Müəllimlərin peşəkar inkişafında oyunlaşdırmaya yeni baxış

29 İyun, 2026 - 09:46
Müəllimlərin peşəkar inkişafında oyunlaşdırmaya yeni baxış

Süni intellekt son illərdə müəllimlərin peşəkar inkişafı sahəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Məktəblər, universitetlər və təhsil sistemləri müəllimlərə süni intellektdən dərs planlaşdırması, qiymətləndirmə, təlim dizaynı və sinif praktikası üçün istifadə etməyi öyrətməyə çalışırlar. Bu istiqamətdə müxtəlif seminarlar, təlimlər və praktik məşğələlər təşkil olunur. Bu vəziyyət müəllimlərin peşəkar inkişafını yeni tələblərlə üz-üzə qoyur. Məhz bu məqamda oyunlaşdırma məsələsi aktuallaşır. Oyunlaşdırma təhsildə iştirak, motivasiya və davamlılığı artırmaq üçün geniş istifadə olunan yanaşmadır. O, öyrənmə prosesini daha maraqlı, davamlı və izlənilməsi daha asan etmək üçün oyunlara xas bəzi elementlərin təlim mühitinə uyğunlaşdırılmasıdır. 

Maraqlıdır ki, oyunlaşdırma şagird və tələbə öyrənməsində geniş yayılsa da, müəllimlərin peşəkar inkişafında hələ də nisbətən məhdud tətbiq olunur. Son tədqiqatlar göstərir ki, müəllim hazırlığında oyunlaşdırma ilə bağlı araşdırmalar hələ də azdır və bu sahədə yanaşmalar çox vaxt xal, nişan, səviyyə və liderlər cədvəli kimi ənənəvi oyun elementləri ilə məhdudlaşır. Bu vəziyyət mühüm bir sual doğurur: Oyunlaşdırma müəllimlərin peşəkar inkişafında necə qurulmalıdır ki, sadəcə iştirak yaratmasın, həm də peşəkar öyrənməni dəstəkləsin?

Ənənəvi oyunlaşdırma müəllim inkişafı üçün niyə kifayət etmir?

Qeyd etmək lazımdır ki, müəllimlər peşəkar inkişaf fəaliyyətlərində şagirdlərin formal təlimdə iştirak etdiyi səbəblərlə iştirak etmirlər. Onların məqsədi sadəcə yeni məlumat əldə etmək deyil. Peşəkar inkişaf müəllimdən tədris praktikasını yaxşılaşdırmağı, sinifdə qarşılaşdığı problemləri həll etməyi, yeni ideyaları qiymətləndirməyi və öz pedaqoji qərarlarını daha əsaslandırılmış şəkildə verməyi tələb edir.
Bu baxımdan mükafat yönümlü oyunlaşdırma müəllim peşəkar inkişafı üçün məhdud ola bilər. Bəzi araşdırmalar oyunlaşdırmanın iştirak və marağı artırdığını göstərsə də, digər tədqiqatlar zəif qurulmuş mükafat sistemlərinin səthi iştiraka səbəb ola biləcəyini vurğulayır. Belə hallarda iştirakçılar daha çox xal toplamağa, nişan qazanmağa və ya reytinqdə irəliləməyə yönəlir. Əsas öyrənmə məqsədləri isə arxa plana keçə bilər. Müəllim peşəkar inkişafında bu risk daha böyükdür. Çünki burada məqsəd qısamüddətli maraq yaratmaq deyil, sinif praktikasında düşünülmüş və davamlı dəyişiklik formalaşdırmaqdır.

Müəllim öyrənməsi fərqli motivasiya məntiqi tələb edir

Müəllimlərin peşəkar inkişafı ilə bağlı ədəbiyyat göstərir ki, effektiv peşəkar inkişaf adətən davamlı iştirak, fəal öyrənmə, əməkdaşlıq, məzmun yönümlülük və sinif praktikası ilə əlaqə kimi xüsusiyyətlərlə xarakterizə olunur. Bu da onu deməyə əsas verir ki, müəllimlər real peşəkar problemlər üzərində işləyərək öyrənirlər. Onların motivasiyası tədrisi yaxşılaşdırmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, həmkarları tərəfindən tanınmaq və tədris prosesinə töhfə vermək istəyi ilə bağlıdır. Buna görə də müəllimlər üçün motivasiya yalnız mükafatla deyil, real dərs praktikası, peşəkar inkişaf və həmkarlar tərəfindən tanınma ilə əlaqələndirilməlidir. Beləliklə, peşəkar inkişaf proqramlarında tətbiq edilən oyunlaşdırmada əsas məqsəd müəllimi yarışdırmaq deyil, onun peşəkar inkişafını daha aydın izlənən, rəyə əsaslanan və mərhələli prosesə çevirməkdir. 

