Müəllimlər üçün vergi və maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında təhsilalanların vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planının icrası davam edir. Plan çərçivəsində ümumi təhsil müəssisələrinin müəllimləri üçün seminarlar təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı, Şirvan və Xankəndi şəhərlərində “Vergi və maliyyə savadlılığının effektiv tədrisi” mövzusunda keçirilən seminarlarda 100-dən çox müəllim iştirak edib.
Seminarların məqsədi müəllimlərin vergi və maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, bu sahədə tədrisin səmərəliliyini artırmaq və şagirdlərdə vergi mədəniyyətinin formalaşmasına dəstək göstərmək olub.
Tədbirlərdə iştirakçılara vergi sisteminin mahiyyəti, vergilərin ölkənin iqtisadi inkişafında və ictimai xidmətlərin maliyyələşdirilməsində rolu, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi uçotuna alınma qaydaları, vergi növləri, vergi azadolmaları və güzəştləri barədə məlumat verilib. Eyni zamanda, vergi qanunvericiliyinin əsas tələbləri və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri izah olunub.
Müzakirələr zamanı şəxsi maliyyənin idarə edilməsi, gəlir və xərclərin planlaşdırılması, büdcənin formalaşdırılması və məsuliyyətli maliyyə qərarlarının qəbulu məsələlərinə də toxunulub. Vergi və maliyyə savadlılığının gündəlik həyatda əhəmiyyəti, bu biliklərin şagirdlərə aşılanmasının onların iqtisadi təfəkkürünün və praktiki maliyyə bacarıqlarının inkişafındakı rolu vurğulanıb.
İnteraktiv formatda keçirilən seminarlarda iştirakçıların sualları cavablandırılıb, vergi qanunvericiliyinin tətbiqi və maliyyə savadlılığının tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.




