“Müəllimlik cinslə deyil, məsuliyyət və fədakarlıqla ölçülür” – İbtidai sinif müəllimi 

26 Fevral, 2026 - 15:39
“Müəllimlik cinslə deyil, məsuliyyət və fədakarlıqla ölçülür” – İbtidai sinif müəllimi 

Cəmiyyətin gələcəyi ibtidai sinif otaqlarında formalaşır. Hərflərin ilk dəfə səsləndiyi, rəqəmlərin məna qazandığı, vətən anlayışının ürəklərdə cücərdiyi o məkanlarda müəllimin rolu danılmazdır. 

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi məhz bu məsuliyyətli missiyanı illərdir sədaqətlə yerinə yetirən pedaqoqlardan biri, Cəlilabad rayonunun Həsənli kənd ümumi orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Məhərrəm Bağırovdur. 

Məhərrəm müəllim 1989-cu ildə Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə Cəlilabad rayon 7 nömrəli orta məktəbi bitirərək təhsilini Astara Pedaqoji Texnikumunda davam etdirib. 2001–2006-cı illərdə Cəlilabad Rayon Uşaq İncəsənət Məktəbində “Tar” ixtisası üzrə təhsil alıb. 2008-ci ildə keçirilən “Xəmsə” intellektual müsabiqəsinin qalibi olub. 2009-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə yollanıb və layiqli xidmətə görə Fəxri fərmanla təltif olunub. 2011-ci ildən Cəlilabad rayonunun Həsənli kəndində müəllimlik fəaliyyətinə başlayıb və hazırda həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü olan müəllim pedaqoji fəaliyyəti dövründə “İbtidai təhsil səviyyəsində yeni kurikulumun tədrisi”, “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi”, “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”, “İnklüziv təhsil” və “İKT bacarığı” kimi xüsusi təlimlərdə fəal iştirak edərək sertifikatlar alıb. Gənclik illərində poeziya həvəskarı olub, şeirləri müxtəlif mətbu orqanlarında yayımlanıb. 2018-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının təsis etdiyi “Qızıl qələm” media mükafatına layiq görülüb. 

“Dərslərində şagird passiv dinləyici deyil, fəal iştirakçıdır”

“İbtidai sinif müəllimliyini adətən qadınlar seçir” kimi yanlış fikirlər dolaşır cəmiyyətdə, o, müəllimlik yolunu seçməsini belə izah edir: “İbtidai sinif müəllimliyini seçməyimdə əsas amil uşaqlara olan sevgim və onların təməl biliklərinin formalaşmasında rol oynamaq istəyim olub. Məncə, müəllimlik cinslə deyil, məsuliyyət və fədakarlıqla ölçülür. Mənim öz ibtidai sinif müəllimim illər öncə vəfat etmiş Şakir adlı müəllim olub. Onun mənim üzərimdə zəhməti ödənilməzdir. Bu sahəni seçməyimdə əsas motivlərdən biri də odur”.

İllər keçdikcə təhsil mühiti dəyişib, proqramlar yenilənib, qiymətləndirmə sistemi təkmilləşib, texnologiyalar sinif otaqlarına daxil olub. Məhərrəm müəllim bu yenilikləri yaxından izlədiyini bildirir:

“Uzun illər ərzində tədris proqramlarında, qiymətləndirmə sistemində və texnologiyaların tətbiqində ciddi yeniliklər müşahidə etmişəm. Dəyişikliklərə uyğunlaşmaq üçün daim öz üzərimdə işləyir, təlim və seminarlarda iştirak edirəm. Rəqəmsal texnologiyaların ibtidai təhsildə tətbiqi şagirdlərin marağını artırır, onların informasiyanı daha sürətli və effektiv mənimsəməsinə kömək edir, eyni zamanda müasir bacarıqlarının formalaşmasına şərait yaradır. Buna görə də dərs prosesində daim müasir texniki vasitələrdən, onların imkanlarından istifadə edirəm”.

İbtidai təhsildə oxumağa marağın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Müəllim bildirir ki, onun dərslərində şagird passiv dinləyici deyil, fəal iştirakçıdır:

“Dərslərimdə fəal təlim metodlarından, qrup işlərindən, müzakirə və təqdimatlardan istifadə edirəm. Bu üsullar şagirdlərin fəallığını və marağını artırır. Oxumağa maraq yaratmaq üçün nağıl saatları, rollu oyunlar, mükafatlandırma sistemi və motivasiyaedici tapşırıqlara üstünlük verirəm. Məntiqi və yaradıcı düşüncəni inkişaf etdirmək üçün məntiqi suallar, yaradıcı yazı tapşırıqları, problem həlli çalışmaları və layihə işləri təşkil edirəm”.

“Milli-mənəvi dəyərlərin aşılanması sinifdənkənar tədbirlərdə də həyata keçirilməlidir”

Məhərrəm müəllim milli-mənəvi dəyərlərin aşılanmasını dərs çərçivəsindən kənarda də davam etdirilməli olduğunu vurğulayır: “Milli-mənəvi dəyərlərin aşılanması dərslərdən əlavə sinifdənkənar tədbirlərdə də həyata keçirilməlidir. Bayramlarla bağlı tədbirlər, ədəbi-bədii kompozisiyalar və daim vətənpərvərlik mövzularında söhbətlər təşkil edirəm”.


Fərqli səviyyəli şagirdlərlə işləyərkən isə fərdi yanaşmanı əsas götürən müəllim valideynlərlə əməkdaşlığı təhsildə uğurun əsas şərtlərindən biri kimi dəyərləndirir: “Fərqli səviyyəli şagirdlərlə iş zamanı diferensial tapşırıqlardan istifadə edirəm. Nəticə əldə etməyin yolu valideynlərlə düzgün münasibət qurmaqdan keçir. Valideynlərlə mütəmadi görüşlər keçirir, onların fikirlərini dinləyir və birgə fəaliyyət planı qururam. Uşağın inkişafında valideyn–müəllim əməkdaşlığı həlledici rol oynayır”.

Müəllim bildirir ki, onun üçün müəllim əməyinin ən böyük mükafatı şagird uğurudur: “Ən böyük qürur mənbəyim şagirdlərimin uğurları və onların sonrakı təhsil pillələrində əldə etdikləri nailiyyətlərdir”.


Təhsilin inkişafı ilə bağlı fikirlərində də müəllim məsuliyyətini ön plana çəkir: “Bu gün ölkəmizdə ibtidai təhsilin inkişafı üçün müəllimlərin peşəkar inkişafının gücləndirilməsi, müasir təlim metodlarının tətbiqi və tədris resurslarının zənginləşdirilməsi prioritet istiqamətlər hesab olunmalıdır. Kənd məktəblərində təhsilin keyfiyyətinin artırılması üçün müəllimlərin davamlı təlimlərə cəlb olunması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi vacibdir. İnkişaf üçün müəllim  öz üzərində davamlı işləməlidir. Gənc həmkarlarıma daim öz üzərlərində işləməyi, səbirli və ədalətli olmağı, hər bir şagirdə sevgi və diqqətlə yanaşmağı tövsiyə edərdim”.

Hər bir kənd məktəbində gələcəyin təməli böyük zəhmət və fədakarlıqla qoyulur. Bu təməli möhkəm edənlər isə Məhərrəm müəllim kimi işinə sevgi və məsuliyyətlə yanaşan pedaqoqlardır. Belə müəllimlərin əməyi cəmiyyətin sabahına qoyulan ən qiymətli sərmayədir.