Peşəkar oyunlaşdırma nədir?

Bu yazıda təklif olunan əsas anlayış peşəkar oyunlaşdırmadır. Peşəkar oyunlaşdırma müəllimlərin peşəkar öyrənmə reallıqlarına əsaslanan motivasiya dizaynı kimi başa düşülə bilər. Ənənəvi oyunlaşdırmadan fərqli olaraq, peşəkar oyunlaşdırma xalları, nişanları və liderlər cədvəlini öyrənmə prosesinin mərkəzinə qoymur. Onun əsas diqqəti müəllimin peşəkar inkişafını görünən edən mexanizmlərə yönəlir.
Bu anlayışı sadəcə “yaxşı peşəkar inkişaf”ın başqa adı kimi başa düşmək doğru olmaz. Peşəkar oyunlaşdırma peşəkar inkişafın məzmununu əvəz etmir. O, daha çox bu inkişafın necə təşkil olunduğuna diqqət yetirir. Yəni müəllimin irəliləyişi necə görünən edilir? Rəy necə davamlı və inkişafyönlü verilir? Peşəkar nailiyyət necə tanınır? Nümunəvi təcrübələr necə paylaşılır? Müəllimlər passiv iştirakçıdan real məhsul yaradan peşəkara necə çevrilir? Peşəkar oyunlaşdırma məhz bu suallara cavab axtarır.
Bu baxımdan peşəkar oyunlaşdırma müəllim öyrənməsinin üzərinə əlavə edilmiş səthi oyun elementi deyil. O, müəllim inkişafını mərhələli, izlənə bilən və peşəkar baxımdan mənalı edən dizayn məntiqidir. Burada məqsəd müəllimləri oyuna cəlb etmək deyil, onların peşəkar öyrənməsini daha davamlı və görünən etməkdir.

Peşəkar oyunlaşdırma bir neçə əsas elementdən ibarət ola bilər. Strukturlaşdırılmış irəliləyiş müəllimlərə sadə tapşırıqlardan daha mürəkkəb peşəkar fəaliyyətlərə doğru hərəkət etməyə imkan verir. Peşəkar tapşırıqlar müəllimlərdən passiv dinləyici olmağı deyil, real tədris materialları hazırlamağı tələb edir. Davamlı rəy müəllimlərin işlərini yenidən nəzərdən keçirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Həmkarlar tərəfindən tanınma nümunəvi praktikaları görünən edir. Əməkdaşlıq kollektiv öyrənmə mühiti yaradır. Fənnə uyğun iştirak isə təlimi müəllimin öz peşəkar konteksti ilə əlaqələndirir.

Bu yanaşmada sertifikat və tanınma sadəcə mükafat kimi başa düşülməməlidir. Onlar müəllimin göstərdiyi peşəkar inkişafı, hazırladığı işin keyfiyyətini və həmkarlarına verdiyi töhfəni görünən edən vasitələrdir. Beləliklə, müəllim yalnız iştirakçı deyil, həm də öyrənən, yaradan, düşünən və öz təcrübəsini başqaları üçün nümunəyə çevirən peşəkar kimi qəbul olunur.

Süni intellekt dəstəkli peşəkar inkişaf proqramından nümunə

Peşəkar oyunlaşdırma anlayışı süni intellekt və düşünmə yönümlü tədrisə həsr olunmuş altı həftəlik peşəkar inkişaf proqramının hazırlanması zamanı formalaşmışdır. Proqramın məqsədi müəllimlərə yalnız süni intellekt alətlərindən istifadə etməyi öyrətmək deyildi. Əsas məqsəd bu alətləri dərs planlaşdırması, pedaqoji düşünmə, qiymətləndirmə və refleksiya ilə əlaqələndirmək idi.

Proqrama ilkin mərhələdə 140 müəllim qeydiyyatdan keçmişdir. Orientasiya sessiyasından və bir həftəlik qərar müddətindən sonra 80 müəllim iştirak etməyi seçmiş, 60 müəllim isə proqramı tamamlamışdır. Bu proses göstərirdi ki, iştirak məcburi deyil, müəllimlərin öz qərarı əsasında qurulmuşdu.

Bu proqram klassik mənada oyunlaşdırılmış təlim deyildi. Burada müəllimlər xal toplamır, nişan qazanmır, reytinqdə yarışmırdılar. Oyunlaşdırma daha çox proqramın quruluşunda özünü göstərirdi: müəllimlər mərhələlərlə irəliləyir, hər mərhələdə konkret peşəkar tapşırıq yerinə yetirir, rəy alır və hazırladıqları işi yenidən təkmilləşdirirdilər. Beləliklə, iştirak sadəcə dərsdə olmaqla deyil, görülən işin keyfiyyəti və inkişafı ilə ölçülürdü.

