Müəllimlər nədə çətinlik çəkirlər? - Metodistlərin real müşahidələri

29 Yanvar, 2026 - 12:22
Müəllimlər nədə çətinlik çəkirlər? - Metodistlərin real müşahidələri

Son illər ümumi təhsil sistemində aparılan islahatlar çərçivəsində müəllimlərin peşəkar inkişafının dəstəklənməsi əsas prioritetlərdən birinə çevrilib. Bu məqsədlə bir sıra ümumi təhsil müəssisələrində “Müasir metodist” layihəsi tətbiq olunur. Layihə müəllimlərin tədris fəaliyyətində qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi, onlara metodiki dəstəyin göstərilməsi və nəticə etibarilə tədrisin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.

“Azərbaycan müəllimi” Şirvan-Salyan regionu üzrə fəaliyyət göstərən metodistlərlə həmsöhbət olaraq, onların müşahidələri əsasında müəllimlərin pedaqoji fəaliyyətində rast gəlinən əsas çətinlikləri, bu çətinliklərin hansı fənn və yaş kateqoriyalarında daha çox müşahidə olunmasını, eləcə də aradan qaldırılması yollarını araşdırıb.

Təhsil İnstitutunun Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə aparıcı metodisti, eləcə də Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseyin və Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin metodisti Günay Əbilova bildirir ki, müəllimlərin çətinlikləri əsasən dərsin planlaşdırılması, metodların seçimi və qiymətləndirmə mərhələlərində özünü göstərir.

Onun sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri dərsin məqsədinin aydın, ölçülə bilən və nəticəyönümlü şəkildə müəyyənləşdirilməməsidir. Bəzi müəllimlər dərsi əsasən mövzu üzərində qurur, lakin dərsin sonunda şagirdin hansı bilik, bacarıq və ya kompetensiyanı əldə etməli olduğunu əvvəlcədən dəqiq planlaşdırmırlar. Bu isə dərsin strukturunun zəifləməsinə, fəaliyyətlərin məqsədlə tam uyğunlaşmamasına və gözlənilən nəticələrin əldə olunmamasına səbəb olur.

Digər mühüm məqam metod və üsulların məqsədəuyğun seçilməsi ilə bağlıdır. Müəllim fənn üzrə biliklərə malik olsa da, dərs zamanı əsasən illərdir istifadə etdiyi, daha çox müəllim mərkəzli üsullara üstünlük verir. Nəticədə təşəbbüs müəllimin üzərində qalır, şagirdlər isə passiv dinləyici mövqeyində olur. Bəzi müəllimlər formalaşdırdıqları “rahat dərs modeli”ndən çıxmaqda çətinlik çəkir, müasir və şagirdyönümlü metodları riskli və ya əlavə yük kimi dəyərləndirirlər. Bu isə dəyişən təlim tələbləri ilə ayaqlaşmanı çətinləşdirir və şagird fəallığının azalmasına gətirib çıxarır.

Üçüncü istiqamət qiymətləndirmə və əks-əlaqə ilə bağlıdır. Günay Əbilova qeyd edir ki, bəzi müəllimlər qiymətləndirməni yalnız yekun nəticə kimi qəbul edir və təlim prosesi boyunca şagirdin irəliləyişini izləməyə kifayət qədər diqqət ayırmırlar. Formativ qiymətləndirmənin və inkişafetdirici əks-əlaqənin zəif tətbiqi şagirdin öz güclü və zəif tərəflərini dərk etməsinə, növbəti addımlarını planlaşdırmasına mane olur.

Metodistin fikrincə, bu çətinliklər konkret bir fənn və ya yaş qrupu ilə məhdudlaşmır. Problemlər həm humanitar, həm də dəqiq fənlər üzrə müşahidə olunur. Gənc müəllimlərdə daha çox praktiki təcrübə, sinif idarəetməsi və vaxt bölgüsü ilə bağlı çətinliklərə rast gəlinirsə, uzun illər çalışan müəllimlərdə bəzən yeniliklərə adaptasiya, çevik yanaşma və müasir metodların tətbiqi sahəsində müəyyən durğunluq müşahidə olunur. Lakin hər iki halda həlledici amil müəllimin öyrənməyə və peşəkar inkişaf prosesinə münasibətidir.

