008–2009-cu illərdə həmin universitetə bağlı “British School in Baku” innovasiya məktəbində müəllim kimi fəaliyyət göstərmişəm. 2011–2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqogika fakültəsində, 2017–2018-ci illərdə isə İqtisadiyyat fakültəsində akademik məsləhətçi kimi çalışmışam. 2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında müəllim, sonra baş müəllim, hazırda isə dosent vəzifəsində fəaliyyətimi davam etdirirəm. 

- Müxtəlif təhsil müəssisələrində - orta məktəbdə, universitetdə və institutda çalışmısınız. Onlardan hansında işləmək daha yaxşıdır? 

- Kiçikyaşlı uşaqlarla işləmək üçün daha çox səbir lazımdır və onlarla işləmək insanın özünə motivasiya verir. Amma elmi sahədə bizə öyrədilənləri öyrətmək üçün ali məktəbdə gənclərlə işləmək daha uğurlu olar. Uşaqları əsl vətənpərvər kimi, akademik səviyyədə yetişdirmək üçün yetərli qədər ibtidai sinif müəllimimiz var. Universitet isə gənclərin ideologiyasının formalaşmağa başladığı bir dövrdür.  Ali məktəb gənclərə elmlə yanaşı, həyata hazırlıq, dövlətə sədaqət, gələcək kariyeranın müəyyənləşməsi və doğru hədəflərin müəyyənləşməsini öyrədir. Bu baxımdan, fikrimcə, bu sahədə daha uğurlu ola bilərik. 

- Tələbələrlə işləmək sizə nə öyrədib, onlara necə yanaşırsınız? 

- Fizikanın qanunudur ki, təsir əks təsirə bərabərdir. Biz sərtliklə heç nə qazana bilmərik. Ümumiyyətlə, pozitiv yanaşma, sevgi və səbir önəmlidir. Biz öyrətməyi və öyrənməni sevərək öyrətməliyik. İlk olaraq peşəni sevmək lazımdır, bundan sonra isə o peşəni öyrətmənin yollarını sevərək öyrətmək lazımdır.  

- İbtidai təhsilin pedaqogikası və metodikası sahəsini seçməyinizin əsas səbəbi nədir? Sizcə, müasir dövrdə pedaqogika sahəsinə hansı yeniliklər gətirilməlidir? 

- Dünya sürətlə inkişaf edir, müəyyən ixtisaslar və sahələr artıq öz aktuallığını itirir. Hədəflərə baxdığımızda bəzi sahələrin, hətta bir çox müəllimlik ixtisaslarının sıradan çıxdığını görərik. Amma dünyada texnologiyanın inkişafı pik nöqtəyə çatsa, bütün sistem robotlaşsa belə, pedoqogika və tərbiyə mütləq lazımdır. Hətta qarşındakının robot və ya insan olduğunu anlamaq üçün belə pedoqoji və psixoloji metodlar çox önəmlidir. Doğrudur, biz inteqrasiyaya uyğunlaşmalıyıq, bütün mədəniyyətlərə açığıq. Amma öz etnopedoqogikamıza sahib olmaq, öz milli adət-ənənələrimizi, tərbiyə qaydalarımızı öyrənmək və gənclərə öyrətmək bizim əsas amalımız olmalıdır. Dövlətə ən böyük xidmətimiz bu olar ki, biz gəncləri öz etnopedoqogikasına sahib, dünyaya açıq, amma sərhədlərinə hakim böyütməliyik. Ona görə də pedoqogika mənim üçün əvəzolunmaz bir ixtisasdır. 

- Onda demək olar ki, dediyiniz bu gənclik Naxçıvan Müəllimlər İnstitunda yetişir? Bu ali məktəbin rolu nədir?
 