Proqramın əsas mexanizmlərindən biri həftəlik peşəkar tapşırıqlar idi. Müəllimlər düşünmə yönümlü dərs planları hazırlayır, süni intellektin yaratdığı materialları pedaqoji baxımdan qiymətləndirir və onları öz fənn kontekstlərinə uyğunlaşdırırdılar. Bu proses müəllimləri passiv dinləyici olmaqdan çıxarır, onları real dərs materialı hazırlayan və öz qərarlarını əsaslandıran iştirakçılara çevirirdi.

Davamlı rəy proqramın digər mühüm hissəsi idi. Rəy yalnız səhvləri göstərmək üçün verilmirdi. O, müəllimə işinin hansı hissəsinin güclü, hansı hissənin yenidən düşünülməli olduğunu və növbəti mərhələdə nəyi yaxşılaşdıra biləcəyini göstərirdi. Bu baxımdan rəy müəllim üçün irəliləyiş hissi yaradırdı. Müəllim motivasiyanı xal toplamaqdan deyil, öz işinin getdikcə yaxşılaşdığını görməkdən alırdı.

Nümunəvi işlərin paylaşılması da proqramda mühüm rol oynayırdı. Seçilmiş dərs planları və təlim nümunələri iştirakçılarla paylaşılırdı. Bu, müəllimlərə yaxşı hazırlanmış işin necə göründüyünü konkret nümunələr əsasında anlamağa kömək edirdi. Burada liderlər cədvəli yox idi, amma yaxşı təcrübənin tanınması var idi. Bu tanınma müəllimləri rəqabətə deyil, daha keyfiyyətli iş hazırlamağa və bir-birindən öyrənməyə yönəldirdi.

Müxtəlif fənlərdən olan müəllimlərin ayrı sessiyalarda işləməsi də proqramın mühüm tərəfi idi. Bu, verilən nümunələrin və rəylərin müəllimlərin öz fənn sahələrinə uyğunlaşdırılmasına imkan yaradırdı. Beləliklə, proqram ümumi texnoloji təlim kimi deyil, müəllimin real dərs konteksti ilə bağlı peşəkar inkişaf prosesi kimi qurulurdu.

Proqramın sonunda beş müəllim “Ustad müəllim” adına layiq görüldü. Bu ad onlara sadəcə iştirak etdiklərinə görə verilmədi. Onlar süni intellektdən texniki alət kimi yox, pedaqoji məqsədləri dəstəkləyən vasitə kimi istifadə etdilər. Düşünmə yönümlü dərs planları hazırladılar, süni intellektin yaratdığı materialları tənqidi qiymətləndirdilər, rəy əsasında işlərini təkmilləşdirdilər və digər müəllimlər üçün öyrənmə nümunəsi yaratdılar. 

Bu proqram peşəkar oyunlaşdırmanın effektivliyini sübut edən yekun dəlil kimi təqdim olunmur. Bunun üçün ayrıca tədqiqat aparılmalıdır.

Nəticə

Ənənəvi oyunlaşdırma daha çox şagird və tələbə öyrənməsi üçün formalaşıb. Müəllim öyrənməsi isə fərqli motivasiya məntiqi tələb edir. Burada əsas olan xal toplamaq, nişan qazanmaq və ya liderlər cədvəlində irəliləmək deyil. Əsas olan müəllimin peşəkar inkişafını görünən etmək, onun pedaqoji qərarlarını gücləndirmək və həmkarları ilə birlikdə daha mənalı öyrənmə mühiti yaratmaqdır. Peşəkar oyunlaşdırma bu baxımdan faydalı bir yanaşma ola bilər. O, oyunlaşdırmanı müəllim peşəkar öyrənməsinin prinsipləri əsasında yenidən şərh edir və diqqəti xarici mükafatlardan görünən peşəkar inkişafa yönəldir. Bu yanaşma müəllimləri oyuna cəlb etməkdən daha çox, onların peşəkar öyrənməsini mərhələli, rəyə əsaslanan və tanınan proses kimi təşkil etməyə yönəlir. Süni intellekt dövründə müəllim peşəkar inkişafının uğuru yalnız texnologiyanın necə öyrədilməsindən deyil, müəllimlərin bu texnologiya ilə necə düşündüyündən, necə qərar verdiyindən və öz peşəkar praktikasını necə inkişaf etdirdiyindən asılı olacaq.

Murad Əliyev,
Pekin Pedaqoji Universiteti Rəqəmsal Təhsil Resursları Mərkəzinin tədqiqatçısı