Günay Əbilova vurğulayır ki, bu çətinliklərin aradan qaldırılması üçün sistemli, mərhələli və davamlı metodik dəstək vacibdir. Dərs dinləmələrinin məqsədi müəllimi qiymətləndirmək deyil, onun güclü tərəflərini üzə çıxarmaq və inkişaf etdirilə bilən sahələri müəyyənləşdirməkdir. Əks-əlaqə dialoq şəklində qurulduqda müəllim dəyişikliklərə daha açıq olur. Metodik dəstək birgə dərs planlaşdırılması, nümunəvi dərs situasiyalarının müzakirəsi, uyğun metod və üsulların seçilməsi, eləcə də qiymətləndirmə meyarlarının aydınlaşdırılması yolu ilə həyata keçirilir.

Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində metodist kimi fəaliyyət göstərən Könül Qasımzadə də müəllimlərin fəaliyyətində müşahidə olunan çətinliklərin oxşar istiqamətlərdə cəmləndiyini bildirir. Onun sözlərinə görə, dərslərin ənənəvi, müəllim mərkəzli qurulması, şagird fəallığının aşağı səviyyədə qalması, planlaşdırma və qiymətləndirmə mərhələlərində uyğunsuzluqlar, İKT və resurslardan səmərəsiz istifadə geniş yayılmış problemlər sırasındadır.

Könül Qasımzadə qeyd edir ki, xüsusilə riyaziyyat fənni üzrə çalışan bəzi müəllimlərdə metodiki çətinliklər daha qabarıq şəkildə özünü göstərir. Bu, mövzuların abstrakt xarakteri və şagirdyönümlü yanaşmanın tətbiqində yaranan çətinliklərlə əlaqələndirilir. Yaş baxımından isə uzun illər fasiləsiz çalışan müəllimlərdə müasir metod və texnologiyalara adaptasiya problemi daha çox müşahidə olunur. Eyni zamanda gənc müəllimlərin bir qismində fənn bilikləri qənaətbəxş olsa da, sinif idarəetməsi və pedaqoji ünsiyyət bacarıqlarının zəifliyi nəzərə çarpır.

Metodistin fikrincə, bu çətinliklər daimi xarakter daşımır və düzgün yanaşma ilə aradan qaldırıla bilər. Fərdi inkişaf planlarının hazırlanması, dərs müşahidələri, konstruktiv geribildirim, metodiki məşğələlər və praktiki təlimlər müəllimlərin peşəkar inkişafında mühüm rol oynayır.

Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta məktəbdə metodist kimi çalışan Rasim Hüseynov isə bildirir ki, bəzi müəllimlərin fəaliyyətində müşahidə olunan çətinliklər daha çox humanitar və dil fənləri üzrə özünü göstərir. Onun sözlərinə görə, bu problemlərin yaranmasında dərsliklərin şagirdlərin yaş və bilik səviyyəsinə tam uyğun olmaması da müəyyən rol oynayır. Şagirdlərin mövzuları qavramaqda çətinlik çəkməsi müəllim üçün tədris prosesində əlavə maneələr yaradır.

Rasim Hüseynov qeyd edir ki, alt standartlar əsasında təlim nəticələrinin və qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməməsi, müasir təlim metodlarının və strategiyalarının tətbiqində çətinliklər də tez-tez rast gəlinən problemlər sırasındadır. Bu istiqamətdə təşkil olunan metodik görüşlər, fərdi əks-əlaqələr və müəllimlərlə sıx əməkdaşlıq tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir.

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə ümumilikdə 14 metodist fəaliyyət göstərir.