- Naxçıvan Müəllimlər İnstitu nəinki bölgədə, bütün türk dövlətlərində ən güclü pedaqoq yetişdirən ali təhsil müəssisələrindəndir. Təhsilin verdiyi uğur və zərbələr həkimin və ya bir memarın vurduğu zərbə və uğur kimi qısa bir zamanda bilinmir. Bu, 5-10 il zaman tələb edir. Son 10 ildə Naxçıvan Müəllimlər İnstitunda yetişən gənclik, sizi inandırım ki, nəinki bölgənin, hətta türk dövlətləri içərisində son 20 ilə hədəflənmiş ən ağıllı və uğurlu gənclik olacaq. Bunlar birbaşa vətənpərvəlik tərbiyəsi alır, tərbiyənin bütün sahələri tələbələrə akademik səviyyədə tədris olunur. 

- Əsərlərinizin Türkiyə, İspaniya, Ukrayna, Çexiya və digər ölkələrdə nəşr olunması sizin üçün hansı mənəvi və elmi əhəmiyyət daşıyır?

- Bu gün bütün alimlərimiz, ziyalılarımız beynəlxalq jurnallarda məqalələr çap etməyə çalışırlar. Mənim üçün önəmli olan əsas məqsəd beynəlxalq indeksli jurnallarda məqalələrimin istiqamətidir. Dövlət siyasətimizə və dövlətimizə sadəqətlə xidmət edən məqalələrlə çıxış etmək mənim şəxsən əsas prinsipimdir. 

- Sizin yerli və beynəlxalq elmi jurnallarda 300-dən çox elmi və publisistik məqaləniz dərc olunub. Bu məqalələr həm də ölkəmizi və Naxçıvanı dünyada tanıtmaq baxımından da önəmlidir. 

- Bəli, 2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Almaniyada nəşr edilən “Zəngəzur – Azərbaycanın tarixi torpağıdır” kitabının müəllifi və layihə rəhbəri olmuşam. Almaniyada ingilis dilində çap olunan bu əsərə mən sadəcə öz yazılarımı salmadım. İlk olaraq Prezident İlham Əliyevin sərəncamlarını,  alimlərimizin, xüsusilə Naxçıvan ziyalılarının məqalələrini şəxsi təşəbbüsümlə kitaba saldım. Çünki alman gənci Ruhəngiz Əliyeva imzasını sevməyə bilər, amma bəlkə başqa ziyalıların məqaləsini mənimsəyər. Bunu elədik ki, biz həm də Naxçıvanın ziyalılarını tanıdaq. 

- Gənc müəllimlərə və doktorantlara hansı tövsiyələri verərdiniz? 

- İxtisasından asılı olmayaraq, bütün gənclərə ilk olaraq tövsyəm budur ki, torpağına və dövlətinə sədaqətli olsunlar. Bu olandan sonra istənilən sahədə uğur əldə etmək olar. Bir az zəhmət çəkmək lazımdır. Dünyanın bu qədər inkişaf etdiyi dövrdə bizim gəncliyin dayanmağa şansı yoxdur. Özünüinkişafa və tərbiyəyə vaxt ayırmalıdırlar. Bütün sahələr üzrə inkişaf etməyə biz məcburuq. 

- Qarşıdakı dövr üçün yeni elmi və pedaqoji planlarınız nələrdir?

- Yeni bir dərs vəsaiti üzərində çalışıram. Bu dərs vəsaiti kibertəhlükəsizlikdə psixologiya ilə əlaqəlidir. Əgər analiktik proqnoz versək, bu gün bu istiqamətdə dərsliklərin yazılması vacibdir. İlin sonuna qədər yeni dərs vəsaiti ərsəyə gələr və oxuculara təqdim edərik. Mən həm Azərbaycan Yazıçılar Birliyinin üzvü , həm Türk Dünyası Avrasiya Yazarlar Birliyinin üzvüyəm. Bununla bağlı müxtəlif konfranslarda ölkəmizi tanıtmağa cəhd edirik. Xüsusi ilə son dövrlərdə tarixi abidələrimizin qorunması, şəhərlərimizin bərbası ilə bağlı konfranslarda iştirak edirik. Növbəti aylarda da daha uğurlu layihələrlə çıxış edəcəyik. 

- Çoxşaxəli fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. 

- Çox təşəkkür edirəm